Bəhlul Mustafazadənin atası: “Qol vurulan anda...

22.01.2026

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

“Səhər saat 5-ə qədər yatmamışıq. Ancaq zənglərə cavab vermişik”.

Globalinfo.az bildirir ki, bu sözləri Teleqraf-a açıqlamasında “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadənin atası Ələmdar Mustafayev deyib.

Futbol mütəxəssisi UEFA çempionlar Liqasının VII turunda “Qarabağ”ın Bakıda Almaniya təmsilçisi “Ayantraxt” üzərində 3:2 hesablı qələbəsi ilə bağlı təəssüratlarını bölüşüb.

Mustafayev oğlunun 90+4-cü dəqiqədə vurduğu qələbə qolundan da danışıb: “Bundan gözəl səhər ola bilməzdi, bu, dəqiqdir. Oyuna stadiondan baxırdım. Qol vurulan anda sevincimizdən bir-birimizi qucaqladıq, heç bilmədim qolu kim vurub. Top mərkəzə gələnə qədər bunu bilmədim. Ancaq onunla qucaqlaşırdım, bununla qucaqlaşırdım. Sadəcə, “Qarabağ”ın qol vurduğunu gördüm. Tamaşaçılar “Bəhlul, Bəhlul” deyə qışqırırdı. Sonra gedişata baxanda gördüm ki, odur. Komanda üçün daha çox sevindim. Bəhlulun da qol vurması mənim üçün xoşdur. Amma kim vursaydı, yenə eyni sevinci yaşayacaqdım. Bəhlulun qol vurması xüsusi bir şeydir. Cənab Prezidentin təbrikini də oxudum. O boyda ölkə başçısının diqqətindədirsə bu oyun, böyük bir şeydir”.

Ələmdar Mustafayev Ağdam klubunun hesabda geri düşməsindən də söz açıb: “78-ci dəqiqədə hesabda geri düşəndə inanılmaz idi. Bərabərlik qolu vaxtında vuruldu, ikinci top daha qiymətli idi. Çempionlar Liqasının qrup mərhələsində qol vuran ilk azərbaycanlı futbolçu olması qürurverici bir şeydir. Azərbaycanlı olması ilə yanaşı, övladım olduğu üçün də qürur duyuram. Bu qolu irəliyə doğru atılan addım hesab edirəm. Amma legionerliyi deyə bilmərəm. Çünki “Qarabağ” özü artıq markadır. Çempionlar Liqasında oynamaq, Azərbaycanı təmsil etmək qədər qiymətli şey bilmirəm”.

Qeyd edək ki, “Qarabağ” hazırda 10 xalla Çempionlar Liqasının turnir cədvəlində 18-ci pillədə yer alır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью