BƏƏ də neft sızması genişlənərək sahilə YAXINLAŞDI

26.10.2026

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sahillərində zədələnmiş tankerdən dənizə yayılan neft ləkəsi genişlənərək Umm əl-Qüveyn əmirliyinin sahillərinə yaxınlaşıb.

Redaktor.az xəbər verir ki, bu barədə “The Straits Times” peyk görüntülərinə istinadən məlumat yayıb.

Avropanın “Copernicus” müşahidə şəbəkəsinin məlumatları göstərir ki, bir neçə gün ərzində neft ləkəsinin sahəsi böyüyüb. Tünd rəngli neft qatları həm dənizdə, həm də sahilboyu ərazilərdə müşahidə olunur.

“Shams TV” telekanalının məlumatına görə, peyk görüntüləri neftin əmirlik istiqamətində yayıldığını təsdiqləyir. Hadisə ilə əlaqədar Umm əl-Qüveyn, Şarja və Ras əl-Xayma əmirliklərində çimərliklər bağlanıb.

Əbu-Dabidəki Nyu-York Universitetinin mühəndislik professoru və Su Tədqiqatları Mərkəzinin direktoru Nidal Hilal Umm əl-Qüveyn sahillərində neft sızması ilə bağlı xəbərlərin ciddi narahatlıq doğurduğunu bildirib.

O, sızmanın miqyası və neftin hərəkət istiqaməti qiymətləndirilənədək çimərliklərin və sahilyanı ərazilərin müvəqqəti bağlanmasını məqsədəuyğun ehtiyat tədbiri adlandırıb.

BƏƏ-nin İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyi sızmanın qarşısını almaq üçün tədbirlər gördüyünü və ekoloji qiymətləndirmə apardığını açıqlayıb. Lakin rəsmilər tankerin adını və neft sızmasının səbəbini açıqlamayıb.

Xatırladaq ki, daha əvvəl BƏƏ-yə səyahət paketi alan Rusiya vətəndaşlarının çimərliklərin bağlanması xəbərinə reaksiyası barədə məlumat yayılıb.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью