Belarus heyəti Gəncədə

15.10.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Belarus Respublikası Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Serqeyenkonun rəhbərlik etdiyi heyət Gəncədə səfərdə olub.

Qonağı və onu müşayiət edən Belarus Respublikasının Azərbaycandakı səfiri Dmitri Pineviçi, Nümayəndələr Palatası sədrinin fəaliyyətinin planlaşdırılması və təminatı şöbəsinin rəisi Aleksandr Antonoviçi, Belarusun ölkəmizdəki səfirliyinin birinci katibi Veronika Lisitskayanı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Milli Məclisin deputatı Xanlar Fətiyev qarşılayıblar.

Qonaqlar Gəncənin baş meydanında ümummilli lider Heydər Əliyevin abidəsini və Ermənistanın 2020-ci ildə Gəncəyə raket hücumlarının qurbanlarının Memorial Kompleksini ziyarət ediblər, ərazidə fəaliyyət göstərən muzeylə də tanış olublar. Belarus heyətinə Gəncənin raket hücumlarına məruz qalması, mülki əhali arasında itkilər və şəhərdə törədilmiş dağıntılar barədə məlumat verilib.

Səfər zamanı qonaqlar Gəncənin tarixi və mədəni irsi ilə də yaxından tanış olublar. Onlar şəhərin sonuncu xanı, Azərbaycanın istiqlal və qəhrəmanlıq tarixində xüsusi yeri olan Cavad xanın məqbərəsini ziyarət edib, onun adını daşıyan küçəni gəziblər. Bütün bunlar qədim Gəncə barədə qonaqlarda xoş təəssürat yaradıb.

Hamlet QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью