Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Almaniyanın “Bavariya” futbol komandasının idman direktoru Maks Eberl hücumçu Harri Keynin qolsuz seriyası ilə bağlı diqqətçəkən açıqlama verib.
İdman.Biz Almaniyanın “Bild” nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu Münhen təmsilçisinin heyətində ardıcıl dörd rəsmi qarşılaşmada fərqlənə bilməyib.
Eberl Bundesliqada “Maynts” üzərində 2:1 hesablı qələbədən sonra Keynin İngiltərə millisinə yollanmasının onun üçün faydalı olacağını bildirib.
“Düşünürəm ki, indi bir müddət İngiltərəyə getmək ona yaxşı təsir edəcək”, - deyə klub rəsmisi vurğulayıb.
Eberlin sözlərinə görə, son iki həftə Keyn üçün emosional baxımdan olduqca gərgin keçib. Buna səbəb oktyabrın 26-da “Qızıl top” mükafatını qazanması və ardınca təşkil olunan tədbirlərdir.
“Son 14 gün Harri üçün inanılmaz dərəcədə emosional keçib. İngiltərədə də onu böyük coşqu ilə qarşılayacaqlar. Lakin bundan sonra o, yenidən əvvəlki Harri Keyn olacaq və komandamız üçün qollar vurmağa davam edəcək”, - deyə Eberl bildirib.
Klub rəsmisi hücumçunun qol vurmamasına baxmayaraq, komanda üçün faydalı olduğunu da qeyd edib.
“Əsas məsələ onun qollarda iştirak etməsidir. Məhsuldar ötürmə verən futbolçu da qol vuran qədər dəyərlidir”.
Keyn Çempionlar Liqasında “Atletiko” ilə qarşılaşmada bir, “Maynts”la oyunda isə iki məhsuldar ötürmə verib. O, Bundesliqada yeddi məhsuldar ötürmə ilə “Leyptsiq”in futbolçusu Antonio Nusa ilə birlikdə bu göstəricidə liderdir.
Qeyd edək ki, “Bavariya”nın heyətində 162 oyunda 156 qol vuran Keyn noyabrın 9-17-də keçiriləcək beynəlxalq fasilə zamanı İngiltərə millisinə qoşulacaq. Hazırda 125 oyunla Piter Şiltonun rekordunu təkrarlayan hücumçu növbəti qarşılaşmada meydana çıxacağı təqdirdə millinin heyətində ən çox oyun keçirən futbolçu olacaq.