Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 9 oktyabr, AZƏRTAC
Qarşıdan gələn qış mövsümündə Avropa İttifaqı ölkələri qaz qıtlığından əziyyət çəkəcəklər və qazın qiyməti 2 dəfə bahalaşacaq.
AZƏRTAC xəbər verir ki, Yaxın Şərq böhranı Qətərdən dünya bazarına çıxarılan maye qazın (LNG) həcmini o qədər azaldıb ki, Avropa dövlətləri qaz anbarlarını belə tam təmin edə bilməyiblər.
“Politico” yazır ki, bu qış Avropada 12 milyon ev qazdan istifadə edə bilməyəcək ki, bu da onları elektrik enerjisindən istifadəyə məcbur edəcək. Belə olan halda isə qaz ilə yanaşı elektrik enerjisinin də qiymətində artım olacaq. İqtisadiyyat, Enerji və Maliyyə İnstitutunun analizinə əsasən bu qış Avropanın tələbatında 14 milyard kubmetr qaz kəsiri yaranacaq ki, bu da qaz təchizatının 7 faiz azalması deməkdir. Avropa dövlətlərinin qaz saxlama anbarları hazırda 70 faizdən az doldurulub.
Yaxın Şərq böhranı başlayan gündən Avropa neft, qaz qıtlığı ilə üz-üzə qalıb. ABŞ müəyyən qədər Avropanın LNG tələbatını ödəsə də yaxınlaşan qış mövsümündə tələbatı tam ödəyə bilməyəcək. Məsələnin mahiyyəti ondan ibarətdir ki, ABŞ-nin özündə də enerjidaşıyıcıların qiyməti təchizatın pozulması ilə əlaqədar artıb. Noyabr ayında Konqressə keçiriləcək aralıq seçkilərinə hazırlaşan ABŞ hökuməti qiymətlərin daha da artmasını istəmir. Çünki yanacağın qiymətinin artması ilə digər istehlak mallarının da qiyməti artır ki, bu da seçki ərəfəsində Prezident Donald Tramp üçün heç də əlverişli deyil. Buna görə də ABŞ qaz ixracını məhdudlaşdıraraq Avropaya satılan qazın həcmini azaldıb.
Analitiklər hesab edir ki, dünya miqyasında istər təbii, istərsə də LNG hasilat və istehsalında problem yoxdur. Hazırda istehsal olunan qaz dünya bazarının tələbatını artıqlaması ilə ödəyə bilər. Problemi yaradan nəqliyyat və təchizat məsələləridir. Hörmüz boğazının bağlı qalması və ABŞ-nin İrana qarşı yeni hərbi əməliyyatlara başlmaq niyyəti ilk növbədə bazarın təchizatına maneə yaradır, digər tərəfdən isə qiymətlərə təsir edir. Avropa çıxış yolu axtararaq yeni mənbələr axtarır. Avropa İttifaqının ABŞ ilə danışıqlar apararaq İrana Yaxın Şərq böhranına son qoymaq tələbi uğurla nəticələnmədi.