Bəhramtəpə Hidroqovşağında təmir işləri... AÇIQLAMA

20.11.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bəhramtəpə Hidroqovşağında aparılacaq təmir işləri İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Cəlilabad rayonlarının su təchizatında fasiləyə səbəb olmayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Regional Su Meliorasiya QSC-nin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, hidroqovşaqda təmir işləri Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq həyata keçirilir.

Qeyd olunub ki, 2022-ci ildən başlanılan və mərhələli şəkildə icra edilən işlərin əsas hissəsi artıq yekunlaşıb. Hazırda layihənin növbəti mərhələsi çərçivəsində anbarın müəyyən hissələrində betonlama işlərinin aparılması və nizamlayıcı qapıların yeniləri ilə əvəzlənməsi nəzərdə tutulur.

Təmir işlərinin cari ilin dekabr və gələn ilin yanvar aylarında, təxminən iki ay müddətində aparılması planlaşdırılır. İşlərin müddəti hava şəraitindən və texniki proseslərin gedişindən asılı olaraq daha qısa ola bilər.

Açıqlamada vurğulanıb ki, təmir müddətində ətraf rayonların su təminatında hər hansı çatışmazlıq və ya fasilə gözlənilmir. Bu dövrdə alternativ mənbə kimi Qarabağ kanalından istifadə olunacaq. Kanala saniyədə 25-30 kubmetr su daxil olduğu təqdirdə, həmin suyun müvafiq kanallara yönəldilməsi hesabına ərazilərin su təminatı davam etdiriləcək.

Bildirilib ki, təmir işlərinin suvarma suyuna tələbatın nisbətən az olduğu dekabr-yanvar aylarına təsadüf etməsi də xüsusi olaraq nəzərə alınıb. Bu, həm texniki işlərin əlverişli şəraitdə aparılmasına, həm də suvarma və digər su təchizatı ehtiyaclarının fasiləsiz qarşılanmasına imkan verəcək.

Beləliklə, Bəhramtəpə Hidroqovşağında təmir işləri ilə əlaqədar İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Cəlilabad rayonlarının həm içməli, həm də suvarma suyu ilə təminatında çətinlik gözlənilmir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью