Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 3 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş mərkəzi ilə “CELT Colleges” şirkətinin nümayəndələri arasında onlayn görüş keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə universitetin Karyera planlaşdırılması şöbəsinin müdiri Günel Qurbanova Karyera və məzunlarla iş mərkəzinin fəaliyyəti, həyata keçirilən təşəbbüslər, tələbə və məzunlar üçün reallaşdırılan layihələr, karyerayönümlü tədbirlər, təlim proqramları və məsləhət xidmətləri barədə ətraflı məlumat verib. Bildirib ki, Mərkəzin əsas məqsədi tələbə və məzunların əmək bazarında rəqabətqabiliyyətli bacarıqlara yiyələnməsinə dəstək olmaq və onların peşəkar mühitlə əlaqələrini gücləndirməkdir. Eyni zamanda, müəllimlik ixtisası üzrə təhsil alan tələbələrin və məzunların işlə təmin olunması istiqamətində yeni əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasının vacibliyi vurğulanıb, tələbələr üçün güzəştli paketlərin hazırlanması təklif edilib.
Baş mütəxəssis İlkin Şərifov xaricdə təhsil mövzusunda seminarların, infosessiyaların və tanıtım görüşlərinin təşkilinin məqsədəuyğun olduğunu qeyd edib.
“CELT Colleges”in xaricdə təhsil üzrə direktoru Fərid Kərimov şirkətin fəaliyyət istiqamətləri, tələbə və məzunlar üçün təqdim etdiyi xaricdə təhsil imkanları, eləcə də müxtəlif ölkələr üzrə təhsil və məşğulluq perspektivləri barədə məlumat verib.
Görüş zamanı müəllimlik ixtisası üzrə təhsil alan tələbə və məzunların “CELT Colleges”in təcrübə proqramlarında iştirak imkanları da müzakirə olunub.