525.az saytına istinadən Icma.az xəbər verir.
İnsan dünyaya bir dəfə gəlir, lakin hər kəsə bu dünyadan köçərkən özündən sonra bir Vətən boyda iz qoymaq nəsib olmur. Ömrə dəyər qazandıran onun uzunluğu deyil, insanın hansı amala sədaqətlə yaşaması, nəyin uğrunda canından keçməsidir. Qısa bir ömrə bütöv bir qəhrəmanlıq tarixi sığdırmaq, özündən sonra xalqın yaddaşından heç vaxt silinməyəcək iz qoymaq isə yalnız Vətən sevgisini canından uca tutanlara nəsib olur. Baş leytenant Səid Rəşidzadənin taleyi də məhz belə yazıldı. O, Vətəni canından artıq sevdiyi üçün ömrünü onun yolunda fəda etdi, torpaq olub doğma torpağına qovuşdu. Sinəsində gəzdirdiyi üçrəngli bayrağı azad edilmiş yüksəkliyə qaldırarkən düşmən gülləsinə tuş gəldi. Bayrağı zirvəyə ucaltdığı anda özü də şəhidliyin ən uca məqamına yüksəldi. O gündən Şişqaya yüksəkliyi təkcə azad edilmiş bir Vətən parçası deyil, həm də bir Azərbaycan zabitinin son nəfəsi ilə yazdığı qəhrəmanlıq tarixinin ünvanı oldu.
İnsanın doğulduğu torpaq onun taleyinə elə ilk gündən görünməz bir iz salır. Səid 28 yanvar 1990-cı ildə Füzuli şəhərində anadan olub. Uşaqlığının ilk illəri Qarabağın ağır, narahat günlərinə təsadüf etmişdi. O, hələ körpə ikən doğma yurdunun üzərinə müharibənin kölgəsi düşmüş, Füzulinin böyük bir hissəsi işğal olunmuşdu. Başqa uşaqlar böyüdükcə dünyanın rənglərini tanıyır, Səidin nəslindən olan uşaqlar isə bu rənglərin içində bir də yurd həsrətinin rəngini öyrənirdilər. Onlar üçün Vətən təkcə xəritədə göstərilən ərazi deyildi. Vətən gedə bilmədikləri kəndlər, qayıdacaqları günü gözləyən ocaqlar, böyüklərin danışdıqca kövrəldiyi xatirələr idi. Səid də bu ağrını içində daşıyaraq böyüdü. Doğulduğu torpağın bir hissəsinin işğal altında qalması onun üçün heç vaxt adi bir həqiqətə çevrilmədi. Elə buna görə hər an döyüşə hazır idi. Çünki o, Vətənin azadlığını uzaq bir arzu kimi deyil, bir gün mütləq yerinə yetirməli olduğu borc kimi qəbul etmişdi.
Bakıda, Nərimanov rayonundakı S.Yolçuyev adına 207 nömrəli tam orta məktəbdə təhsil aldığı illərdə gələcək yolunu müəyyənləşdirdi. 2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu. 2011-ci ildə təhsilini başa vurub zabit kimi xidmətə başladı. Bu seçim onun üçün sadəcə peşə sahibi olmaq deyildi. Hərbi forma geyinmək həm də içində illərlə böyütdüyü Vətən sevgisinə sədaqət göstərmək idi. Qarşıda onu çətin xidmət illəri, ağır sınaqlar, döyüş meydanları gözləyirdi. Səid isə seçdiyi yolun məsuliyyətini yaxşı anlayırdı. O bilirdi ki, zabit olmaq təkcə əmr vermək deyil, lazım gələndə əsgərinin önündə dayanmaq, təhlükəni hamıdan əvvəl qarşılamaqdır.
Səid Rəşidzadə 2016-cı ilin Aprel döyüşlərində general-mayor Polad Həşimovun rəhbərliyi altında vuruşmuşdu. Müharibənin nə olduğunu kitablardan deyil, səngərlərdən öyrənmişdi. Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu ərazidə tağım komandiri kimi xidmət etmişdi. Bu adlar, bu yerlər onun həyatında təsadüfi xatirələr deyildi. Hər birinin arxasında yarımçıq qalmış ömürlər, yerinə yetirilməli olan vəzifələr dayanırdı. Polad Həşimovun şəhid olması xəbəri Səidi dərindən sarsıtmışdı. Vaxtilə rəhbərliyi altında döyüşdüyü komandirin itkisi onun qəlbində onsuz da sönməyən mübarizə əzmini daha da gücləndirmişdi.
2019-cu ildə ordudan ehtiyata buraxılması Səidin hərbçi ruhunu dəyişmədi. Həyatını başqa istiqamətdə davam etdirə bilərdi. Dostları onu xaricə dəvət edirdilər. Qarşısında fərqli yollar açılmışdı. Ancaq insanın ürəyində bir yurd ağrısı yaşayanda dünyanın ən rahat guşəsi də ona doğma torpağın yerini verə bilmir. Səid üçün də belə idi. Onun hələ Vətən qarşısında bitməmiş bir sözü vardı. 2020-ci il sentyabrın 27-də müharibə başlayanda bu sözün vaxtı çatdı. Heç kim onu məcbur etmədi. Özü israr etdi, könüllü olaraq döyüşə yollandı. Çünki o, illərlə gözlədiyi gün gələndə kənarda dayanmağı özünə yaraşdırmırdı. Füzuli torpağında dünyaya gəlmiş bir oğul doğma yurdunun azadlığı uğrunda döyüşmək fürsətindən necə imtina edə bilərdi? O payız Azərbaycan üçün başqa bir payız idi. Sentyabrın 27-də başlayan Vətən müharibəsi illərin həsrətini, nisgilini, ümidini döyüş meydanına daşımışdı. Ordumuzun irəlilədiyi hər qarış torpaq bir vaxtlar yurdundan ayrı düşmüş insanların qəlbində yenidən ümid oyadırdı. Azad olunan kəndlərin, yüksəkliklərin adları çəkildikcə xalqın yaddaşında köhnə xatirələr dirilirdi. Bu döyüşlərdə hər əsgərin öz taleyi, öz arzusu, yolunu gözləyən doğmaları vardı. Səid də həmin əsgərlərin, zabitlərin arasında idi. Lakin onun ürəyində hamıdan gizli saxlamadığı bir niyyət yaşayırdı: azad edilən torpaqlardan birində Azərbaycan bayrağını öz əlləri ilə ucaltmaq.
Döyüş yoldaşlarının xatirələrində Səidin bayrağa münasibəti xüsusi yer tutur. O, müharibə başlayandan üçrəngli bayrağımızı sinəsində gəzdirirmiş. Gündə üç dəfə çıxarıb öpər, sonra yenidən ürəyinin üstünə qoyarmış. Həmin anlarda gözlərinin önündən uşaqlığı, Füzuli, illərlə həsrətində olduğu yurd yerləri keçirdi. Səid o bayrağı sadəcə özü ilə daşımırdı, onunla yaşayırdı. Silahdaşlarına da deyirmiş ki, haranı azad etsələr, bayrağı oraya sancacaq. Bu, döyüş meydanında verilmiş adi bir söz deyildi. O, həmin bayrağı bir gün azad torpağın üzərində dalğalandıracağına ürəkdən inanırdı.
Oktyabrın ilk günlərində döyüşlər Hadrut istiqamətində xüsusilə ağırlaşmışdı. Dağlıq ərazi, möhkəmləndirilmiş mövqelər, düşmənin müqaviməti hər addımı çətinləşdirirdi. Hadrutun azad olunması Qarabağın digər istiqamətlərində irəliləyiş üçün mühüm əhəmiyyət daşıyırdı. Oktyabrın 9-da Hadrutun azad edilməsi xəbəri bütün ölkəyə yayıldı. Ancaq ətraf yüksəkliklərdə təhlükə hələ sovuşmamışdı. Döyüşçülərimiz əldə olunan mövqeləri qorumaq, ərazidə nəzarəti möhkəmləndirmək üçün mübarizəni davam etdirirdilər. Səid Rəşidzadə də bölük komandiri kimi bu döyüşlərin önündə gedirdi.
Hadrutun girişindəki Şişqaya yüksəkliyi… Bir insanın bütün ömrünün mənası bəzən bircə məkanda, bircə anda açılır. Səid üçün həmin məkan Şişqaya oldu. Döyüşçülərimiz yüksəkliyi düşməndən təmizləmişdilər. Ancaq orada hələ də Ermənistan bayrağı dalğalanırdı. Səid bunu görəndə sakit dayana bilmədi. Onun üçün azad olunmuş Azərbaycan torpağında yad bayrağın qalması qəbul ediləcək bir mənzərə deyildi. Əsgərlərinə bildirdi ki, Azərbaycan zabiti kimi o bayrağın altında dayana bilməz, onu dəyişməlidir.
Əsgərləri təhlükəni görürdülər. Qarşı tərəfdən atəş açılması ehtimalı böyük idi. Komandirlərini saxlamağa çalışdılar. Onu vura biləcəklərini dedilər. Səid isə geri çəkilmədi. Silahdaşlarının yaddaşında qalan cavabı qısa, amma mənalı idi: “Vursalar da, qorxmayın, kömək gələcək”. Bu sözlərdə ölümə meydan oxumaqdan daha böyük bir duyğu vardı. Səid özündən sonra da əsgərlərinin döyüşü davam etdirəcəyini, tək qalmayacaqlarını düşünürdü. Həmin an onun üçün öz həyatından əvvəl bayrağın ucalması gəlirdi.
10 oktyabr 2020-ci il. Səid illərlə sinəsində gəzdirdiyi, hər gün öpüb ürəyinə sıxdığı üçrəngli bayrağı götürərək dirəyə yaxınlaşdı. Qarşısında azad edilmiş Vətən torpağı, başının üstündə açıq səma vardı. Ömrünün ən böyük arzusuna heç vaxt bu qədər yaxın olmamışdı. Əllərini qaldırıb bayrağı yerinə taxdığı anda düşmən snayperinin gülləsinə tuş gəldi. Bir anın içində hər şey dəyişdi. Bayrağı yüksəyə qaldıran əllər yarımçıq qalan bir ömrün son hərəkətini etdi. Səid isə həmin yüksəklikdə şəhid oldu. Kömək çox keçmədən, təxminən on beş dəqiqə ərzində yetişdi. Amma artıq gec idi. Döyüş yoldaşları komandirlərini həyata qaytara bilmədilər. Bir neçə dəqiqə əvvəl onlarla danışan, təhlükədən çəkinmədən irəli gedən Səid indi azadlığı uğrunda vuruşduğu torpağın üzərində hərəkətsiz uzanmışdı. Bu mənzərənin silahdaşlarının yaddaşından silinməsi mümkün deyildi. Onlar həmin gün təkcə komandirlərini itirmədilər. Döyüşün ən ağır anlarında güvəndikləri, peşəkarlığına inandıqları, cəsarətindən güc aldıqları bir insanla vidalaşdılar.
Səidin şəhadətindən sonra döyüş yoldaşları onun adını bayrağa yazaraq dirəkdən asdılar. Bu, bir komandirə göstərilə biləcək ən kövrək ehtiram idi. Çünki Səid ömrünün son anında nə istəmişdisə, silahdaşları da onun xatirəsini həmin arzunun içində yaşatdılar. O bayraqda artıq təkcə üç rəng yox, bir insanın taleyi, bir zabitin sədaqəti, bir Vətən oğlunun son nəfəsi vardı. Şişqaya yüksəkliyi həmin gündən Səidin adı ilə yaddaşlara həkk olundu.
Düşünürsən: bir bayraq insan üçün nə qədər əziz olmalıdır ki, onun uğrunda həyatından keçəsən? Bu sualın cavabını Səid sözlə vermədi. O, cavabını yaşadığı ömürlə, seçdiyi yolla, sonuncu addımı ilə verdi. Sinəsində gəzdirdiyi bayrağı zirvəyə qaldırdı, özü isə o zirvədən əbədiyyətə köçdü. Qəribə və kövrək bir tale idi: işğalın ağrısını uşaqlığından tanıyan Qarabağlı balası azadlıq uğrunda döyüşdü, Vətən torpağına şəhid kimi qayıtdı. Bir vaxtlar doğma torpağın həsrətini çəkən oğul sonda elə o torpağın bir parçasına çevrildi.
Səid Rəşidzadə Füzuli rayonunda torpağa tapşırıldı. Cəmi otuz yaşı vardı. Otuz il… Bir insanın hələ neçə arzu quracağı, neçə sabaha oyanacağı bir yaş. Səidin də yaşaya biləcəyi günlər, gedə biləcəyi yollar, görəcəyi işlər vardı. Amma onun ömür kitabının son səhifəsi Şişqayada yazıldı. O səhifədə nə uzun cümlələr, nə də təmtəraqlı sözlər vardı. Bir bayraq, bir yüksəklik və Vətənə verilmiş sözə sədaqət vardı.
Vətən müharibəsində göstərdiyi igidliyə görə baş leytenant Səid Nofəl oğlu Rəşidzadə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Bu təltiflər onun döyüş yoluna verilən dövlət qiyməti idi. Ancaq Səidin ömrünün ən təsirli nişanəsi yenə də Şişqayada ucaltdığı bayraq olaraq qalır. Çünki o bayrağın arxasında bir zabitin bütün həyatı dayanır.
44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində Zəfərlə başa çatdı. Otuz ilə yaxın davam edən işğala son qoyuldu, yurd yerləri azadlığına qovuşdu. Bu Qələbənin sevincində Səid kimi minlərlə igidin yarımçıq qalan ömrü yaşayır. Azad olunmuş torpaqlara qayıdan insanların sevincində, yenidən qurulan evlərdə, məktəbə gedən uşaqların addımlarında onların fədakarlığının izi var. Şəhidlərin xatirəsini yaşatmağın ən böyük mənası elə budur: onların canları bahasına qazanılan azad torpaqlarda həyatın yenidən çiçəklənməsi.
Səid Rəşidzadənin hekayəsində insanı ən çox təsirləndirən məqam onun son anda belə öz arzusuna sadiq qalmasıdır. O, döyüşə getməzdən əvvəl də bayrağı sevirdi, döyüş meydanında da onu ürəyinin üstündə gəzdirirdi, şəhid olduğu anda da həmin bayrağı yüksəldirdi. Ömrünün əvvəli ilə sonu arasında sanki görünməz bir bağ vardı. Füzulidə dünyaya göz açan uşaq böyüyüb zabit oldu, illərlə azadlıq gününü gözlədi və həmin gün yetişəndə özünü Vətəndən əsirgəmədi.
İndi harada üçrəngli bayrağımız küləkdə dalğalanırsa, Səidin qəhrəmanlıq tarixini bilənlərin gözləri önündə Şişqaya yüksəkliyi canlanır. Sinəsində əzizləyib gəzdirdiyi bayrağı son dəfə öpən gənc zabit, onu təhlükədən qorumağa çalışan əsgərlər, bayrağı ucaltmaq üçün dirəyə uzanan əllər… Həmin an insan anlayır ki, zirvələrə aparan yollar da, o zirvələrin ucalığı da eyni deyil. Birinə addımların gücü ilə çatmaq mümkündür, digərinə isə yalnız Vətən uğrunda fəda edilən ömürlə yüksəlmək olar. Səid hər iki zirvəni fəth etdi. Şişqayaya bir Azərbaycan zabiti kimi qalxdı, üçrəngli bayrağı orada dalğalandıraraq şəhidliyin əbədi zirvəsinə ucaldı. O gün bayraq Şişqayanın, Səid isə əbədiyyətin ən uca məqamında qərar tutdu.
Vətəni canından çox sevən Səid Rəşidzadə indi özünün uğrunda döyüşdüyü torpağın qoynundadır. Bir vaxtlar sinəsində gəzdirdiyi bayraq isə azad səmalarda dalğalanır. Onun ömrü otuz yaşında dayandı, amma o bayrağın hər dalğalanışında sanki yenidən davam edir. Çünki Səid torpağa yalnız dəfn olunmadı, torpağa qovuşdu. Doğulduğu Vətəni qorumaq üçün yaşadı, onun azadlığı uğrunda canından keçdi və elə Vətənin özünə çevrildi.
Bayraq zirvədə qaldı. Səid də zirvədə qaldı. Biri Vətənin səmasında, digəri xalqının yaddaşında.
Samir Əsədli
Səidin dostu