Icma.az bildirir, Apa.az portalına istinadən.
Orta Şərqdəki münaqişə və Hörmüz boğazından gəmiçilikdə yaranan fasilələr ölkələri enerji strategiyalarını yenidən nəzərdən keçirməyə, enerji təchizatı mənbələrini və marşrutlarını şaxələndirməyə sövq edir.
"APA-Economics" xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA - IEA) “World Energy Outlook 2026” hesabatında bildirilib.
Hesabata görə, hazırkı böhran qlobal enerji təhlükəsizliyi və enerji resurslarının əlçatanlığını dövlətlərin enerji siyasətində əsas prioritetlərə çevirə bilər. Bu çərçivədə ölkələr enerji təchizatı mənbələrinin, ticarət marşrutlarının, yanacaq strukturunun və texnologiya təchizatı zəncirlərinin şaxələndirilməsinə, eləcə də daxili enerji resurslarından istifadənin genişləndirilməsinə daha çox üstünlük verə bilərlər.
BEA-nın qiymətləndirməsinə əsasən, Hörmüz boğazından gəmiçilik üçün ciddi risklərin uzun müddət davam etdiyi ssenaridə yeni alternativ boru kəmərlərinə investisiyalar, alternativ təchizat mənbələri və idxalçı ölkələrin tələbatı azaltmaq istiqamətində atacağı addımlar boğazdan keçən neft axınlarının həcmini əhəmiyyətli dərəcədə azalda bilər.
Belə ki, böhrandan əvvəl gündəlik 20 milyon barel təşkil edən bu göstəricinin 2030-cu ildə 8,5 milyon barelə, 2035-ci ildə isə 2 milyon bareldən aşağı səviyyəyə enə biləcəyi proqnozlaşdırılır. Bununla belə, hətta belə ekstremal ssenaridə də Yaxın Şərq beynəlxalq bazarlara ən böyük neft ixracatçısı olaraq qalacaq.
Hesabatda, həmçinin Orta Şərqdəki münaqişənin aydın şəkildə həll olunacağı təqdirdə neft və təbii qaz bazarlarında fərqli tendensiyaların yarana biləcəyi qeyd olunur. Bu halda, xüsusilə gecikmiş mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün bazara daxil olması hesabına qlobal neft və qaz təklifi əhəmiyyətli dərəcədə arta bilər. Nəticədə, ehtiyatların bərpasına baxmayaraq, hər iki bazarda alıcı bazarının formalaşması və qiymətlərə azaldıcı təzyiqin yaranması mümkündür.