BDU da gender bərabərliyinə həsr olunmuş elmi seminar təşkil olunub

29.01.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 29 yanvar, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin təşkilatçılığı ilə “Gender bərabərliyi: problemlər və perspektivlər” mövzusunda elmi seminar keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib

Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov gender mövzusunun müasir dövrdə müxtəlif aspektlərdən araşdırılmasının vacibliyini qeyd edib. O, gender bərabərliyinin cəmiyyətin bütün sahələrində aktual olduğunu vurğulayıb.

Seminarda BDU-nun Gender və tətbiqi psixologiya kafedrasının müdiri Rəna İbrahimbəyova məruzə ilə çıxış edib. O, məruzəsində BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində (DİM) gender bərabərliyinin bütün digər məqsədlərin ayrılmaz tərkib hissəsi olduğunu qeyd edib. Bildirib ki, gender bərabərliyi sülh, təhlükəsizlik, keyfiyyətli təhsil və sosial rifah kimi sahələrdə mühüm rol oynayır. Bu baxımdan BMT-nin sülhməramlı missiyalarında qadınların iştirakının artırılması xüsusi əhəmiyyət daşıyır. Qadınların sülhməramlı fəaliyyətlərə cəlb olunması münaqişə zonalarında yerli əhali ilə daha effektiv ünsiyyətin qurulmasına, etimad mühitinin formalaşmasına və dayanıqlı sülhün təmin olunmasına müsbət təsir göstərir.

Məruzəçi dünya təcrübəsinə də toxunaraq hüquq müdafiə və mühafizə orqanlarında qadınların təmsilçilik səviyyəsindən danışıb. Qeyd edib ki, son illər Azərbaycanda bu sahədə çalışan qadınların sayı artmaqdadır və qadınlar hüquq-mühafizə sistemində müxtəlif vəzifələrdə uğurla təmsil olunurlar.

Rəna İbrahimbəyova məruzəsində gender bərabərliyinin incəsənətdə də özünü göstərdiyini diqqətə çatdırıb. O, məşhur holland rəssamı Maurits Kornelis Eşerin “Vəhdət bağları” adlı rəsm əsərini gender əsaslı təhlil edərək bildirib ki, əsərdə bir-birinə lentlə bağlanan iki başın hansı cinsə aid olduğunu asanlıqla müəyyən etmək mümkündür. Lakin əsas məqam onların cinsində deyil, bərabər şəkildə təsvir olunmasındadır. Məruzəçi vurğulayıb ki, hər iki varlıq eyni formada, eyni dəyər və mövqedə təqdim olunaraq gender bərabərliyinin simvolik ifadəsini yaradır.

Seminarın sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Tədbirin yekununda Rəna İbrahimbəyova BDU-nun mühafizə xidmətində çalışan qadın əməkdaşlara göstərdikləri fəaliyyətə görə təşəkkür edərək onlara hədiyyələr təqdim edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью