BDU EIFL in Baş Assambleyasında təmsil olunub

02.10.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 2 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) Kitabxanalar üçün Elektron İnformasiya Beynəlxalq Konsorsiumunun (EIFL) Baş Assambleyasında təmsil olunub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, onlayn formatda keçirilən tədbirdə müasir kitabxana və informasiya xidmətlərinin inkişafı, açıq elmi informasiya resurslarına çıxış, müəlliflik hüququ, elmi nəşriyyat, rəqəmsal identifikasiya sistemləri və repozitoriyaların inkişafı ilə bağlı məsələlər müzakirə edilib.

BDU-nu tədbirdə Elmi Kitabxananın direktoru, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (Az.KİK) rəhbəri və EIFL-in Azərbaycan üzrə koordinatoru Nigar İsmayılova təmsil edib.

Assambleyanın proqramı çərçivəsində EIFL-in açıq giriş və müəlliflik hüququ sahəsində fəaliyyəti, kitabxanaların müasir elmi informasiya ekosistemində rolu, elmi nəşrlərdə süni intellektin tətbiqi və biliklərə çıxış imkanlarının genişləndirilməsi ilə bağlı təqdimatlar keçirilib.

Tədbirin ilk günündə EIFL-in direktoru Rima Kupryte təşkilatın son üç ildə əldə etdiyi əsas nəticələr barədə məlumat verib. Sinqapur İdarəetmə Universitetinin məlumat xidmətləri rəhbəri Ayron Tay isə “Elmi nəşrlərdə süni intellekt və biliklərə çıxış” mövzusunda məruzə ilə çıxış edib.

Baş Assambleyanın ikinci günündə EIFL-in açıq giriş üzrə meneceri İrina Kuçma ödənişsiz açıq girişli jurnallar, jurnal məqalələrinə rəqəmsal obyekt identifikatorlarının (DOI) verilməsi, elmi jurnalların redaktəsi və nəşrində “Open Journal Systems” (OJS) proqram təminatından səmərəli istifadə, açıq girişli nəşriyyat üzrə peşəkar təcrübə icmaları, “Diamond Open Access” siyasəti və repozitoriyaların inkişafına yeni yanaşmalar barədə təqdimat edib.

EIFL-in müəlliflik hüququ və kitabxanalar üzrə proqramının meneceri Teresa Haket müəlliflik hüququ sahəsində görülən işlər, milli və Avropa qanunvericiliyində aparılan islahatlar, ictimai borcvermə hüququ (Public Lending Right – PLR) məsələlərinə toxunub. Tədbirdə EIFL-in kütləvi kitabxanaların innovasiya proqramının meneceri Remune Petuchovaite də çıxış edib.

Assambleyada təqdim olunan məruzə və müzakirələr kitabxanaların müasir informasiya mühitində fəaliyyətinin təkmilləşdirilməsi, açıq elmi resurslara çıxış imkanlarının genişləndirilməsi, müəlliflik hüququ sahəsində məlumatlılığın artırılması və rəqəmsal kitabxana xidmətlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyıb.

EIFL-ə üzv kitabxana konsorsiumlarının 260-dan çox nümayəndəsinin qatıldığı Baş Assambleyada BDU-nun Elmi Kitabxanası ilə yanaşı, Az.KİK-ə üzv ali təhsil müəssisələrinin nümayəndələri də iştirak ediblər. Tədbirdə iştirak beynəlxalq kitabxana və informasiya qurumları ilə əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və müasir yanaşmaların kitabxana fəaliyyətində tətbiqi baxımından əhəmiyyətlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью