Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
ABŞ-ın sabiq prezidenti Co Bayden uzun fasilədən sonra ictimaiyyət qarşısında sərt bəyanatla çıxış edib. O, ölkə rəhbərliyini, xüsusilə də Tramp administrasiyasını ABŞ vətəndaşlarına qarşı məqsədli şəkildə hərəkət etməkdə ittiham edib.
KONKRET.az xəbər verir ki, Baydenin sözlərinə görə, Minnesota ştatının sakinləri mövcud administrasiyanın fəaliyyəti nəticəsində artıq kifayət qədər əziyyət çəkiblər. O vurğulayıb ki, ABŞ-da zorakılığa və terrora yer olmamalıdır, xüsusilə də dövlətin özü öz vətəndaşlarını hədəf seçdiyi hallarda.
“Biz elə bir millət deyilik ki, öz vətəndaşlarını küçələrdə güllələsin və ya Konstitusiyanın Dördüncü düzəlişini tapdalasın,” – deyə Bayden bildirib. O xatırladıb ki, Dördüncü düzəliş əsassız axtarışları, yoxlamaları, eləcə də şəxsi əmlak və sənədlərin qanunsuz şəkildə götürülməsini qadağan edir.
Sabiq prezidentin bu açıqlaması ABŞ-da daxili siyasi gərginliyin artdığı bir dövrdə səslənib və ölkə ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
Natiq Səlim,
KONKRET.az