Belçika nüvə enerjisindən imtina planından geri çəkilib

16.05.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Berlin, 16 may, AZƏRTAC

Belçika hökuməti ölkədə fəaliyyət göstərən atom elektrik stansiyalarının (AES) bağlanması ilə bağlı əvvəlki planlarından geri çəkilib.

AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, parlamentdə keçirilən səsvermədə sağ-millətçi Bart de Veverin rəhbərlik etdiyi hökumətin hazırladığı yeni qanun layihəsi böyük səs çoxluğu ilə təsdiqlənib. Yeni qanuna əsasən, ölkədəki dörd mövcud nüvə reaktorunun fəaliyyət müddəti uzadılacaq. Bununla yanaşı, Belçika hökuməti yeni atom reaktorlarının sifarişi ilə bağlı addımlar atmağa hazırlaşır.

Hazırda ölkədə dörd nüvə reaktoru fəaliyyət göstərir. Onlardan ikisi Niderlandla sərhəddə yerləşən Doel, ikisi isə Almaniya sərhədindən təxminən 50 kilometr məsafədə yerləşən Tihange elektrik stansiyasındadır. Onilliklərdir istifadə olunan bu reaktorların bu il bağlanması nəzərdə tutulurdu. Lakin Ukrayna müharibəsinin səbəb olduğu enerji böhranı fonunda əvvəlki hökumət “Tihange 3” və “Doel 4” reaktorlarının fəaliyyət müddətinin uzadılmasını qərara almışdı. Bu reaktorlar 1985-ci ildən etibarən enerji şəbəkəsinə qoşulub. Fransanın enerji şirkəti "Engie" bu ilin martında hər iki reaktoru növbəti on il ərzində işlətməyə davam edəcəyini bildirmişdi.

Qalan iki reaktor – “Tihange 1” və “Doel 2” təxminən 50 ildir fəaliyyət göstərir və əslində ilin sonunda bağlanmalı idi. Lakin yeni qəbul olunmuş qanun bu reaktorların istifadəsinin davam etdirilməsinə hüquqi zəmin yaradır.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью