Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
Almaniya Bundesliqasının 19-cu turu çərçivəsində turnir cədvəlinin lideri "Bavariya" Münhendə "Auqsburq"u qəbul edib.
QOL.az xəbər verir ki, qarşılaşma gözlənilməz nəticə ilə yekunlaşıb. Qonaqlar 2:1 hesablı əzmkar qələbə qazanıblar.
Hesabı 23-cü dəqiqədə meydan sahiblərinin müdafiəçisi Hiroki İto açıb. Lakin oyunun sonlarına yaxın qonaqlar dönüş etməyi bacarıblar. 75-ci dəqiqədə Artur Şaves tarazlığı bərpa edib. Cəmi 6 dəqiqə sonra, 81-ci dəqiqədə isə Han-Noa Massenqo "Auqsburq"a qələbə gətirən qolu vurub.
Bu məğlubiyyətə baxmayaraq 19 turdan sonra 50 xalı olan "Bavariya" turnir cədvəlinə başçılıq etməkdə davam edir. Aktivini 19 xala çatdıran "Auqsburq" isə 13-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, növbəti tur çərçivəsində yanvarın 31-də Bavariya "Hamburq"la, "Auqsburq" isə "Sankt-Pauli" ilə qarşılaşacaq.