Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı ilə bağlı yaranan xərclər ləğv ediləcək.
Oxu.Az xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
"Baytarlıq haqqında" qanuna təklif edilən dəyişiklik layihəsi heyvanlar üçün bioloji preparatlar istehsalının təşviqi məqsədilə hazırlanıb və həmin obyektlərin qeydiyyatı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsini və qeydiyyat xərclərinin ləğvini nəzərdə tutur.
Bu qanunun 26.2-ci və 39.2.2-ci maddələrinə görə, ölkə ərazisində heyvanlar üçün bioloji preparatların istehsalı obyektlərinin qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq və mülkiyyətçilərin vəsaiti hesabına həyata keçirilir.
Qanunun bu tələbinə uyğun olaraq, qeydiyyatın Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulub.
Həmçinin müəyyən edilib ki, obyektlərin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatı ilə bağlı xərclər Nazirlər Kabinetinin 2021-ci il 22 iyun tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilən "Baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqının məbləği"nə uyğun olaraq, ərizəçinin vəsaiti hesabına maliyyələşdirilir.
Digər tərəfdən, baytarlıq preparatlarının istehsalı fəaliyyəti "Lisenziyalar və icazələr haqqında" Qanuna əsasən, lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına daxil edilib və heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı üçün ilkin olaraq lisenziya alınması tələb olunur.