Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
Misli Premyer Liqasının IV turu çempionatın gedişatına birbaşa təsir edəcək duelə səhnə olacaq. Sentyabrın 5-də Masazırda baş tutacaq “Sabah” – “Zirə” qarşılaşması həm də ev sahibləri üçün “Old Trafford” sınağından əvvəl son taktiki “imtahan”dır.
Dambrauskasın dilemması
Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanaraq böyük psixoloji yüksəliş yaşayan “Sabah” daxili çempionatda da arxayın addımlayır. Təxirə salınmış matçı səbəbindən aktivində 2 oyuna 6 xalı olan Valdas Dambrauskasın yetirmələri cari mövsümdə hələ öz qapısında qol görməyib (3:0).
Buna baxmayaraq, “bayquşlar” üçün yeganə prinsipial maneə təkcə “Zirə” deyil. Masazır matçından cəmi 5 gün sonra (10 sentyabr) “futuristlər” səfərdə “Mançester Yunayted”lə ilk ÇL oyununa çıxacaq. Buna görə də Dambrauskasın qarşısında mürəkkəb tənlik dayanır. Litvalı çalışdırıcı İngiltərə səfəri öncəsi futbolçuların diqqətini çempionat oyununa cəmləməli, “Araz-Naxçıvan” və “Kəpəz” matçlarında olduğu kimi, o, heyətdə rotasiyaya getməli, optimal nəticəni təmin etməklə yanaşı, aparıcı oyunçuları zədə riskindən uzaq tutmalıdır.
Bu isə Valdas Dambrauskas qarşısında mürəkkəb tapşırıq qoyur. Litvalı mütəxəssis komandanın diqqətini “Mançester Yunayted” xəyalından daxili birinciliyə kökləməlidir. Əvvəlki “Araz-Naxçıvan” və “Kəpəz” matçlarında olduğu kimi, o, heyətdə rotasiyaya getməli, optimal nəticəni təmin etməklə yanaşı, aparıcı oyunçuları zədə riskindən uzaq tutmalıdır.
“Qartallar”dan nizamlı start
Çempionatda keçirdiyi 3 matçın hamısını qazanaraq 9 xalla vahid lider olan “Zirə” isə mövsümün ən nizamlı kollektividir. 3 oyuna 6 qol vuran və qapısından cəmi 1 top buraxan “qartallar” “Neftçi” üzərindəki minimal qələbə (1:0) ilə intizamlı futbol nümayiş etdirdi.
Lakin qəsəbə təmsilçisinin heyətdə ciddi problemləri var. Brahim Konate, Anatoli Nuriyev və xüsusən avqustun 21-də satılan Junior Martins kimi aparıcı fiqurların gedişindən sonra ehtiyat qüvvədə darlıq yaranıb. Sentyabrın 10-na qədər vaxtı olan klub hazırda bir neçə legionerlə danışıqlar aparır, amma “Zirə” hələ də məhdud resurslarla maksimum nəticə çıxarmağı bacarır.
Qonaqların əsas qol ümidi 3 matçda 2 dəfə fərqlənən Eren Aydındır. Cinahda İssa Cibrillanın fəallığı, Qismət Alıyev və Amin Seydiyevin isə rotasiyalı dəstəyi “Zirə”nin ön xəttini daha təhlükəli edir.
Statistikaya baxış
İki komanda arasında keçirilən son 10 qarşılaşmanın statistikası onların bir-birlərinə nə qədər yaxın olduğunu göstərir. Keçirilən oyunlardan 4-də “Sabah” qələbə əldə etmiş, digər 4-də isə “sülh”ə razılaşmışdı. Zirə bu matçların yalnız ikisində sevinən tərəf olmuşdu.
Maraqlıdır ki, bu ilin may ayında ölkə kubokunda “Sabah”ın 2:1 hesablı qələbəsi ilə bitən görüş də daxil olmaqla, tərəflər arasında son 4 qarşılaşmada “Zirə” qələbə üzünə həsrətdir. “Qartallar” sonuncu dəfə “Sabah”ı 2024-cü ilin avqustunda (2:0) məğlub edə bilib:
13 may 2026. Sabah 2 – 1 Zirə
11 aprel 2026. Sabah 2 – 2 Zirə
31 yanvar 2026. Zirə 1 – 3 Sabah
19 oktyabr 2025. Sabah 3 – 0 Zirə
17 may 2025. Zirə 1 – 1 Sabah
15 mart 2025. Sabah 1 – 1 Zirə
20 oktyabr 2024. Zirə 1 – 1 Sabah
11 avqust 2024. Sabah 0 – 2 Zirə
30 mart 2024. Sabah 0 – 1 Zirə
27 yanvar 2024. Zirə 0 – 1 Sabah
Masazırda baş tutacaq bu prinsipial duel 2 futbol fəlsəfəsinin toqquşmasıdır. “Sabah”ın rotasiya etmək üçün geniş heyəti var, sonuncular isə Eren Aydının çevikliyindən istifadə edərək rəqibin müdafiə xəttində boşluqları yaxalamağa çalışacaq. Həmçinin qonaqlar başa düşür ki, mövcud oyun qrafiki davam edən çempionatda favoritlərdən biri hesab olunan “Sabah”ı üstələmək üçün onlara böyük şans verir.
Ayxan Zayıdzadə