Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Kiyev, 16 noyabr, AZƏRTAC
Belarusda Azərbaycan xalqının zəngin mədəni irsinin təbliği, iki ölkə arasında mədəni əlaqələrin və humanitar əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə silsilə tədbirlər təşkil olunub.
Azərbaycanın Belarusdakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin (BDPU) nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin və ölkəmizin Belarusdakı səfirliyinin dəstəyi ilə BDPU-da Azərbaycan incəsənət ustalarının təntənəli konsert proqramı keçirilib.
Tədbirin rəsmi açılış mərasimində çıxış edən BDPU-nun rektoru Aleksandr Juk Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyət göstərdiyi illər ərzində iki xalq arasında humanitar əlaqələrin və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə mühüm töhfələr verdiyini, burada Azərbaycanın milli bayramlarının yüksək səviyyədə qeyd olunduğunu diqqətə çatdırıb.
Səfir Məhərrəm Əliyev çıxış edərək ölkələrimizin liderləri arasında formalaşmış səmimi dostluq və etimad mühitinə uyğun olaraq humanitar əlaqələrin də inkişaf etdiyini vurğulayıb. BDPU-da fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin xalqlarımız arasında əsl körpü rolunu oynadığını bildirən səfir, təşkil olunan humanitar tədbirlər vasitəsilə universitetin professor və tələbə heyətinin Azərbaycanın mədəni irsi, adət-ənənələri ilə yaxından tanış olmasına şərait yaradıldığını qeyd edib.
Tədbirin bədii hissəsində Azərbaycanın tanınmış opera və incəsənət ustaları — Xalq artisti Fidan Hacıyeva, Əməkdar artistlər Nərgiz Kərimova və Fərid Əliyev, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Rauf Məmmədzadə zəngin konsert proqramı ilə çıxış edərək dünya və milli opera klassikasından ariyalar, Azərbaycan musiqi sənətinin incilərini təqdim ediblər.
Silsilə tədbirlər çərçivəsində Belarusun ən qədim şəhərlərindən olan Polotskda 2020-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş “Nar bayramı”na həsr olunan mədəni tədbir keçirilib. Polotsk Şəhər Mədəniyyət Sarayında təşkil edilən bayram şənliyi yerli ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Sarayın foyesində ölkəmizin mədəni irsini əks etdirən tematik sərgilər nümayiş etdirilib və Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub. Tədbir çərçivəsində Azərbaycanın görkəmli incəsənət xadimləri Fidan Hacıyeva, Nərgiz Kərimova, Fərid Əliyev və Rauf Məmmədzadə geniş konsert proqramı ilə çıxış ediblər.
Tədbirin yekununda BDPU nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Fuad İbrahimov çıxış edərək, yüksək qonaqpərvərliyə və səmimi qəbula görə Polotsk şəhər və rayon rəhbərliyinə, eləcə də şəhər sakinlərinə təşəkkürünü bildirib.
“Nar bayramı” dahi Müslüm Maqomayevin “Ey, əziz anam, Azərbaycan!” mahnısının sədaları altında yekunlaşıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev