Bato Akbar Distribution MMC cərimələndi

15.06.2026

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yasamal rayonunda yerləşən, qida məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan "Bato-Akbar Distribution” (Baku Distribution) MMC barəsində inzibati protokol tərtib edilib.


Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib.

Araşdırma zamanı müəyyən edilib ki, MMC 13 500 ABŞ dolları məbləğində vəsaiti avans ödənişi kimi xarici ölkəyə köçürsə də, həmin məbləğ qarşılığında mallar Azərbaycana idxal edilməyib, xidmətlər göstərilməyib və valyuta vəsaiti ölkəyə geri qaytarılmayıb.

Məhkəmənin qərarı ilə "Bato-Akbar Distribution” MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib. Şirkətə inzibati xətanın obyekti olmuş 13 500 ABŞ dollarının 25 faizi həcmində – 3 375 ABŞ dolları (5 737,5 manat) məbləğində cərimə tətbiq edilib.

Qeyd edək ki, sözügedən maddəyə əsasən, avans qaydasında xaricə köçürülmüş valyuta vəsaitinin müqabilində müəyyən olunmuş müddətdə mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, eləcə də vəsait geri qaytarılmadıqda hüquqi şəxslər həmin məbləğin 20-30 faizi həcmində cərimə olunur.

Xatırladaq ki, nizamnamə kapitalı 100 manat olan "Bato-Akbar Distribution” MMC-nin qanuni təmsilçisi Əkbər Əliyev Bəxtiyar oğludur.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью