Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Naxçıvan, 2 iyun, AZƏRTAC
Bayram günlərində Naxçıvanda təcili tibbi yardım xidmətləri gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirib. Vətəndaşların sağlamlığının qorunması və operativ tibbi yardımın göstərilməsi məqsədilə aidiyyəti tibb müəssisələri tərəfindən zəruri tədbirlər həyata keçirilib.
Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu müddətdə muxtar respublika üzrə ümumilikdə 1005 təcili tibbi yardım çağırışı qeydə alınıb. Çağırışlara operativ reaksiya göstərilərək xəstələrə yerində tibbi yardım göstərilib, zəruri hallarda isə tibb müəssisələrinə təxliyə həyata keçirilib.
Bayram günlərində ümumilikdə 150 nəfər müxtəlif tibb müəssisələrinə təxliyə olunub.
Eyni zamanda, 2 zəhərlənmə faktı qeydə alınıb. Mayın 28-də Naxçıvan şəhəri üzrə dərman, mayın 29-da isə Şahbuz rayonu üzrə qida zəhərlənməsi hadisəsi baş verib. Hər 2 şəxsə zəruri tibbi yardım göstərilib.
Müxbir - Nail Əsgərov