Batumidə şəhidlərin xatirəsi anılıb

01.10.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Ölkəmizin Batumi şəhərindəki baş konsulluğunun təşkilatçılığı ilə Mirzə Fətəli Axundzadə adına Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyətinin binasında 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan İcmasında anım tədbiri keçirilib.

Tədbirdə Baş Konsulluğun əməkdaşları, SOCAR-ın Batumidəki nümayəndəliyinin rəhbəri Səfər Əlizadə, Mirzə Fətəli Axundzadə adına Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyətinin rəhbəri Rövşən Namazov, Gürcüstanda yaşayan soydaşlarımız, həmçinin Batumidə Azərbaycan dili dərslərini tədris edən müəllimlər, eləcə də şagirdlər iştirak ediblər.

Tədbir Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Baş konsul Fuad Əzizov çıxış edərək, Anım Gününün xalqımızın müasir tarixində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və qətiyyətli siyasətdən, 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi rəşadət və qəhrəmanlıqdan, xalqımızın milli həmrəyliyindən, habelə şəhidlərimizin Vətən uğrunda göstərdiyi misilsiz fədakarlıqlardan bəhs edib.

Mirzə Fətəli Axundzadə adına Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyətinin rəhbəri Rövşən Namazov çıxışında xaricdə, o cümlədən Gürcüstanda yaşayan soydaşlarımızın da müharibə dövründə həmrəylik nümayiş etdirərək haqq səsimizin beynəlxalq aləmə çatdırılmasında və arxa cəbhədə dəstəyin təşkilində fəal iştirak etdiklərini vurğulayıb. O qeyd edib ki, şəhidlərimizin əziz xatirəsinin daim uca tutulması və onların göstərdiyi şücaətin gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur.

Sonda Xeyriyyə Cəmiyyətində Azərbaycan dili dərslərində təhsil alan şagirdlər Vətənə və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndiriblər.

P.ƏMİRCANOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью