Icma.az, GlobalInfo saytına istinadən bildirir.
“Üzr istəmək də bir qəhrəmanlıqdır”.
Globalinfo.az bildirir ki, bu sözləri “Yeni Sabah”a mərhum Xalq artisti Rəşid Behbudovun kürəkəni, Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi deyib.
O, yazıçı Şərif Ağayarın Rəşid Behbudovla bağlı üzr paylaşımını belə şərh edib:
“Əlbəttə, əgər insan səhv etdiyini anlayırsa və bunu dilə gətirərək üzr istəyirsə, bu, özü müsbət haldır. Mən də sevinirəm ki, Şərif Ağayar bir çoxlarına nümunə göstərdi: üzr istəmək də, bir növ, qəhrəmanlıqdır. İnsan səhvini başa düşürsə, bunu etiraf edirsə və düzəltməyə çalışırsa, əlbəttə, bu qəbul olunmalıdır”.
K.Şahverdi bildirib ki, söhbət təkcə fikir və ya fərdi yanaşmadan getmirdi:
“Yadınızdadırsa, muğamımız, musiqi sərvətimiz tənqid olunur, minilliklər boyu formalaşmış böyük bir sənət, bütün dünyanın heyranlıqla yanaşdığı vahid bir sistem, demək olar ki, kosmik səviyyədə olan bir sənət nümunəsi alçaldılırdı. Kimsə onu başa düşməyə bilər, dinləməyə də bilər, amma bu dərəcədə aşağılamaq və tənqid etmək yolverilməzdir”.
O əlavə edib: “Ümid edirəm ki, hər hansı bir şəraitdə, hansı şəraitdə olduğunu dəqiq bilməsək də, Şərif bəy bunları yazıb və sonradan özü də etiraf etdi ki, bunun nə cür baş verdiyini anlayır. Hər halda, düşünürəm ki, ziyalı sayılan, cəmiyyətə nümunə ola biləcək bir insanın bu cür addım atması qəbul edilən deyil. Eyni zamanda, səhvini dərk edib düzgün reaksiya verməsi də müsbət haldır. Əlbəttə, bu mövzunu daha da davam etdirməyə ehtiyac yoxdur”.
Qeyd edək ki, yazıçı Şərif Ağayar bir neçə gün əvvəl sosial şəbəkə paylaşımında SSRİ və Azərbaycan Xalq artisti Rəşid Behbudov barədə qalmaqallı fikirlər yazıb. Kamil Şahverdi bunun qarşılığında yazıçıdan üzrxahlıq etməsini tələb edib, əks halda, hüquqi müstəvidə addım atılacağını diqqətə çatdırmışdı.