Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 1 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) infrastrukturun genişlənməsi, beynəlxalq əməkdaşlığın dərinləşməsi və yeni tədqiqat istiqamətlərinin formalaşması elmi nəşr göstəricilərində də əks olunur. BDU əməkdaşlarının nüfuzlu beynəlxalq elmi nəşrlərdə dərc olunan məqalələrinin və həmin əsərlərə edilən istinadların sayı son illər davamlı şəkildə artır.
Universitetdən AZƏRTAC-a bildirilib ki, “Clarivate Analytics” beynəlxalq agentliyinin rəsmi məlumatlarına əsasən, BDU-nun H-indeksi 78-ə yüksəlib. Bu göstərici 2018-ci ildə 35, 2023-cü ildə isə 52 olub.
Eyni zamanda, BDU-nun elmi əsərlərinə edilən istinadların orta sayı 10,95-ə çatıb. “Web of Science” bazasına daxil olan nüfuzlu elmi jurnallarda BDU əməkdaşları, doktorantları və tələbələri tərəfindən bu günədək 5258 elmi əsər dərc olunub və həmin əsərlərə 58 minə yaxın istinad edilib. İstinadların artım dinamikası xüsusilə diqqətəlayiqdir: bu göstərici 2023-cü ildə 29 min, 2024-cü ildə 37 min olduğu halda, hazırda 58 minə yaxındır.