Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04.11.2026

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şişkinlikdən xilas olmaq üçün sidikqovucu bitkilərdən istifadə etmək, hamama getmək, masaj və ev şəraitində kompreslər tətbiq etmək sağlamlıq üçün təhlükəli ola bilər. Həkimlər bildirirlər ki, bu üsullar ödemin əsas səbəbini aradan qaldırmır, əksinə, bəzi hallarda vəziyyəti daha da ağırlaşdırır.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə fleboloq və cərrah Konstantin Surtaev məlumat verib.

Həkimin sözlərinə görə, ödem müstəqil xəstəlik deyil, toxumalarda mayenin toplanmasıdır. Bu hal uzun müddət oturmaq, həddindən artıq duz qəbul etmək və ya travma nəticəsində yarana bilər. Eyni zamanda, ürək, böyrək, qaraciyər, damar və qalxanabənzər vəz xəstəliklərinin əlaməti də ola bilər. Buna görə də şişkinliyi aradan qaldırmaq üçün universal ev üsulu mövcud deyil.

Mütəxəssis ən təhlükəli üsullardan biri kimi sidikqovucu bitkilərin nəzarətsiz qəbulunu göstərib. Onun sözlərinə görə, mərcanı yarpağı, qatırquyruğu, ayıqulağı və cəfəri sidik ifrazını artıra bilər, lakin ödemin səbəbini aradan qaldırmır. Bu vasitələrin həddindən artıq istifadəsi susuzlaşmaya, təzyiqin aşağı düşməsinə və elektrolit balansının pozulmasına səbəb ola bilər. Bitki mənşəli vasitələr bəzi dərmanlarla da qarşılıqlı təsirə girə bilər.

Həkim tanışların məsləhəti ilə aptekdən alınan sidikqovucu dərmanların qəbulunu da təhlükəli hesab edib. Bu preparatların dozası xəstəliyin növü, böyrəklərin fəaliyyəti və elektrolitlərin səviyyəsi nəzərə alınmaqla həkim tərəfindən müəyyən edilməlidir. Əks halda, halsızlıq, qıcolma, ürək ritminin pozulması və böyrəklərin fəaliyyətinin pisləşməsi baş verə bilər.

Mütəxəssis maye qəbulunu kəskin azaltmağın da hər zaman faydalı olmadığını vurğulayıb. Xüsusilə isti havalarda, qusma və ishal zamanı, eləcə də sidikqovucu dərman qəbul edərkən suyun məhdudlaşdırılması susuzlaşmaya səbəb ola bilər. Maye qəbulunun azaldılması yalnız bəzi ürək və böyrək xəstəliklərində həkim göstərişi ilə tətbiq edilir.

Surtaev qeyd edib ki, sauna, hamam və isti vanna da ödemi müalicə etmir. Tərləmə nəticəsində çəki müvəqqəti azalsa da, mayenin toxumalarda toplanmasına səbəb olan problem qalır. Həddindən artıq istilik təzyiqin düşməsinə, ürəkdöyünməyə və susuzlaşmaya səbəb ola, bəzi hallarda isə şişkinliyi artıra bilər.

Həkim qəfil şişən ayağın intensiv masaj edilməsinin xüsusilə təhlükəli olduğunu bildirib. Onun sözlərinə görə, bir ayaqda şişkinlik, ağrı, qızartı və istilik hissi dərin vena trombozunun əlaməti ola bilər. Belə vəziyyətdə masaj etmək əvəzinə dərhal tibbi yardıma müraciət etmək lazımdır.

Kələm, kartof, duz və ya soda ilə hazırlanan kompreslər də artıq mayeni orqanizmdən xaric etmir. Sərin kompres narahatlığı müvəqqəti azalda bilər, lakin xəstəliyi müalicə etmir. Spirt və yüksək konsentrasiyalı duz məhlulları dərini qıcıqlandıra, düzgün tətbiq edilməyən sıx sarğılar isə qan dövranını poza bilər.

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью