Bazarda süd satmaq 1200 manata başa gəldi Təfərrüat

28.08.2026

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Tovuz rayonunda bazarda dava düşüb, 65 yaşlı kişi qohumuna xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Tovuz rayonu, Qovlar şəhərində yerləşən, insanların sıx toplaşdığı və ictimai yer hesab edilən bazarda baş verib.
1961-ci il təvəllüdlü Kamil bazarda süd məhsulları satarkən qohumu Xəlilin satıcılıq etdiyi piştaxtanın qarşısına qoyduğu süd məhsullarının onun tərəfindən götürülərək kənara qoyulmasını bəhanə edib. O, orada cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib, səs-küy salaraq uca səslə Xəlilin ünvanına nalayiq ifadələr işlədib.
Daha sonra Kamil sözügedən bazarın iş fəaliyyətini uzun müddət ərzində pozmaqla, habelə yumruğu ilə Xəlilin çənə nahiyəsinə qəsdən zərbələr vuraraq ona xəsarətlər yetirib.
Kamilin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Kamil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Xəlil onun qohumudur və onun atası ilə əmioğludur:
“Xəlillə münasibətim əvvəllər yaxşı olsa da, 5-6 il bundan öncə münasibətlərimiz pisləşib. Biz 5-6 ildir ki, bir-birimizlə danışmırıq. Mən həftədə bir dəfə süd məhsullarını satmaq məqsədilə Tovuz rayonu, Qovlar şəhərində yerləşən bazara gedirəm”.
Təqsirləndirilən şəxs deyib ki, məlum hadisə günü, saat 8 radələrində Qovlar şəhərində yerləşən bazarda süd məhsulları və yumurta satıb:
“Qohumum Xəlil də yanımda olan piştaxtada qatıq və süd satırdı. Öz piştaxtamda yer olmadığı üçün satdığım yumurtanı Xəlilin piştaxtasına qoydum. Sonra Xəlil yumurtanı oradan götürərək kənara qoydu. Xəlilə yumurtalarımı piştaxtasının qabağından nə üçün götürdüyünü dedim. Xəlil yaxşı etdiyini, həmin yerin ona məxsus olduğunu və o tərəfə keçə bilməyəcəyimi bildirdi. Xəlilə bu qədər yerim olduğunu, bu qədər yerə sığmadığımı və niyə yumurtalarımı götürdüyünü bildirdim. Xəlil yaxşı etdiyini deyərək mənimlə mübahisə etməyə başladı. Mübahisə zamanı Xəlil məni söyüb təhqir edərək əli ilə boğazımdan yapışdı və itələdiyindən bir qədər geriyə getdim. Orada olan Nihad adlı şəxs bizi ayıran zaman sağ əlimlə Xəlilin çənə nahiyəsinə bir dəfə zərbə vurdum. Bu zaman Nihad adlı şəxs araya keçərək bizi ayırdı. Bizim aramızda baş verən münaqişə təxminən bir-iki dəqiqə davam etdi”.
İş üzrə zərərçəkmiş Xəlil ifadəsində göstərib ki, Kamil onun qohumudur:
“Mənim Kamil ilə əvvəllər münasibətim yaxşı olub. Lakin 5-6 il bundan əvvəl bizim münasibətimiz pisləşdi. Həmin vaxtdan sonra Kamil həmişə mənə sataşır, məni dalaşmağa təhrik edir. Lakin mən həmişə Kamilin bu hərəkətlərinə səbrlə dözmüşəm. Bundan sonra da aramızda bir neçə dəfə sözlü mübahisə olub”.
Zərərçəkmiş qeyd edib ki, məlum hadisə günü, səhər saat 8 radələrində Qovlar şəhərində bazarda qatıq və süd satıb:
“Mən öz mallarımı piştaxtanın arxasına düzdüm. Kamil də mənim piştaxtamın yanında qatıq, süd və yumurta satırdı. Həmin vaxt Kamil piştaxtamın yanına yumurta qoydu. Mən onun qoyduğu yumurtaları öz piştaxtamın qabağından götürdüm və Kamilin öz piştaxtasına tərəf qoydum. O, niyə onun yumurtasını kənara qoyduğumu dedi. Həmin yerin mənim olduğunu, yumurtanı öz piştaxtasının arxasında satmasını bildirdim. Bu zaman aramızda mübahisə yarandı. Kamil üzərimə gəlməyə başladı. Mən də əlim ilə onu özümdən uzaqlaşdırdım. Lakin Kamil yenidən üzərimə gəlməyə davam etdi. Həmkəndlim Nihad araya keçərək bizi ayıran zaman Kamil qəflətən yumruqla çənə nahiyəmə bir dəfə zərbə vuraraq xəsarət yetirdi. Həmin vaxt Nihad və başqa şəxslər araya keçərək bizi ayırdılar”.
Tovuz Rayon Məhkəməsinin hökmü ilə Kamil 1200 manat miqdarında cərimə olunub.
Fariz Məlikli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью