Icma.az, Idman.biz saytına istinadən bildirir.
“Pley-offa vəsiqə qazandığımız üçün şadıq”.
İdman.Biz xəbər verir ki, bu sözləri “Liverpul”la oyundan sonra Bakıya qayıdan “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə hava limanında jurnalistlərə açıqlamasında deyib.
“Pley-offa vəsiqə qazandığımız üçün şadıq. Təbii ki, dünənki oyuna görə təəssüf hissi keçiririk. Ümumi götürsək, bizim üçün yaxşı Çempionlar Liqası mövsümü oldu. Yolumuza davam edirik. “Liverpul”la matç bizə dərs olacaq”.
Bəhlul Mustafazadə potensial rəqiblərdən də danışıb:
“Ümumi baxsaq, “Nyukasl” PSJ-dən bizə daha münasib rəqib kimi görünür. Amma hər ikisi də çox güclüdür, layiqli mübarizə aparmağa çalışacağıq”.
“Qarabağ”ın müdafiəçisi Çin klubuna keçəcəyi ilə bağlı xəbərlərə münasibətini bildirib:
“Hələ ki, rəsmi təklif yoxdur. İndidən bu barədə nəsə demək düzgün olmaz”.
Qeyd edək ki, “Qarabağ” liqa mərhələsinin son turunda İngiltərədə “Liverpul”a 0:6 hesabı ilə uduzub. Böyükhesablı məğlubiyyətə baxmayaraq, turnir cədvəlini 10 xalla 22-ci pillədə başa vuran “Qarabağ” növbəti raunda vəsiqə qazanıb. Bununla da “köhlən atlar” Çempionlar Liqasında pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.