Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Əmirulla Məmmədov – 80
Bakı Dövlət Universitetində Azərbaycan fizika elminin görkəmli nümayəndəsi, keçmiş Sovet İttifaqının şöhrətli elm ocaqlarında dissertasiyalar müdafiə etmiş, uzun illər ABŞ, Yaponiya, İtaliya və Türkiyənin elm və ali təhsil mərkəzlərində çalışmış, müstəqillik illərində milli diaspor quruculuğunda fəal iştirak etmiş, Vətən elminə verdiyi töhfələrə görə Dövlət mükafatına və Əməkdar elm xadimi fəxri adına layiq görülmüş professor Əmirulla Məmmədovun 80 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
Dünyaca məşhur alimin vaxtilə yetirməsi olduğu ali təhsil ocağında “Qabaqcıl funksional materiallar və yeni nəsil nanotexnologiyalar” mövzusunda beynəlxalq elmi məclisin təşkil edilməsi ömrünü elmə, təhsilə və Azərbaycan elminin beynəlxalq miqyasda tanıdılmasına həsr etmiş alimin çoxillik səmərəli həyat və fəaliyyətinə milli və bəşəri ehtiramın ifadəsi olub.
Konfransın açılışında yubilyarın həyat və elmi fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. BDU-nun rektoru Elçin Babayev giriş nitqində Əmirulla Məmmədovun Azərbaycan fizika elminin inkişafına verdiyi töhfələri, fundamental tədqiqatlarını və yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasındakı xidmətlərini yüksək qiymətləndirib. Qeyd olunub ki, alimin elmi irsi, yetişdirdiyi tədqiqatçılar və formalaşdırdığı elmi ənənələr gələcək nəsillər üçün qiymətli örnəkdir.
Rektor müasir elmin prioritet istiqamətlərindən olan funksional materiallar və nanotexnologiyalar sahəsində beynəlxalq əməkdaşlığın, elmi təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Daha sonra Elçin Babayev professor Əmirulla Məmmədova 80 illik yubileyi və universitetin elmi-pedaqoji həyatına verdiyi töhfələr münasibətilə BDU-nun fəxri fərmanını təqdim edib.
Milli Məclis sədrinin müavini, BDU-nun Konstitusiya hüququ kafedrasının müdiri, professor Ziyafət Əsgərov çıxışında Əmirulla Məmmədovun xarici ölkələrdə Azərbaycan diasporunu uğurla təmsil edən nüfuzlu alimlərdən biri olduğunu vurğulayıb. O, yubilyarın Azərbaycan və dünya elminin qarşılıqlı zənginləşməsinə, eləcə də qardaş Türkiyə ilə elmi və təhsil əlaqələrinin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib.
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru İradə Hüseynova, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Türkiyə – Azərbaycan Universitetinin rektoru Nəcibə Nəsibova, iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov, Təhsildə Keyfiyyət Təminatı Agentliyi İdarə Heyətinin sədri Tural Əhmədov, Müdafiə Sənayesi Tədqiqat və İnnovasiyalar Mərkəzi İdarə Heyətinin sədri Orxan Yusibov, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, Türkiyənin Aksaray Universitetinin professoru Süleyman Yılmaz və Sağlamlıq Elmləri Universitetinin professoru Sayad Kocahan çıxışlarında dünya şöhrətli soydaşımızın zəngin və mənalı ömür yolunun, səmərəli xidmətlərinin ayrı-ayrı yönlərinə, incəliklərinə nəzər salıblar.
Natiqlər professor Əmirulla Məmmədovun çoxşaxəli fəaliyyətini dəyərləndirərək onun yalnız fizika elminin inkişafına mühüm töhfələr vermiş alim deyil, həm də yüksək ziyalı keyfiyyətləri və vətəndaş mövqeyi ilə seçilən şəxsiyyət olduğunu bildiriblər. Çıxışlarda onun elmi nailiyyətləri ilə yanaşı, Türkiyədə Azərbaycan diasporunun fəaliyyətinin təşkili və formalaşdırılması istiqamətindəki xidmətləri, Azərbaycanı və milli elmi potensialımızı beynəlxalq müstəvidə layiqincə təmsil etməsi xüsusi vurğulanıb. Alimin ünvanına səmimi təbrik və xoş arzular səslənib, ona xatirə hədiyyələri təqdim edilib.
Yubilyarın ailə üzvü, jurnalist Məmmədəli Məmmədov Əmrulla Məmmədovun doğma və yaxınlarının da sevimlisi, xeyirxahı və öyünc ünvanı olduğunu söyləyib.
Sonda professor Əmirulla Məmmədov doğma universitetdə onun 80 illik yubileyinə belə yüksək səviyyədə diqqət və ehtiram göstərilməsinə görə BDU-nun rəhbərliyinə minnətdarlığını bildirib. O, Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərin hər bir azərbaycanlı üçün böyük qürur mənbəyi olduğunu vurğulayaraq, xalqımızın bundan sonra da dövlətimizin ətrafında sıx birləşəcəyinə inamını ifadə edib. Alim, eyni zamanda, Azərbaycanın elm və təhsil sahəsində də daim yüksək nailiyyətlər qazanmasını, beynəlxalq elmi məkanda layiqli mövqeyini daha da möhkəmləndirməsini arzulayıb.
Mərasimdə professor Əmirulla Məmmədovun yubileyi münasibətilə hazırlanmış – qəzetimizin əməkdaşı, Əməkdar jurnalist Namiq Əhmədovun tərtib, Bakı Dövlət Universitetinin nəşr etdiyi “Elm, Vətən və zamanın sərhədlərini aşan alim” kitabı iştirakçılara təqdim edilib.
T.RÜSTƏMLİ,
N.QƏDİMOĞLU
XQ