Başlandığı yerdən hesablanmalı tarix Rafael Hüseynov yazır

30.01.2026

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hər yol başlanğıcdır, hər yol mütləq hansısa hədəflərə, hansısa məqsədlərə doğru aparır və bu da yeni zaman içərisində millətin taleyindən keçən yollardan biri idi. Həmin yaşı çox yolun başlanğıcı indi xeyli uzaqdadır və zamanın sisinə-dumanına bürünmüş o başlanğıcı doğru görə bilməkçün şahidlərə ehtiyac var.

Az qala bir əsr öncə baş vermişlərin bu gün doğru mənzərəsini canlandırmaqçün hər yeni günün vacib xəbərlərini izləyən qəzetlərdən etibarlı hansı şahid ola bilər ki! Azərbaycan Teatr Muzeyinin yaşı indi rəsmən 1934-cü ildən hesablanır. Bu mötəbər şahidsə təsdiqləyir ki, yox, elə deyil, əsl tarix və gerçək başlanğıc daha keçmişdədir. Bu şahidin sözünə inanmamaq və doğruluğunu qəbul etməmək mümkünsüzdür. Bu saralmış qəzetdə vaxtın saatı 1927-ci il noyabrın 4-nü göstərir. Azərbaycanın bir nömrəli rəsmi qəzeti olan "Kommunist" həmin gün Teatr muzeyinə ayrıca məqalə həsr etmişdi və Xəlil İbrahimin (1892-1938) "Teatr muzeyi" adlı yazısı yaxın günlərdə baş verəcək açılışdan xəbər verirdi. Məqalənin altında sadəcə "Xəlil" yazılsa da, bu müəllifin həmin dövrdə ən fəal qələm sahiblərindən Xəlil İbrahimin olmasına şübhə yoxdur.

Məqalə yaxın günlərdə baş verəcək fərəhli hadisənin ilk müjdəsi kimi idi.

Xəlil İbrahim belə yazırdı: "Çoxdan bəri düzəlməsi haqqında danışılan Azərbaycan Teatr Muzeyi artıq bir həqiqətdir. "Həqiqətdir" - quru söz deyil. Bu vaxtacan əməli bir çox işlər də görülmüşdür. Və bunun üçün müəyyən smeta olmadığı halda, müəyyən para buraxılmadığı halda təşkilat işlərinin dörddə üç hissəsi artıq görülmüş, bir çox əl yazıları, şəkillər, maketlər, afişa, proqram və sairələr toplanmışdır. Bu saat bizim muzəmiz Gürcüstan Dövlət Muzeyindən zəngindir. Bu saat bizim muzə neçə ildən bəri açılmış olan Ukrayna Dövlət Muzeyinə yaxınlaşır. Bu sürətlə danışıqlar, yazılar quru, boş qalmamış, böyük işlər də görülmüşdür. Dünən bütün Bakı teatrları, İncəsənət Xadimləri İttifaqları və mətbuat tərəfindən bir çox nümayəndələr və bəzi ədiblərin iştirakı ilə Teatro muzesinin rəsmi açılışı və gələcəyi məsələsi həll edilirdi".

Bu yerdə bir anlığa Xəlil İbrahimin sətirlərindən ayrılıb dəqiqləşdirirəm - dünən, yəni 1927-ci il noyabrın 3-də. İqtibas uzun alınsa da, çatdırdıqlarının fövqəladəliyini, tarixi yanlışı islah etməyə yardım göstərməsini nəzərə alaraq şahidin sözünü kəsmirəm: "Geniş mədəni inkişaf imkanını bizə ancaq Oktyabr inqilabı vermiş olduğu üçün, şübhəsiz, böyük bir mədəni sərvət və müəssisə olan Teatro muzesinin açılması da, şübhəsiz, oktyabrın onilliyi bayramı ilə məbud olmalıdır. Ona görə açılış mərasimi noyabrın yeddisinə təyin edilərək təşkilat komisyonu (üç nəfər) seçilmişdir. Uzun müzakirəyə bais olan yeganə məsələ muzənin hanki büdcədən və kimin xərcinə saxlanması məsələsidir. Lakin bu vaxtacan muzey rəsmən mövcud olmadığından Xalq Maarif Komissarlığı büdcəsində muzə maddəsinin olmamasını nəzərə alaraq muzə ictimai bir təşkilat olmalı, onu cəmiyyət, yəni teatr ilə əlaqədar müəssisələr saxlamalıdır deyənlər, bizcə, haqlı deyildirlər. Dövlət muzəsi ictimai təşkilatdır. Muzeyə bütün ictimai qüvvələr yardım etməlidirlər. Hər kəs də teatroya aid nə material varsa, muzeyə verməlidir. Bütün teatrolar, bütün İncəsənət Xadimləri İttifaqı, bütün artistlər, ədiblər, həvəskarlar və mətbuat xadimləri material vermək, təbliğat aparmaq və sair surəti ilə var qüvvələri ilə muzeyə yardım etməli, tərəqqi və inkişafına çalışmalıdırlar. Fəqət bunların hamısı ilə bərabər Oktyabr inqilabının bizə verdiyi mədəni nemətlər, feyzlər arasında çox mühüm bir mövqe tutan teatro muzəsi, heç şübhəsiz, əsas etibarilə dövlət muzəsidir və dövlət büdcəsində olmalıdır. Xalq Maarif Komissarlığı büdcəsində muzey məxarici yoxsa, əlbəttə, smetadan birdəfəlik pul buraxa bilər. Muzənin xərci çox deyildir. Bu il Maarif Komissarlığı birdəfəlik bir məbləğ buraxar. Teatrolarımız və İncəsənət Xadimləri İttifaqı da hər cəhətdən yardım edər. Bütün ədib, aktyor və həvəskarlarımız da əldə olan materialı verər. Mətbuat orqanları da öz öhdələrinə düşən vəzifəni ifa edər. Bunların hamısı nəticəsində muzəmiz daha zənginləşər, möhkəmləşər və 28-29-cu təsərrüfat ili üçün büdcə tərtib edərkən Maarif Komissarlığı bu maddəni smetasına daxil edər. Əsas etibarilə məsələ qoyulmalıdır. Təşkilat iclasında uzun müzakirələrdən sonra məsələnin bu ruhda qərarlaşdırılması da ən doğru bir nöqteyi-nəzərdir".

Xəlil İbrahimin bu yazısından azacıq sonra isə, Dadaş Bünyadzadə adına Dram Teatrının binasında sorağı öncədən verilmiş həmin hadisənin sevinci yaşanmışdı. Bunu isə artıq 1927-ci il noyabrın 12-də çıxan "Kommunist" qəzeti xəbər verirdi ki, Teatr muzeyinin açılışı oldu və əvvəlcə muzeyin müdiri Ağakərim Şərifov (1899-1942) məruzə etdi.

Hər yeni cümlədə "muzey" kəlməsi təkrarlanır. Yəni açıqca vurğulanır ki, açılışı keçirilən heç də hansısa sərgi, ya ona bənzər bir təqdimat deyil, məhz Teatr muzeyidir: "Teatr muzeyinin açılışında Azərbaycan Həmkarlar İttifaqı Şurası tərəfindən Yaqub Abdinov, İncəsənət İşçiləri İttifaqından Məhəmməd Hənəfi Terequlov (1877-1942 - R.H.), Tbilisidən Mirzəli Abbasov (1874-1943 - R.H.), aktyorlardan Yusif Yulduz (Yusif Seyfulla oğlu Əliyev; 1905-1979 - R.H.), Alma xanım, habelə Üzeyir Hacıbəyov (1885-1948 - R.H.), Brender, Kazım Ziya (1896-1956 - R.H.), Mirseyfəddin Kirmanşahlı (1892-1933 - R.H.), Əbdürrəhim bəy Haqverdiyev (1870-1933 - R.H.), Əsəd Tahir iştirak etmişlər".

Belə sübutlar, o açılışda iştirak etmiş belə məşhur şahidlər varsa və onların həmin şad mərasimə qatılmağı bunca mötəbərliklə tarixləşdirilibsə, niyə Teatr muzeyinin başlanğıc tarixini elə məhz 1927-ci ilin noyabrından götürməyək?!

Bir vaxtlar Azərbaycan kinosunun da tarixini 1916-cı ildən - "Neft və milyonlar səltənətində"n başlayırdılar. Hərçənd köhnə mətbuat Bakıda hələ 1898-ci ildə yerli kinosüjetlərin çəkilməsindən xəbərləri çatdırmaqdaydı. Yaxşı ki, həmin lentlər tapıldı da və kino tariximizin dünya kinosundan vur-tut 3 il sonra - 1898-dən başlanması da qəbul edildi.

Başqaları olmayan yerdən özünə daha əski tarix quraşdırmaq yolunda vurnuxur, biz niyə olanımızın yaşını özümüz azaldırıq?!

1882-ci ildə Hacı Zeynalabdin Tağıyev Bakı Şəhər Dumasına ilk teatr binasını ucaltmaq istəyilə müraciət edir. Razılıq verilir və tezliklə tikinti işlərinə başlanılır. Növbəti ildə artıq Bakıdakı ilk teatr binası hazır idi və Azərbaycanın həyatında 1883-cü ildə relsləri üzərindən ilk qatarlar keçmiş Bakı-Tiflis dəmir yolu cəmiyyət həyatından ötrü nə qədər əlamətdar və müsbətə doğru dəyişdirici idisə, o il noyabrın 27-də birinci milli teatr mülkünün istifadəyə verilməsi də o qədər diqqətəlayiq idi. Hacı Zeynalabdin Tağıyev ağıllı, uzaqgörən adam idi. Teatrın yerləşməsi üçün məhz II Aleksandr Sahili prospektini - indiki Neftçilər prospektini seçməsi təsadüfi deyildi. Bura Bakının mərkəzi prospekti idi. 1860-cı illərdən orada buxar gəmiləri və körpülər tikən məşhur "Qafqaz və Merkuri" şirkəti yerləşirdi. Bu prospektin mərkəziliyinin bir dəlili də o idi ki, qubernatorun iqamətgahı burada qərar tuturdu. O çağlarda "Qafqaz və Merkuri" tək Bakının deyil, Qafqazın əsas ticarət, xarici əlaqələr mərkəzlərindən biri idi. Yəni bura çox get-gəlli bir yer idi və teatr üçün də ovaxtkı Bakıda daha münasib məkan təsəvvür etmək olmazdı.

1899-cu ilin 20 noyabrında Tağıyev teatrının səhnəsində ilk tamaşanın oynandığı gündən xeyli əvvəl "Kaspi" qəzeti belə bir açılışın olacağını xəbərini yaymışdı və ilk tamaşa günündən sonra da növbəti yazısını dərc etmişdi ki, orada tamaşanın anşlaqla keçdiyi vurğulanırdı. Qapılarını tamaşaçı üzünə açdığı ilk gündən ağzınacan dolu Tağıyev teatrını belə qələbəlik sonra onillər boyu həmişə müşayiət elədi.

Ancaq bir-birinin ardınca xoşbəxt, sevincli günlərin yaşandığı bu binanın qismətində kədərli çağlar da olmuşdu.

1899-cu ildə Tağıyev teatrında yanğın baş verir. Alov binanı əvvəldən-axıracan közə döndərir. Ancaq Tağıyev bütün gücünü səfərbər edir, bircə ilin içərisində teatrı bərpa edir. Teatr növbəti ildə yenidən tamaşaçı qəbul edə bilir. Lakin 1908-ci ilin 12 yanvarında bəlkə də Tağıyev teatrının həyatındakı ən bəxtəvər gündən - "Leyli və Məcnun" operasının ilk tamaşasından bircə il ötüncə binanı yenə bədbəxtlik basır - 1909-cu ildə Tağıyev teatrı yenə alovlanır. Yanğın bu dəfə əvvəlkindən də dəhşətli qopur. Ayrı sahibkar bəlkə də ruhdan düşərdi, Tağıyevsə yenə dayanmır, bütün diqqətini yaralı binanın bərpasına yönəldir və bu dəfə də bircə ilə işləri tamamlayır. Ancaq 1909-cu ilə qədər - həmin yanğınacan teatra, sənətə çox bağlı olan Tağıyev öz idarəsini də burada yerləşdirmişdisə də, ikinci yanğından sonra dəftərxanasını başqa yerə köçürür. Fəqət zavallı binanın aqibətində digər yanğın da varmış. O yanğın 1918-ci ildə törədiləcək. Əvvəlki yanğınların səbəbi təsadüflər idisə, bu səfər faciədə şeytan barmağı vardı. Bakıda 1918-ci ilin mart qırğınlarında, Azərbaycan xalqına qarşı törədilən erməni soyqırımları əsnasında Tağıyev teatrı növbəti dəfə yanır. Ancaq bu dəfə binanın bərpa edilməsi əvvəlki çağlara nisbətən xeyli illər çəkir.

1909-cu ildə Tağıyev teatrında baş verən ikinci yanğından sonrakı bərpa, təmir işləri elə aparılmışdı ki, bunun bəhrəsini tamaşaçılar da, aktyorlar da görmüşdü. "Günəş" qəzeti 1910-cu ilin martında yazırdı ki, artıq Tağıyev teatrı 1700 tamaşaçı tutur, səhnə də bir qədər genişlənib. Ancaq həmin elə 1910-cu ilin martında "Molla Nəsrəddin" jurnalının növbəti sayı çıxmışdı və orada bir karikatura dərc edilmişdi. Gözü yaşlı Hüseyn Ərəblinski deyir ki, səhnədə faciələri o qədər oynadım, axırı həmin bəla öz başıma da gəldi".

Bu qəmli səhifəni bir daha ona görə yada salırıq ki, 1918-ci ildə teatr yanandan sonra bir neçə il səhnənin dayanması, tamaşaçıların sevimli ünvandan məhrum olması Bakının teatr həyatı və mənəvi aləmində ciddi boşluq yaratdı. Cümhuriyyət dövrü keçib getdi, bolşeviklər gəldi. Daha Tağıyev yox idi ki, canfəşanlıqla qolunu çırmalayıb işə girişsin, məsrəfin nəqədərliyinə bənd olmadan bərpanı tezcə yekunlaşdırsın. Tağıyev olmağına hələ vardı, ancaq gücü əlindən alınmışdı, nəyi var müsadirə etmişdilər və hətta dolanışığını güc-bəla yoluna qoya bilməkçün hökumətə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdı.

Yalnız 1922-ci ildə Şura hökuməti qət edir ki, Tağıyev teatrı bərpa olunsun. 1923-cü ilin mətbuatı Tağıyev teatrının bərpadan sonra təzədən istifadəyə verilməsi haqqında yazılar dərc edib. Təbii ki, yeni quruluş və təzə siyasət artıq Tağıyevin adını teatrın üstündən götürmüşdü. Teatr olmuşdu Dadaş Bünyadzadə adına. Amma camaatın dilinə hökm etmək müşkül idi. Xalq həmin mülkə elə əvvəllərdə olan sayaq, əsl sahibini unutmayaraq "Tağıyev teatrı" deməkdə davam edirdi.

Sovet hökuməti və siyasəti abırsız və qansız idi, lakin onun milli kommunistləri arasında sonacan öz əxlaqına uyğunlaşdıra bilmədikləri hələ çox idi (istifadə edəndən sonra bircə-bircə onların da axırına çıxacaq), insaf-mürüvvət hələ ürəklərdə qalmaqda idi. Əxlaqın hələ axıracan pozulmamasının nişanəsi də budur ki, 1923-cü ildə artıq Dadaş Bünyadzadə adına olan Azərbaycan Dövlət Türk Dram Teatrının açılışı keçiriləndə açılış mərasiminə Hacı Zeynalabdin Tağıyevi də dəvət etmişdilər, həmin gün səhnədən Hacı haqqında çox isti sözlər də səslənmişdi. O dövrün mətbuatında Hacı Zeynalabdin Tağıyevin də minnətdarlıq qarışıq sözləri qalıb. Deyir ki, bu gün mənim də əməklərimin unudulmadığından, Dadaş Bünyadzadə adına teatrda keçirilən bayramda bu işin ilk pionerlərindən biri kimi yad edilməyimdən çox mütəəssir oldum.

1923-cü ilə qədər Azərbaycanda Tanrının fitri istedad bağışladığı fədakar aktyorlar özləri özlərini yetişdirmişdilər. Teatr təhsili almaq üçün, səhnə mədəniyyətini kitabla, elmlə öyrənməkçün üz tutası ünvan yox idi. 1923-də Azərbaycanda ilk Teatr Texnikumu yaranır və şöhrətli opera müğənnisi Şövkət Məmmədova (1897-1981) ora direktor təyin edilir. Direktorun müavini vəzifəsi isə Ağakərim Şərifova verilir.

Ağakərim teatrla bağlı bir ailənin övladı idi və Azərbaycan teatrının tarixində, Azərbaycan mənəviyyatı və mədəniyyətində mühüm yer tutacaq Teatr muzeyinin yaranması da elə onun ideyası idi. Ağakərim Şərifov Teatr Texnikumunda çalışdığı vaxtlarda artıq bu arzu onun ürəyində yetişmişdi. Hətta xatirələrdən bu da bəlli olur ki, daha əvvəllərdə, Hüseyn Ərəblinskinin vəfatından sonra Ağakərim Şərifov çox narahatmış ki, Ərəblinski ilə bağlı qiymətli yadigarlar qatmaqarışıqlıqda itib-bata bilər. Ərəblinskinin müəyyən rolları oynayarkən istifadə etməkçün məxsusi düzəltdirdiyi tacı və tikdirdiyi libasların ardınca olur. Aktyorun anası Pəri xanım da vəfat etdiyindən Ərəblinskinin bacısını arayır, itə biləcəyindən nigaran qaldıqlarını əldə edir və üstündən zaman keçəndən sonra Ağakərim Şərifovun yaratdığı Azərbaycan Teatr Muzeyində bunlar da ən əziz saxlanclar kimi yerini tapır.

1923-cü ildə Ağakərim Şərifov Teatr Texnikumundakı tələbələrini təcrübə keçməkçün Moskvaya aparıbmış. Moskvada o zamanlar teatr ictimaiyyətinin yaxşı bələd olduğu məşhur muzey vardı - onu illər boyu çəkdiyi gərgin zəhmətlər, əsirgəmədiyi geniş səxavət və sonsuz sevgi ilə rus zənginlərindən olan mesenat Aleksey Aleksandroviç Baxruşin (1865-1929) yaratmışdı. Ağakərim tələbələrini muzeyə gətirir, baxırlar, heyran qalırlar, könüllərindəki teatr, səhnə aşiqliyi bir az da artır, ancaq tələbələrindən daha artıq vəcdə gələn elə Şərifovun özü olur. Çünki o, Azərbaycanda da buna bənzər bir teatr muzeyi qurmaq istəyilə çırpınırdı. Təbii, Baxruşinin əlində olan imkanlar Ağakərim Şərifovda yoxdu. Ancaq Ağakərim Şərifovda Baxruşindən onqat artıq sevgi vardı.

