Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Məleykə Mehdi qızı Abbaszadə Azərbaycanın dövlət xadimi, texnika elmləri namizədi və Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədridir.
Bakıvaxtı.az xəbər verir ki, o, 1994-cü ildən etibarən Azərbaycanda tələbə qəbulu və imtahan sisteminin rəhbərliyində təmsil olunur.
Məleykə Abbaszadə 23 fevral 1953-cü ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hesablama riyaziyyatı və kibernetika fakültəsini bitirib. 1988-ci ildə Kiyevdə namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi dərəcəsi alıb.
O, 1975-1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda, SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzində, Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda, Azərbaycan Neft-Kimya İnstitutunda və İstedad assosiasiyasında müxtəlif elmi və rəhbər vəzifələrdə çalışıb.
1994-cü ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədrinin birinci müavini təyin edilib. 2000-ci ilin oktyabrından 2016-cı ilədək TQDK-nın sədri vəzifəsində işləyib. 2016-cı ildə Dövlət İmtahan Mərkəzi yaradıldıqdan sonra qurumun Direktorlar Şurasının sədri təyin edilib. 23 iyul 2024-cü il tarixində isə DİM İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
Məleykə Abbaszadə Azərbaycanda tələbə qəbulu proseslərinin avtomatlaşdırılmasına rəhbərlik edib, Abituriyent jurnalının təsisçisi olub və BMTİP-in informasiya-kommunikasiya texnologiyaları layihələrində milli koordinator kimi çalışıb.
Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə 2013-cü ildə Şöhrət ordeni, 2023-cü ildə isə Şərəf ordeni ilə təltif edilib.
Qeyd edək ki, Prezident İlham Əliyev Sərəncamı ilə Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilib.
Gülşən Şərif