Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Tbilisi, 7 sentyabr, AZƏRTAC
Sentyabrın 7-də Batumidə "Gürcüstan Beynəlxalq Dənizçilik Forumu-2026" (GIMF 2026) keçirilir.
AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək forumda Azərbaycan da təmsil olunur.
Forum Gürcüstanın Baş nazirinin himayəsi ilə, İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin dəstəyi və Dəniz Nəqliyyatı Agentliyinin təşkilatçılığı ilə keçirilir. Tədbirdə 40 ölkədən 400-dək nümayəndənin iştirak edir.
Forumda müxtəlif ölkələrin nazirləri və digər yüksəkvəzifəli şəxsləri, dəniz administrasiyalarının rəhbərləri, nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların baş katibləri, beynəlxalq maliyyə institutlarının, özəl sektorun və akademik dairələrin nümayəndələri iştirak edirlər.
GIMF 2026 Gürcüstanın dəniz ölkəsi kimi mövqeyinin möhkəmləndirilməsi, Orta Dəhlizin inkişaf potensialının nümayiş etdirilməsi və regional nəqliyyat əlaqələrinin qlobal səviyyədə gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Forum çərçivəsində Orta Dəhlizin inkişaf perspektivləri, regional nəqliyyat və logistika əlaqələri, innovasiyalar, dayanıqlı dəniz nəqliyyatı, dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi və digər aktual məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, Gürcüstan Beynəlxalq Dənizçilik Forumu 2016-cı ildən keçirilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi