“Başqaları da dəbilqə, nizə və ya əncir yarpağı ilə məktəbə gəlsə, necə görünər?”

11.10.2026

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

"Qəbul olunan qərarda hər şey açıq, aydın və aşkar ifadə olunub. Söhbət məktəblərdə vahid geyim formasından gedir. Bu, təbii ki, həm şagirdlərə, həm də müəllim kollektivinə aiddir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Əməkdar incəsənət xadimi, şair, "Şərəf” ordeni laureatı Baba Vəziroğlu deyib.

O bildirib ki, sovet dövründə məktəblilərin konkret və vahid geyim formaları olub:

"Sovet dövründə məktəblilərin daha konkret və vahid geyim formaları olub. Qızlar saçlarına bant bağlayır, önlük taxır, oğlanlar isə qırmızı pioner qalstuku taxırdılar. İndi demokratik və müstəqil ölkədə yaşadığımız üçün, sovet dövründən fərqli olaraq, bu məsələdə müəyyən sərbəstlik var. Vahid geyim forması dedikdə, bütün şagirdlərin inkubatordan çıxmış cücələr kimi bir-birinə bənzəməsi nəzərdə tutulmur. Sadəcə, müəyyən rəngləri, sadəliyi və səmimiyyəti əks etdirən geyim formasının müəyyənləşdirilməsindən söhbət gedir.

Ona görə də bu qərara əməl etməliyik. Həm şagirdlər, həm müəllimlər, həm də valideynlər bunu anlayışla qarşılamalıdırlar. Əlavə təbliğata ehtiyac yoxdur. Biz müstəqil və suveren ölkəyik, təhsil ocaqlarında tətbiq olunan prinsipləri anlayışla qəbul etməliyik”.

O bildirib ki, bu qərar illərlə düşünülüb:

"Azərbaycan çoxmillətli və müxtəlif etnik qrupların nümayəndələrinin yaşadığı ölkədir. Təsəvvür edin, hər kəs öz milli geyim tərzində - məsələn, dəbilqə, nizə və ya əncir yarpağı ilə məktəbə gəlsəydi, bu necə görünərdi? Buna görə də vahid geyim qaydası normal qarşılanmalı və tətbiq olunmalıdır.

Mən özüm sovet dönəmində oxumuşam. Ali məktəbdə də çox sadə geyinirdik. O zaman şagirdlər və müəllimlər arasında sosial və maddi fərqlər geyimdə bu qədər hiss olunmurdu. Bu, məktəb tərbiyəsində vacib amillərdən biridir: sosial bərabərsizlik hiss edilməməlidir. Şagird və müəllimlərin geyimləri bir-birindən kəskin fərqlənməməlidir ki, heç kim özünü narahat və sıxılmış hiss etməsin. Bu qərar bir günün içində qəbul olunmayıb, illərlə düşünülüb və artıq tətbiqi vacib sayılan qərarlardandır. Mən bu qərarı sadəcə alqışlayıram”.

Şahanə Ziyad

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью