Icma.az, Azertag portalına istinadən məlumat verir.
Qahirə, 7 sentyabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) enerji ixracının və ticarətin İranla müharibə fonunda yaranan vəziyyətin “girov”una çevrilməməsi üçün alternativ marşrutlar yaratmağa çalışır.
AZƏRTAC xəbər verir ki, bunu BƏƏ Prezidentinin müşaviri Ənvər Qarqaş Əbu-Dabidə keçirilən “Hili” forumunda çıxışı zamanı deyib.
“Enerji ixracımız, eləcə də ticarətimiz və iqtisadi fəaliyyətimiz girov vəziyyətində qalmayacaq”, - deyə o vurğulayıb.
Müşavirin sözlərinə görə, BƏƏ iqtisadiyyatda zəif tərəflərini müəyyənləşdirir, infrastrukturun və iqtisadiyyatın dayanıqlığını artırır. O qeyd edib ki, bu istiqamətdə işlər daha əvvəl də aparılıb, lakin Hörmüz böhranı həmin tədbirlərin həyata keçirilməsini sürətləndirib. Bu baxımdan, BƏƏ şərq sahillərində yerləşən limanlarının imkanlarını genişləndirir, həmçinin alternativ dəhlizlərin yaradılması üçün boru kəmərləri, dəmir yolları və ticarət marşrutlarının inkişaf etdirilməsi istiqamətində iş aparır.
Ənvər Qarqaş İranla münasibətlərin bərpasının mümkün olduğunu, lakin hücumlardan sonra qonşu ölkələrin etimadının yenidən qazanılmasının onilliklər çəkə biləcəyini vurğulayıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə