Bəhlul İlqar Qurbanovun istəyini yerinə yetirdi, legionerlər “Qarabağ”ı unutmadı

24.01.2026

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

“Qarabağ” Azərbaycan futbol tarixinə növbəti parlaq səhifə yazdı. Hansısa möcüzə baş verməsə, ağdamlılar pley-offa vəsiqə qazanacaq.

Bu oyun ətrafında bir neçə maraqlı hadisə baş verdi. 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə qələbə qolunu vurdu. Diqqəti çəkən məqam odu ki, oyundan əvvəl “CBC Sport”un meydanın kənarında qonağı olan İlqar Qurbanov Bəhlul Mustafazadənin qələbə qolunu vurmaq istədiyini bildirmişdi. 28 yaşlı müdafiəçi veteran futbolçunun hisslərini yanıltmadı.
“Qarabağ”ın ən yaxşı üç oyunçusu, heç şübhəsiz, Kamilo Duran, Elvin Cəfərquliyev və Bəhlul Mustafazadə idi. Elvin “Futbol+”in son ümummilli sorğusunun qalibidi. Bəhlul isə 2024-cü ilin ən yaxşısıdı. Maraqlıdı ki, Elvin Cəfərquliyev bir məhsuldar ötürmə verdi, ilk qolda da ən vacib ötürmənin müəllifi oldu. “Qarabağ”ın əsas heyətində olan hər iki yerli futbolçu həm də Azərbaycanın futbolunun ən yaxşılarındandı.
Oyun 5 dəqiqə gec başladı. Səbəb isə VAR otağı ilə baş hakim arasında rabitənin kəsilməsi idi. Daha sonra matç start götürsə də, 7-ci dəqiqədə referi Sandro Şerer kapitanları yanına çağıraraq VAR-ın işləmədiyini bildirdi. Bundan sonra bir neçə şübhəli epizod oldu. İstər ikinci yarıda Duranın yerdə qaldığı epizod, istər qapımıza təyin olunan penalti... VAR-dan səs çıxmadı. Biz də belə anladıq ki, VAR işləmir. Amma işləyirmiş. Bu barədə mediaya klubun Kommunikasiyalar departamentinin rəhbəri Anar Hacıyev məlumat verib. Baş hakimin bu epizodları belə gözdən qaçırması bir biabırçılıq, VAR işləyə-işləyə reaksiya verməməyi də başqa.
Oyundan əvvəl bildirilmişdi ki, stadionda “Ayntraxt”ı dəstəkləyən azarkeşlər olmayacaq. Amma belə deyildi. 100-ə yaxın almaniyalı komandanı dəstəkləmək üçün gəlmişdi. Əslində burda heç bir problem yoxdu. Problem ondadı ki, gələn tamaşaçılar “Qarabağ” azarkeşləri üçün ayrılan sektora bilet almışdılar. Bu barədə də Anar Hacıyevlə danışdıq:

“Alman azarkeşlərin pərakəndə şəkildə gələcəyini düşünmək olardı. Belə ehtimal var idi. Gözləyirdik ki, gəlib iştirak edəcəklər. Amma bu formada - təşkilatlanmış halda gələcəkləri ilə bağlı məlumatımız yox idi. Bu barədə xəbər ötürülməmişdi”.

“Qarabağ”ın qələbəsinə bu kluba bağlı olan hər kəs sevindi, paylaşım etdi. Onların arasında sabiq futbolçuları da var idi. Olavio Juninyo “Qarabağ”dan sonra iki komanda dəyişib. Amma hiss olunur ki, hələ də qəlbi “Qarabağ”ladı. Oyuna televiziyadan canlı baxırdı. Sevincini də “instaqram”da “hekayə” bölməsində paylaşıb, izləyiciləri ilə bölüşüb.
Həmçinin “Qarabağ”ın bir neçə futbolçusu da qələbəni bayram edib. Yassin Benzya Qurban Qurbanovun dahi olduğu haqda paylaşım edib. Dino Nndlovu evinin “Qarabağ” olduğunu deyib. Uroş Matiç komandanın işin öhdəsindən gəldiyini bildirib. Gürcüstanlı qapıçı Luka Quqeşaşvili də “köhlən atlar”ın qələbəsini paylaşıb.
MÜZƏFFƏR QULUZADƏ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью