Batmış Xərc Tələsi : Niecə xilas olmalı?

07.09.2026

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Heç xoşunuza gəlməyən bir filmi sırf "biletə pul vermişəm" deyə sonuna qədər izləmisiniz? Ya da artıq gələcəyi olmayan bir layihəyə, biznesə və ya münasibətə sırf "bura qədər çox vaxtım və pulum gedib" deyə davam etmisiniz?
İqtisadiyyatda və psixologiyada bu davranış "Batmış Xərc Tələsi" (Sunk Cost Fallacy) adlanır.
Batmış xərc nədir?
Batmış xərc — artıq xərclənmiş, geri qaytarılması və ya bərpası mümkün olmayan pul, vaxt və ya resursdur. Klassik iqtisadi nəzəriyyəyə görə, rasional insan gələcək qərarlarını verərkən keçmişdə xərclənən və geri qayıtmayan resursları nəzərə almamalıdır. Çünki keçmişi dəyişmək mümkün deyil, qərar yalnız gələcək fayda və xərc müqayisəsinə əsaslanmalıdır. Lakin insan beyni həmişə rasional işləmir.
Konkord Effekti: İqtisadiyyat tarixinin ən böyük "batmış xərc" nümunəsi
Bu psixoloji tələyə təkcə fərdlər deyil, böyük dövlətlər və korporasiyalar da düşür. Bunun ən məşhur nümunəsi İngiltərə və Fransanın birgə istehsalı olan səsüstü "Concorde" sərnişin təyyarəsidir.
Proyektin ilkin mərhələlərində aydın oldu ki, təyyarənin istehsalı və saxlanması astronomik dərəcədə baha başa gəlir və kommersiya baxımından gəlirli olmayacaq. Lakin hər iki hökumət artıq milyonlarla dollar xərclədikləri üçün layihəni dayandırmaqdan imtina etdi.
"Bu qədər pul xərcləmişik, indi imtina etsək hamısı batacaq" düşüncəsi ilə layihəyə illərlə əlavə milyardlarla dollar yatırıldı. Nəticədə layihə böyük zərərlə bağlandı. O vaxtdan bəri iqtisadiyyatda batmış xərc tələsinə "Konkord Effekti" də deyilir.
Niyə bu tələyə düşürük?
* İtki qorxusu (Loss Aversion): İnsan beyninin qazanmaqdan aldığı həzzin gücü, itirmək ağrısının şiddətindən azdır. Layihəni və ya xərci dayandırmaq itkini rəsmən qəbul etmək deməkdir.
* Səhvini etiraf etməmək: Keçmişdə verdiyimiz yanlış qərarı qəbul etmək bəzən çətin olur. Əlavə xərc çəkərək vəziyyəti "xilas edə biləcəyimizə" özümüzü inandırırıq.
Batmış Xərc Tələsindən Necə Qurtulmalı?
İqtisadiyyatda uğurun qızıl qaydalarından biri alternativ xərc (opportunity cost) anlayışını dərk etməkdir. Bu gün batmış bir işə xərclədiyiniz hər manat və ya hər dəqiqə, həqiqətən gəlir və ya xoşbəxtlik gətirə biləcək başqa bir imkandan məhrum olmağınız deməkdir.
Odur ki, qərar verərkən özünüzə bu sualı verin:
"Əgər bu işə daha əvvəl heç vaxt və ya pul qoymasaydım, sıfırdan başlasaydım, BUGÜN bu işə pul/vaxt yatırardım?
Cavabınız " Xeyr" dirsə, deməli, keçmişin yükünü atmağın vaxtıdır. İqtisadiyyatda deyildiyi kimi: Ziyanın harasından qayıtsan, kardır.
S. Həsənova
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью