BƏƏ nin “Masdar” enerji şirkəti 20 illik yubileyini qeyd edib

28.01.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 28 yanvar, AZƏRTAC

Dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda yaşıl enerji layihələrinə sərmayə qoyan “Masdar” şirkətinin 20 illik yubileyini və Əbu-Dabi Davamlılıq Həftəsinin uğurla başa çatmasını qeyd etmək üçün “Qəsr Əl-Bəhr” sarayında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın iştirakı ilə tədbir keçirilib.

AZƏRTAC rəsmi “Emirates” agentliyinə istinadla xəbər verir ki, BƏƏ Prezidenti şirkətin nümayəndə heyətini bu əlamətdar hadisə münasibətilə təbrik edib və beynəlxalq tərəfdaşlığı inkişaf etdirmək, dünyada davamlı inkişafı təşviq etmək öhdəliyini əks etdirən “Masdar”ın əməkdaşlarına təşəkkürünü bildirib. O, həmçinin şirkətin BƏƏ-nin daha geniş davamlılıq gündəliyinə verdiyi töhfəni və beynəlxalq iqlim tədbirlərini dəstəkləmək, hamının rifahı naminə inkişaf problemlərini həll etmək səylərini vurğulayıb.

Tədbirdə qeyd olunub ki, son 20 ildə “Masdar” sürətlə böyüyərək dünyanın ən böyük bərpaolunan enerji şirkətlərindən birinə çevrilib və 45-dən çox ölkədə innovativ layihələrin qlobal portfelinə malikdir. Bu layihələr şirkətin enerji sektorunun transformasiyasında əsas oyunçu kimi mövqeyini möhkəmləndirməyə kömək edib.

BƏƏ tərəfindən dünyanın ən aktual davamlılıq problemlərini həll etmək üçün yaradılan və qlobal platforma olan Əbu-Dabi Davamlılıq Həftəsi hər il “Masdar” şirkəti tərəfindən təşkil olunur. Həftəyə BƏƏ Prezidenti tərəfindən qabaqcıl davamlılıq həllərini mükafatlandırmaq üçün təsis edilən qlobal mükafat – “Zayed Davamlılıq Mükafatı”, eləcə də məsuliyyətli inkişafın sürətləndirilməsinə və inklüziv iqtisadi, sosial və ekoloji tərəqqinin təşviqinə yönəlmiş bir sıra forum və təşəbbüslər daxildir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью