Baxış sayı xatirinə belə şoular yolverilməzdir Açıqlama

08.09.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Sosial şəbəkələrdə oyuncaq avtomobillə yolda hərəkət edərək təhlükəli vəziyyət yaradan şəxsin görüntüləri yayılıb. Bu cür hərəkətlər həm yol hərəkəti iştirakçıları üçün təhlükə yarada, həm də qaydaların pozulması baxımından hüquqi məsuliyyət doğura bilər.
Oyuncaq maşınla yolda bu cür hərəkət etmək digər hərəkət iştirakçıları üçün təhlükə yaradırmı və buna görə şəxs məsuliyyətə cəlb oluna bilərmi?
Nəqliyyat eksperti Rüfət Əmiraslanov Demokrat.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılmış oyuncaq avtomobillə yolda hərəkət edilməsi görüntüləri ilk baxışdan sadə bir əyləncə və ya diqqət çəkmək məqsədilə atılmış bir addım kimi görünsə də, bu, təhlükəsizlik və hüquq baxımından ciddi qayda pozuntusudur:
“Çünki bu cür oyuncaqlar adi nəqliyyat vasitələrinə nisbətən çox alçaq olduğundan, digər sürücülərin onları vaxtında görməsi mümkünsüzləşir. Nəticədə, anidən yolda belə bir obyekt görən sürücünün sərt tormozlamaq və ya kəskin manevr etmək məcburiyyətində qalması zəncirvari qəzalara, eyni zamanda diqqətin yayınması hesabına ağır yol-nəqliyyat hadisələrinə zəmin yaradır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, avtomobil yolları yalnız müvafiq qeydiyyatdan keçmiş və təhlükəsizlik standartlarına cavab verən nəqliyyat vasitələri üçün nəzərdə tutulduğundan, nəqliyyat vasitəsi hesab olunmayan oyuncaq maşınla hərəkət hissəsinə çıxmaq qəti qadağandır və bu əməli törədən şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən yol hərəkəti qaydalarını pozduğuna və ya ictimai qaydanı bilərəkdən pozaraq xırda xuliqanlıq etdiyinə görə inzibati məsuliyyətə cəlb edilə bilər”.
Ekspert əlavə edib ki, hətta bu məsuliyyətsiz addım hər hansı qəzaya, əmlakın zədələnməsinə və ya insan sağlamlığına zərər vurulmasına səbəb olarsa, məsələ artıq Cinayət Məcəlləsinin müvafiq maddələri ilə tənzimlənən cinayət məsuliyyəti doğurur:
“Bu səbəbdən sosial şəbəkələrdə baxış sayı toplamaq xatirinə real yollarda bu cür təhlükəli şouların göstərilməsini tamamilə yolverilməzdir”.
Fidan Hacızadə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью