Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda satışa çıxarılan ət məhsullarının üzərində mənşə ölkəsi və ya heyvanın hansı təsərrüfata məxsus olduğu barədə məlumatların göstərilməməsi istehlakçılar arasında narahatlıq doğurur. Xüsusilə, qiymətlərin mənşəyə görə fərqlənməsinə baxmayaraq, bu məlumatların etiketlərdə əks olunmaması alıcıların məlumat almaq hüququnun pozulması kimi qiymətləndirilir. Bəs, ət məhsullarının üzərində niyə mənşə ölkəsi və ya təsərrüfat məlumatı göstərilmir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Nazirlər Kabinetinin 94 saylı qərarına əsasən ölkənin əmtəə bazarında satılan bütün ərzaq məhsulları qablaşdırılmalı və üzərində buraxılma tarixi, son istifadə müddəti, istehsalçı firmanın adı və ünvanı qeyd olunmalıdır. Onun sözlərinə görə, eyni zamanda ət məhsullarında da mənşə barədə məlumat göstərilməlidir:
“Lakin təəssüf ki, bu tələblərə hələ tam şəkildə əməl olunmur. Çox az miqdarda ət məhsulunda tələb olunan məlumatlar yer alır. Əksər hallarda isə istehlakçı nə ətin haradan gəldiyini, nə də hansı təsərrüfata məxsus olduğunu bilmir”.
Eyyub Hüseynov əlavə edib ki, bu vəziyyət istehlakçı hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olur.
“Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilir ki, heyvanların identifikasiyası sistemi tam şəkildə tətbiq olunmayana qədər ətin mənşəyinin izlənməsi mümkün deyil.
İdentifikasiya həyata keçirildikdən sonra heyvanın hansı fermer təsərrüfatında doğulduğu, harada saxlanıldığı və kəsildikdən sonra ətin hansı istiqamətdə paylandığı müəyyən ediləcək. Hazırda isə belə bir izlənmə mexanizmi mövcud olmadığından məhsulların üzərində mənşə məlumatları qeyd edilmir”.
Mütəxəssis vurğulayır ki, yalnız ət məhsulları deyil, bazarda satılan bütün ərzaq malları etiketlənmiş şəkildə təqdim olunmalıdır. Mövcud vəziyyət isə istehlakçıların keyfiyyətli və təhlükəsiz məhsul seçimi imkanlarını məhdudlaşdırır.
Müşviq Tofiqoğlu
KONKRET.az