Sözümüzün canı odur ki, hələ 1920-ci illərdən də qabaq sevdasına düşdüyü, xəyallarında qurduğu, gələcək ekspozisiyasından ötrü materiallar topladığı Teatr muzeyi elə 1920-ci illərdə artıq yalnız düşüncə və kağız üzərində yox, elə gerçəkdə də vardı, Tağıyev teatrının binasında üçüncü qatdakı məhz bu məqsədlə ayrılan məkanda fəaliyyətə başlamışdı. Bu da daşdan keçən danılmaz əşya-yi dəlil: "Kommunist" qəzetinin 1927-ci il 12 noyabr sayında çıxan məqalə. Yazı "Akademik Teatrındakı təntənəli açılışlar" adlanır və həmin günün mənzərəsini belə canlandırır: "Böyük Oktyabr inqilabı münasibətilə ayın yeddisində Dövlət Akademik Teatrında Teatr Muzeyinin rəsmi surətdə təntənəli açılışı oldu. Yığıncağı teatrın müdiri Hacıağa Abbasov (1888-1975 - R.H.) açaraq ilk sözündə muzənin nə kimi əhəmiyyəti olduğunu və ümumiyyətlə, Teatro muzəsinin nə cür təşkil edildiyini qısaca olaraq qeyd etdi. Rəyasət Heyəti seçildikdən sonra muzeyin təşkilatçısı Ağakərim Şərifov muzənin təşkilatı haqqında ümumi məlumat verdi. Azərbaycan Həmkarlar İttifaqı Şurası Rəyasət Divanı tərəfindən Abdinov Yaqub, İncəsənət İşçiləri İttifaqı tərəfindən Terequlov, Tiflis Türk Teatrosu aktyorları tərəfindən göndərilmiş nümayəndə Mirzəli Abbasov, "Qızıl qələm" cəmiyyəti adından Cabbar əfəndi, Türk Akademik Teatrosu aktyorları tərəfindən Yusif Yulduz, Alma xanım, Əsəd Tahir, əziz Üzeyir Hacıbəyli (Qulam Məmmədli bu yazını tam olmayaraq xülasə edərək özünün teatr salnaməsinin ikinci cildində vermişdir və orada Üzeyir Hacıbəyov yazır. Qəzetdə isə "Üzeyir Hacıbəyli" göstərilmişdir. Yəni bir çoxlarının bu gün iddia etdiyi kimi, guya Üzeyir Hacıbəyli elə həmişə "Üzeyir Hacıbəyov" yazılmışdır, doğru deyildir. Adətən rusca yazılarda "Hacıbəyov" yazılır və bu, 1930-cu illər mətbuatına xasdır. Bir növ familiya da tərcümə edilirdi: Azərbaycan dilində yazanda "Hacıbəyli", bəzi soyadlarda "zadə" göstərilir, ruscada isə hətta soyadı da tərcümə edir, "ov", "yev" kimi verirdilər. Üzeyir Hacıbəyli elə bu yazıda da məhz "Hacıbəyli" kimi göstərilmişdir - R.H.), Brender, Kazım Kirmanşahlı, Əhmədov və sairə yoldaşlar təbrik nitqləri söylədilər. Teatro Texnikumu muzeyin təşkilatçısı Şərifova adres təqdim etdi. Təntənəli yığıncaqdan sonra Əbdürrəhim Haqverdiyev yoldaş qısa nitqi ilə qırmızı lentayı alqışlarla kəsərək Teatro muzeyini açdı. Az bir zamanda təşkil edilmiş və çox böyük işlər görmüş muzə hər kəsi maraqlandırdı. Beş yüz nəfərə qədər iştirak edirdi. Axırda Qonaqlar teatro tamaşasına dəvət olundular. Yenə həmin günün axşamı türk və erməni aktyorlarının iştirakı ilə Türk Akademik Teatrosunun yerli komitəsi tərəfindən bir qızıl guşə açıldı".

Bu boyda sübutu necə görməmək, bu aydınlıqdakı həqiqətə göz yumaraq başlanğıcı 1934-dən nə təhər götürmək olar?!

Azərbaycanın bütün başqa muzeylərindən fərqli olaraq, Teatr Tarixi Muzeyi yarandığı ilk gündən məhz ən doğma ünvanında olmuşdu. Teatrla nəfəs-nəfəsə idi. Adı 1926-27-ci illərdən müəyyən sənədlərdən Azərbaycan Dövlət Muzeyinin tərkibində Teatr tarixi şöbəsi kimi göstərilən, əslində isə elə Teatr muzeyi olan bu qurum işbilən, peşəkar əlindən çıxdığından elə ilk gəlişindən Azərbaycan teatr tarixinin əsl güzgüsü kimi qavranmışdı.

Azərbaycan teatrının aktyorları da, Azərbaycandan kənarda da geniş sənət əlaqələri olan Ağakərim Şərifovun başqa şəhərlərdən gələn dost-tanışı da mütləq həmin ünvana üz tutarmış - Tağıyev teatrının üçüncü qatında yerləşən Teatr muzeyinin ekspozisiyası ilə üz-üzə dayanırdılar və möcüzələr aləminə düşürdülər.

O əziz gündə - 1927-ci ilin noyabrında Tağıyev teatrının üçüncü qatında ilk dəfə açılışını edən Teatr Tarixi Muzeyinin ekspozisiyasına tamaşa etməyə gələnlər Azərbaycanın qaymaqları idi və açılış lentini Əbdürrəhimbəy Haqverdiyevin kəsməsi də bir rəmz idi. Çünki XX yüzildə millətin tarixinə yazılan bir sıra ilklər məhz o müstəsna şəxsiyyətlə bağlıdır. Əbdürrəhimbəy yeni dövr içində yüksəliş ilklərinin simgəsi sayılmağa layiq qiymətlimizdir.

 ...Ağakərim Şərifov uzun ömür yaşamayıb, ancaq o da, onun mənsub olduğu şəcərə - qardaşları Ağasəlim, Hacıbaba, Niyaz da teatra bir könüldən min könülə vurğun olublar, hər biri də Azərbaycan mədəniyyətinin, Azərbaycan teatrının yaddaşında silinməz qalacaq parlaq əməllərə imza atıb.

Ancaq Ağakərim dörd qardaşın arasında da xüsusən seçilirdi. O, sadəcə teatr aşiqi deyildi, teatra məcnuncasına bağlı idi. Müxtəlif illərdə onun haqqında ayrı-ayrı xatirələri eşitmişəm. Danışanların hamısının, sanki sözləşiblərmiş kimi, bölüşdüyü ortaq müşahidə budur ki, Ağakərim Şərifov gecə-gündüz teatrla nəfəs alan insanmış. Hüseyn Cavid yadigarı, elə Ağakərim Şərifovun yarımçıq qırılmış yolunu davam etdirərək, onun təməlini qoyduğu Teatr Tarixi Muzeyində sonralar uzun illər direktor vəzifəsində çalışmış Turan xanım danışırdı ki, 1923-24-cü illərdə Ağakərim Şərifov Teatr Texnikumunda dərs deyəndə oradakı aparıcı müəllimlərdən biri də Hüseyn Cavidmiş. Yaş fərqlərinə baxmayaraq, aralarında dostluq və ailəvi səmimi münasibətlər yaranıbmış, tez-tez bunlar onlara, onlar bunlara gəlib-gedirlərmiş.

Və Cavidin böyük şairliyindən savayı başqa bir özəlliyi də varmış: o, Azərbaycan tarixində qalan məşhur ailələrdən neçəsinin övladlarına adlar qoymuşdu. Cümhuriyyət dönəmində həm Azərbaycan parlamentində təmsil olunmuş, həm də Cümhuriyyət hökumətində ilk əmək naziri vəzifəsini daşımış Əhməd bəy Pepinovun-Ömərbəyovun qızına Sevda adını Hüseyn Cavid vermişdi. Hüseynqulu Sarabskinin oğlu Azərin də adını Cavid qoymuşdu.

Və 1924-cü ildə Hüseyn Cavidin yaxın dostu Ağakərim Şərifovun ilk oğul övladı dünyaya gəlir. Təbii ki, yenə ad verməyi Caviddən xahiş edirlər. Cavid üç ad çəkərək, Ağakərimə: "Midhəd, Fikrət, Azad. Bunlardan hansını istəyirsən, özün seç", - deyir.

Gənc ata Fikrətdə dayanır. Ancaq dostlar zarafat edirlər ki, cavan oğlansan, yəqin, bu övladların ardı gələcək. Obiri adları da ehtiyatda saxla, geci-tezi var, o adlar da sahibini tapacaq.

Beləcə, teatr, teatr mühitinə bağlı olan insanlar yalnız Ağakərim Şərifovun gündəlik işi deyildi, həm də həyatının bir parçası idi. O, evdə də, işdə də teatr adamlarıyla hər gün təmasdaydı.

Turan xanım bunu da söyləyirdi ki, yaxından bələd olanlar Ağakərim Şərifova sadəcə "Ağakərim", yaxud o dövrdə dəbdə olduğu kimi, "Yoldaş Ağakərim" deyə müraciət eləmirdilər. Ona "Muzey Ağakərim" deyirdilər. Və Üzeyir bəyin də bir şux atmacası yaddaşlarda günümüzədək yetişib. Həmin sözləri həm Ağasadıq Gəraybəylidən, həm də Turan xanımdan eşitmişdim. Üzeyir bəy qımışaraq deyibmiş ki, elə ki gördünüz bir yerə Ağakərim gəlib, tez qapını, pəncərəni möhkəm bağlayın. Çünki gəlibsə, oradan muzey üçün hökmən nəsə tapıb aparacaq.

1927-ci ilin noyabrında Teatr muzeyinin ilk ekspozisiyasını təqdim edəndə Ağakərim Şərifov tək canıyla topladığı 15000 eksponatı ortaya qoymuşdu. Çağın sıxıntıları və məhrumiyyətlərini də göz önünə gətirəndə belə nadir toplayıcılıq o dövrə görə qəhrəmanlıq idi. Ağakərim Şərifovun 1920-ci illərin əvvəllərindən başlayaraq gələcək teatr muzeyinin təməlini qoymaq, onun xəzinəsini yaratmaq istiqamətində səyləri olmasaydı, 1930-cu illərin ortalarında Azərbaycan hökumətinin də digər respublikalarda olan böyük teatr muzeyləri kimi bir muzey təsis etmək qərarı da ortaya çıxmazdı.

