Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Etibar ƏLİYEV
Elm və təhsil mütəxəssisi, sabiq millət vəkili
Alman sosial-psixoloqu, filosof və psixoanalitik Erix Fromm “İnsan anatomiyasının destruktivliyi” fundamental əsərində aqressiya və zorakılığın kökünü araşdırıb.
Fromm sübut edir ki, destruktivlik sosial-psixoloji fenomendir və heyvandan fərqli olaraq insan mövcudluğunun özəlliyindən, xüsusilə sosial nevrozdan qaynaqlanır. Fromm aqressiyanın iki növünü ayırır: xoşxassəli və bədxassəli. Bədxassəli aqressiya destruktivlik, sadizm, dağıtmaq naminə dağıtmaq kimi təsnif olunur. Bədxassəli aqressiyaya yoluxanlar şəxsi ambisiyalarını həyata keçirmək naminə cəmiyyətə ağrılar yaşatmağı həyat tərzi kimi seçirlər.
Azərbaycan xalqı Sovetlərin süqutundan sonra müharibədən ən çox əzab çəkmiş xalqlardan, bəlkə də, birincisidir. Bu, dinc yaşamağı sevən və sülh tərəfdarı olan bir xalqın dəfələrlə soyqırıma məruz qalması ilə nəticələnib. Qərbi Azərbaycandan – doğma torpaqlarımızdan – bizləri vəhşicəsinə qovdular. Qarabağımızda ekosid, genosid, urbisid, kultursid kimi beynəlxalq cinayətlər törədildi. Otuz il insanlarımız göz yaşı içində yaşadı. Bütün bunların fonunda tez-tez hakimiyyət dəyişikliklərinin baş verməsi sosial-psixoloji gərginliyə səbəb olurdu.
Ümummilli lider Heydər Əliyev hakimiyyətə ikinci dəfə qayıdışı ilə Azərbaycanın parçalanmasının qarşısını aldı. Dövlət quruculuğu sahəsində rasional addımlar atıldı. O, Azərbaycan Prezidenti İlham Əliyevi siyasi varis seçməklə bəsirətli şəxsiyyət olduğunu sübut etdi. 2003-cü ilin prezident seçkilərində ağır məğlubiyyətə düçar olan müxalifət qüvvələrinin və onların tərəfdarlarının təhtəlşüurunda yaşayan məğlubiyyət sindromu zaman-zaman aqressiya formasında özünü büruzə verib və bədxassəli xarakter alıb.
2020-ci ilə qədər deyirdilər ki, İlham Əliyev bir kəndimizi belə işğaldan azad edə bilməyəcək. Azərbaycanın Müzəffər lideri onun ətrafında sıx birləşən xalqla birlikdə Qarabağı işğaldan azad etdi. İki əsrə yaxın davam edən erməni istibdadından xilas olduq. Ancaq ermənilər və onların dəstəyi ilə xaricdə fəaliyyət göstərən, özlərini “siyasi mühacir” adlandıran şəxslər bu qələbəni qəbul edə bilmirlər. Onların ritorikasında aqressiya və destruktiv yanaşma açıq şəkildə hiss olunur.
Vaşinqtonda baş verən son hadisə də göstərdi ki, müxtəlif maraq dairələri bu cür radikal mövqelərdən istifadə etməyə çalışırlar. Müxtəlif şəxslərin sərgilədiyi aqressiv ritorika artıq sağlam siyasi müzakirə çərçivəsindən çıxaraq destruktiv xarakter alıb. Bu, təkcə fərdi mövqe deyil, sosial-psixoloji gərginliyin də təzahürü kimi qiymətləndirilə bilər.
Bədxassəli aqressiya cəmiyyət üçün təhlükəli tendensiyadır. Çünki o, tənqid və alternativ fikir mühitini konstruktiv müstəvidən çıxararaq təhqir, qaralama və düşmənçilik ritorikasına çevirir. Nəticədə sağlam ictimai dialoq zəifləyir, qarşıdurma isə dərinləşir.