Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Mançester Yunayted"in əfsanəvi futbolçusu Devid Bekhem sosial mediadakı paylaşımı ilə gündəmə gəlib.
QOL.az xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 23-cü turunda "Arsenal" üzərində qazanılan qələbə fonunda sosial mediada paylaşım edib. "Qırmızı şeytanlar"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşan matçdan sonra Bekhem "topçular"ın azarkeşi olan oğluna ismarıc göndərib. O, sabiq klubundakı dövrünü əks etdirən fotosunu paylaşaraq oğlunu işarələyib və "Yaxşısan, Romeo?" sualını ünvanlayıb.
23 yaşlı Romeo isə atasına cavab verməkdə gecikməyib. O, dərhal Premyer Liqanın turnir cədvəlinin görüntüsünü paylaşaraq "Çox da arxayınlaşmayın", - deyə atasına cavab verib.
Xatırladaq ki, 23 turdan sonra "Arsenal" 50 xalla turnir cədvəlinə başçılıq edir. Aktivində 38 xal olan "Mançester Yunayted" isə 4-cü pillədə qərarlaşıb.