1934-cü ildə Azərbaycan Teatr Muzeyinə hökumət səviyyəsində sabit rəsmi status vermək və muzeyin açılışını etmək qərarı Azərbaycandan kənarlarda da elə ciddi əks-səda oyatmışdı ki, o dövrdə Sovet İttifaqının baş qəzeti "Pravda" bu mövzuya ayrıca məqalə həsr etmişdi. "Pravda"nın 1934-cü il dekabrın 21-də Bakıda açılan Teatr muzeyi haqda məqaləsini İ.Ranevski imzalı müəllif yazmışdı. "Azərbaycan Dövlət Teatr Muzeyi" adlı məqalədə deyilirdi: "Heç şübhəsiz, mədəni cəbhədə böyük hadisə sayılası bu açılış milli respublikalarda teatrın böyük inkişafı və nailiyyətlərini göstərməkdədir. Belə bir muzeyin yaranması ideyası hələ 1926-cı ildə yaranmışdır. Lakin onu gerçəkləşdirmək heç də asan olmamışdır. Azərbaycan, daha doğrusu, Bakı teatrı uzaqlara - çarizm illərinə gedən şərəfli bir tarixə malikdir. Lakin bu teatrın tarixi, xüsusilə Milli teatrın keçmişi ilə bağlı nə ayrıca monoqrafiya yazılmış, nə də gündəliklər, sənədlər, foto-illüstrasiyalar nə şəkildəsə sistemləşdirilmişdir və belə bir iş indiyədək heç bir müəssisədə görülməmişdir. Təəccüblü deyil ki, çarizm dövründə milli teatrlar, xüsusilə türk teatrı təxminən qeyri-leqal vəziyyətdə fəaliyyət göstərmişlər. Hər sənədi, hər fotoşəkli, afişanı, proqramı, ayrı-ayrı şəxslərdən, köhnə aktyorlardan və onların varislərindən toplamaq üçün çox gərgin əmək çəkilməsi zərurəti yaranmışdır.

Belə sənədlərin bir sıra hallarda teatr işinə çox uzaq aidiyyəti olan arxivlərdən toplanması da ayrı bir mürəkkəblik idi. Bu işi muzeyin hazırkı direktoru Ağakərim Şərifov və onun yaxın köməkçiləri indi də davam etdirirlər. Lakin artıq toplanmış olan 15000 eksponat böyük tarixi və mədəni dəyər daşımaqdadır".

Daha sonra məqalədə muzeyin ayrı-ayrı unikal eksponatlarından söz açılır: "Məsələn, 1912-ci ilə aid "Müsəlman artistlərinin səhnəsi" sərlövhəli afişa. Çar polisi bu afişada başqa bir terminologiyanın işlədilməsinə icazə verməmişdi. Volterin "Sultan Osman" pyesi gedirdi. Aşağıda səciyyəvi qeyd var: "Müsəlman qadınlar üçün ayrıca qapalı lojalar vardır".

Türk qadınları o vaxt hələ çadrada gəzirdilər və ictimai yerlərdə onların kişilərlə yanaşı oturmaq hüququ yoxdu. O zaman türk qadınları arasında aktrisalar yox idi. Qadın rollarını ya kişilər ifa edirdilər, ya da başqa millətlərdən olan qadınlar.

Bu dövrdə türk teatrının inkişafında rus və erməni aktrisaları böyük rol oynamışlar. Milli teatrın öz binası, məxsusi dekorasiyalar yox idi. Yaxud bir kitabxanada təsadüfən tapılmış ayrı bir eksponat: "1904-cü il avqustun 22-də bazar günü Şekspirin "Otello" əsərinin tatar dilində tamaşasına şərəf bileti. Əlaqələndirici: knyaz Unsiyev".

Bu iki sənəd göstərir ki, hələ 30 il qabaq türk teatrı səhnəyə Volter və Şekspir kimi klassiklərin əsərlərini gətirmək istəyirmiş və bunlar geniş kütləyə məlum olmayan faktlardır".

Məqalədə, fürsət düşmüşkən, Müsavatın da bostanına daş atılır, Cümhuriyyət hökumətinin teatr xadimlərinə diqqətsiz yanaşması tənqid edilir: "Azərbaycanda müsavatçıların qısa hakimiyyət dövrünə aid materiallar da maraqlıdır. 1919-cu ilin yazında Hacıbəyov qardaşlarının Müsəlman opera-dram teatrı truppası Maarif Xalq Maarif Nazirliyinə binanı kirayələmək haqqının bir axşama 15000-dən 1000 manata endirilməsi xahişi ilə müraciət edir. Müsəlman Müsavat Maarif Naziri, sonralar Müsavat hökumətinin sədri olmuş Nəsib bəy Usubbəyov bu xahişə qəti etirazla cavab verir. Bu dövrdə türk artistlərinin cüzi gəliri vardı və onlar çox korluq çəkirdilər. Sənədlər arasında türk dramasının böyük artisti, 1919-cu ildə qətlində müsavatçıların da əli olan tragik Hüseyn Ərəblinskinin şəxsən əli ilə yazdığı bir kağız var ki, burada onun ciddi ehtiyacına görə teatrdan üç manat aldığı göstərilir. Belə nadir sənədlər muzeydə az deyil. Təəssüflər olsun ki, inqilabdan əvvəlki teatra aid bu cür materiallar hələ də teatrın binasının olmaması ucbatından qovluqlarda və qutularda qalmaqdadır. Muzeyə gələnlər çar dövrünün qaranlıq gerçəkliyi ilə Sovet Azərbaycanında teatr həyatının parlaq yüksəlişini müqayisədə aydın göstərən belə sənədlərlə tanış olmaq imkanından məhrumdurlar. Açılan muzey hələ ki, faktiki olaraq, yalnız Sovet bölməsindən ibarətdir. Burada Azərbaycanın bütün teatrlarının arxivləri toplanmışdır: tatar, rus, erməni, gürcü, yəhudi, fəhlə-gənclər teatrı, kukla teatrı. Bu teatrların afişa və proqramlarının tam kolleksiyası, bütün tamaşaların sovet dövründəki bütün illərə aid quruluşlarının maketləri, kostyumların eskizləri, foto-sənədlər, resenziyalar və teatr haqqında ədəbiyyat mövcuddur. Burada biz öyrənirik ki, Azərbaycanın Sovet hökumətinin 1920-ci il 5 may dekreti ilə bütün teatrlar milliləşdirilmiş, artistlər dövlət qulluğuna götürülmüşlər. Məhz bu vaxtdan da Türk Milli Teatrının əsl intibahı başlanır. Teatr daimi truppalar yaradır, tamaşalarını göstərmək üçün daimi binalar əldə edir. Öyrənirik ki, birinci türk qadın Dram teatrının səhnəsində 1921-ci ildə, Opera teatrının səhnəsində isə yalnız 1923-cü ildə görünmüşdür. Hazırda Türk Dramatik Teatrının truppasında 20 türk qız vardır və təxminən elə bu qədər də opera-balet truppasındakılardır. Artıq onların arasında respublikanın əməkdar və xalq artistləri vardır. 1923-cü ildə yeni kadrlar hazırlayan birinci Türk Teatr Texnikumu açılmışdır. Həmin texnikumun təşkilatçısı və birinci direktoru respublikanın Xalq artisti, Türk operasının priması Şövkət xanım Məmmədova olmuşdur. Xronoloji ardıcıllıqla düzülmüş ayrı-ayrı tamaşaların maketləri göstərir ki, Moskva, Leninqrad (indi Sankt-Peterburq - R.H.) teatrlarında son illərdə göstərilmiş ən yaxşı tamaşalar eyni vaxtda Bakı teatrlarında müxtəlif dillərdə nümayiş etdirilmişdir. Hələ bura yerli milli dramaturqların yazdığı əsərləri əlavə etmirik. Muzey teatr mədəniyyətinin inkişafı haqqında aydın təsəvvür yaradır. Teatr mədəniyyətinin inkişafı, teatr təcrübəsinin toplanması və formaca milli, məzmunca sosialist Azərbaycan teatrı haqqında aydın təsəvvür yaradır. Öyrənirik ki, artıq teatrlar yalnız bir Bakıda yox, Gəncədə, Nuxada və Dağlıq Qarabağın paytaxtı Stepanakertdə də vardır. Bakının teatrları və əyalət artıq məşhur mesenatlara möhtac deyil, öz müstəqil həyatlarını yaşayırlar, ləyaqətlə, mədəni və ictimai siyasi vəzifələrini yerinə yetirirlər. Muzey Türk Dram Teatrında böyük bir foyedə yer tutur. Ancaq ona bura darısqallıq edir. Geniş hərəkət etmək imkanı yoxdur. Azərbaycanın rəhbər orqanları inciməsin. Qeyd etmək lazımdır ki, onlar indiyə qədər muzeyə xüsusi diqqət göstərməmişdilər. Muzeyin təşkilinə də Xalq Maarif Komissarlığı vəsaiti xəsisliklə ayırmışdır. Bakı Sovetinə yeni çağırış ərəfəsindəki vədlərdən biri, ya öhdəliklərdən biri, yeri gəlmişkən, Bakıda yeni teatr binalarının tikilməsi məsələsidir ki, həqiqətən də, şəhərin buna çox ehtiyacı vardır".

Məqalənin sonunda "İ.Ranevski" imzasından sonra "Bakı" qeydi var. Yəni o, Azərbaycanda olub, bu muzeyin açılışında da iştirak edib, təsvir etdiklərinin də hamısına bircə-bircə baxıb.

O dövrdə "Pravda" müttəfiq respublikalar, o sıradan Azərbaycanla bağlı ayrıca məqalələri nadir hallarda dərc edərdi. Bu yazı Mərkəzin də Teatr muzeyinə Azərbaycanın mədəni həyatındakı ən əlamətdar hadisə kimi baxmasının ifadəsidir.

1934-cü ildə işıq üzü görmüş o yazıdakı çox duyğuları arxada qalan illər alıb-aparıb, soldurub, unutdurub. Amma o məqalədəki bir ağrılı mətləb elə keçmişlərdə olduğu kimi qalıb, Teatr muzeyi bugünədək layiq olduğu əsl rahatlığı tapmayıb.

13 yanvar 2026

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью