Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Hər il noyabrın 9-da ölkəmizdə Dövlət Bayrağı Günü qeyd olunur. Bu əlamətdar tarix 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayrağımızın qəbul edilməsi ilə bağlıdır. Bu tarixi qərar xalqımızın azadlıq və müstəqillik arzularının dövlət rəmzində ifadəsi idi.
Tarixin çətin sınaqlarından keçən üçrəngli bayrağımız xalqımızın qəlbində daim yaşayıb. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bayrağımız yenidən müstəqil dövlətimizin əsas rəmzlərindən biri kimi ucaldılıb. Bu gün o, ölkəmizin hər bir guşəsində, beynəlxalq tədbirlərdə və dünyanın müxtəlif ölkələrində qürurla dalğalanır.
Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev hər zaman dövlət rəmzlərinə yüksək dəyər verib. Üçrəngli bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi olduğunu vurğulayan dövlətimizin başçısı deyir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”.
2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı düşmən işğalından qurtararaq ərazi bütövlüyümüzü bərpa edib. Dövlət Bayrağı Gününə ən böyük müjdə isə 2020-ci ildə verildi. Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də - Dövlət Bayrağı Günü ərəfəsində üçrəngli bayrağımızın Şuşada ucaldıldığını xalqımıza bəyan etdi. Bundan sonra yüz minlərlə insan əllərində Azərbaycan Bayrağı küçələrə çıxaraq Şuşa Zəfərinin sevincini paylaşdı. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olunacaq. Bu şanlı səhifəni tariximizə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev yazdı. Bu gün Azərbaycanın Dövlət Bayrağı ölkəmizin bütün ərazisində qürurla dalğalanır.
2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin olundu. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli dövlət bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı.
Bayrağımız bu gün Azərbaycan xalqının birliyinin, azadlığının və müstəqilliyinin simvoludur. O, hər bir azərbaycanlının qəlbində qürur mənbəyidir. Bizim vətəndaşlıq borcumuz – bu müqəddəs rəmzi qorumaq, onun mənasını gələcək nəsillərə çatdırmaq və hər zaman onu uca tutmaqdır.
Dövlət Bayrağı Günü yalnız bayram deyil, həm də milli tariximizə, dövlətçiliyimizə və müstəqilliyimizə ehtiram günüdür. Biz hər zaman üçrəngli bayrağımızla fəxr etməli, onu qorumalı və uca tutmalıyıq.
Füzuli Abdullayev,
YAP Ağsu rayon təşkilatının sədri