BDU da MƏZUN GÜNÜ

12.06.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

İyunun 12-də Milli Gimnastika Arenasında Bakı Dövlət Universitetinin (BDU) Məzun Günü keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Himn Milli Müdafiə Universitetinin Hərbi İnstitutunun orkestri tərəfindən ifa olunub. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açıq elan edən BDU-nun rektoru Elçin Babayev məzunları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor bildirib ki, məzunlar həyatlarının yeni mərhələsinə qədəm qoyur, universitetdə qazandıqları bilik və bacarıqlarla ölkənin inkişafına töhfə vermək missiyasını daşıyırlar.

Elçin Babayev çıxışında Azərbaycanın son illərdə əldə etdiyi uğurlara, Vətən müharibəsində qazanılmış Zəfərə və ölkənin sürətli inkişafına diqqət çəkərək qeyd edib ki, gənclər bilik, peşəkarlıq və innovativ düşüncə ilə dövlətin gələcəyinin formalaşmasında mühüm rol oynayacaqlar.

Rektor vurğulayıb ki, 107 il əvvəl iki fakültə ilə fəaliyyətə başlayan Bakı Dövlət Universiteti bu gün regionun aparıcı ali təhsil müəssisələrindən birinə çevrilib. Hazırda universitetdə 25 mindən çox tələbə təhsil alır, 1500 nəfərlik professor-müəllim heyəti fəaliyyət göstərir. Onun sözlərinə görə, BDU-nun beynəlxalq reytinqlərdə mövqeyi ildən-ilə yaxşılaşır və universitet dünya səviyyəli elm-təhsil mərkəzinə çevrilmək istiqamətində inkişafını davam etdirir.

Çıxış zamanı BDU məzunlarının dövlət qurumlarında, beynəlxalq təşkilatlarda və müxtəlif sahələrdə uğurla fəaliyyət göstərdiyi, yüzlərlə məzunun Qarabağ və Şərqi Zəngəzurun bərpasında iştirak etdiyi qeyd olunub.

Tədbirin sonunda universitet tələbələrinin ifasında Bakı Dövlət Universitetinin himni səsləndirilib.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью