Footbal-plus saytına istinadən Icma.az xəbər verir.
2025/26 mövsümünün “qış çempionu” olan “Sabah” böyük həvəslə “futbol ili”nin qalan hissəsinə hazırlaşır. Maraqlıdı ki, büdcəsinə görə rəqiblərindən heç də geri qalmayan, əksinə, çoxunu qabaqlayan Masazır təmsilçisi təlim-məşq toplanışını Bakıda keçirir.
“Bayquşlar”ın planında iki yoxlama matçı var idi ki, artıq həmin oyunlar arxada qalıb. İndi kollektiv səbirsizliklə premyer-liqada fasilənin başa çatmasını gözləyir. Bilindiyi kimi, ilin ilk rəsmi oyununda rəqib “Karvan-Yevlax” olacaq. Söhbət çempionatın ən zəif komandasından gedir. 17-ci tur çərçivəsində keçiriləcək matça yanvarın 25-də şahidlik edəcəyik. Görünür, bu matçın evdə keçirilməsi, rəqibin autsayder mövqeyində qərarlaşması kimi məqamlar “Sabah”ın hazırlıq planına təsirsiz ötüşməyib. Daha doğrusu, “bayquşlar” bu ərəfədə ölkə xaricinə yollanmaqdansa, paytaxtdakı infrastrukturdan maksimum yararlanmağa cəhd göstərib. Yəqin ki, rəqib daha iddialı olsa, Masazır təmsilçisi daha bir yoxlama matçına ehtiyac duyacaqdı.
Kəsəsi, bir qədər sönük görünən təlim-məşq toplanışına görə komandanı qınamaq hələ yersiz olar. Onsuz da Dambrauskas hələ ötən ilin son matçından sonra keçirilən mətbuat konfransında hazırda yeganə hədəfin “Karvan-Yevlax”la oyuna maksimum səviyyədə hazırlaşmaq olduğunu söyləmişdi. Hələ onu demirik ki, “bayquşlar”ın düşərgəsində müsbət əhval-ruhiyyə hökm sürür. İntensiv məşqlər edən komandanın sosial şəbəkə hesablarında yayılan görüntülərə əsasən deyə bilərik ki, kollektivin istər fiziki, istərsə də psoxloji durumuyla bağlı hansısa narahatlıq yoxdu. Hətta futbolçular bir-biriylə zarafatlaşmaqdan da qalmır. Əlbəttə, çempionluq uğrunda mübarizə aparmağın təməl ehtiyaclarından biri də səmimi münasibətlərdi. Necə deyərlər, birlik harda, dirilik orda!
“Sabah”ın heyətlə bağlı atdığı addımlardan da bəhs etməyə dəyər. Ona görə ki, klub icarə əsasında formasını geyən Aaron Maludayla Umarali Raxmonaliyevin transfer hüququna yiyələnib. Daha doğrusu, birinci ilə 4 illik müqavilə imzalanıb Bilindiyi kimi, Maludanın 20 yaşı var. Ciddi perspektiv vəd edən futbolçu Fransa “Lill”inə məxsus idi. Ötən ilin sentyabrından “Sabah”ın uğurları üçün çalışan vinger meydana çıxdığı 12 matçda 2 qol vurub. Özbəkistan yığmasının üzvü olan Umarali ilə də üçillik anlaşma əldə edilib. Ötən ilin yanvarından “bayquşlar”ın şərəfini qoruyan yarımmüdafiəçi bu komandanın heyətində keçirdiyi 36 görüşdə 3 qola imza atıb. “Bayquşlar”da həm də ayrılıqlar yaşanıb: Boyan Letiçlə Neqoş Kupusoviç yola salınıb. Düzdü, Letiç Masazır təmsilçisi üçün yetərincə faydalı oyunçu idi. Ancaq mövsümün əvvəlində aldığı zədə üzündən 2 ay yaşıl meydandan kənarda qalacağı dəqiqləşən müdafiəçi dərhal “bayquşlar”ın gələcəklə bağlı planlarından xaric olundu. Nəticədə zədəsini hələ yenicə sağaldan futbolçu göndərildi. Kupusoviçi isə uğursuz transfer saya bilərik. 2024-cü ildən “bayquşlar”ın rənglərinə bağlı olan hücumçu 29 oyunda şans qazansa da, özünü yaxşı tərəfdən göstərə bilmədi. Bu səbəbdən komandanın heyətlə bağlı planlarının qüsursuz irəlilədiyini demək mümkündü. Üstəlik kluba gənc legionerlərin transferi də gündəmdədi. “Sabah” belə oyunçuları heyətə qatmaqla gələcəyə yatırım etmək niyyətindi. Hədəfi müəyyənləşdirmək isə çətin deyil: gənclərin əsasən əvəzedici heyətdə oynadılması, əsas komandaya qazandırılması və gələcəkdə bahalı legionerlərə xərcləniləcək pullara qənaət edilməsi. Masazır təmsilçisi bu yolda artıq növbəti addımı atıb. Qana “İnter Allies”inin 19 yaşlı mərkəz müdafiəçisi Maksvell Azafokpe ilə danışıqlara start verilib. Bu o deməkdi ki, “bayquşlar” həqiqətən də uzun müddəti əhatə edən strategiya üzərində çalışır və bunu həyata keçirməkdə israrlıdı.
Beləliklə, “Sabah” mövsümün qalan hissəsini də uğurlu keçirmək, ən əsası, çempion ola bilmək üçün bütün qüvvəsini səfərbər edib. Hər halda, gərgin iş qrafiki azı maya qədər davam edəcək. Ölkə kubokunda mübarizəni davam etdirdiyini də nəzərə alsaq, “bayquşlar”ın mövsümü “qızıl dubl”la bitirmək şansı da var. Bütün bunların fonunda zədəlilərdən Coy-Lens Mikelsin gələn həftə, Pavol Şafrankonun martda komandaya qoşulacağını vurğulamalıyıq. Axı belədə Masazır təmsilçisi daha güclü görünəcək. Odu ki, bizi qarşıdakı aylarda “Sabah”la “Qarabağ”ın amansız rəqabəti gözləyir. Görək, Valdas Dambrauskas titullarının sayını ölkəmizdə artıra biləcək, yoxsa indiyə qədər onlarla əcnəbi mütəxəssisin “tabutuna mıx çaxan” Qurban Qurbanov onun da öhdəsindən gələcək?
KƏNAN BAHADIR