Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Məsəl var, deyir "Düz söz acı olar". Bir neçə gün əvvəl bu məsəlin bütün acılığını bir daha hiss etdim. Bir az əvvəldən başlayım...
Həmkarlarla qabaq-qənşər oturub söhbətləşmək mənə xüsusi zövq verir, təbii ki, işinin peşəkarı ilə. Yaxın günlərdə bu zövqü bir daha yaşadım. Əslində onu həmkardan daha çox bir tamaşaçı olaraq təqdim etdiyi işlərin altındakı imzası ilə tanımışam. Və sonda düşündüm ki, bəlkə bir həmsöhbət olaq onunla? Fikrim maraqla qarşılandı, dərhal hərəkətə keçib onunla əlaqə saxladım və müsahibənin günü təyin edildi. Həmsöhbətimizin kim olduğuna hələ açıqlamadan, söhbətimizin sonunda söylədiyi fikrini yazının əvvəlində səsləndirmək istədim: "Bu gün jurnalistikada qeyri-peşəkarlar daha çoxdur". Bütün sahələrdə qeyri-peşəkarlıq olsa da, jurnalistika üçün bu, bir faciədir. Dördüncü hakimiyyət adlandırılan jurnalistikamızda nə qədər ki, pisi yaxşı, əyrini düz, düzü kələ-kötür görərək, əldə qələm tutanlar var, düz söz elə acı olaraq da qalacaq.
Keçək günümüzün müsahibinə... Düşündüm ki, bircə ad yetər ki, oxucu onu dərhal tanısın. Qonağımız "Belə-belə işlər" media layihəsinin direktoru, "CVN Group"un baş direktoru Səbinə Məlikovadır.
- Haqqınızda bilmədiklərimizlə başlayaq söhbətə...
- Sadə və tipik azərbaycanlı bir ailənin dörd övladından biriyəm. Bakı Slavyan Universietinin Beynəlxalaq münasibətlər fakültəsini bitirmişəm. Qiyabi təhsil aldığım üçün on yeddi yaşımda o zaman ANS-dəki jurnalistika kurslarına müraciət etdim və qəbul olundum. Yeniyetmə bir qızın yolu radioda xəbər aparıcısı kimi başladı, sonra müxtəlif vəzifələrdə çalışdım. Daha sonra Ukraynaya ezam olundum. 2014-cü ildə Ukraynada Maydan hadisələri başlananda ANS TV-nin xüsusi müxbiri kimi orada çalışdım. İki ildən sonra Azərbaycana qayıtdım və fəaliyyətimə davam etdim. Kanal bağlandıqdan sonra "Belə-belə işlər" layihəsi açıldı və ora dəvət aldım. Artıq on ilə yaxındır ki, burada çalışıram. Hazıda "CVN Grop"un baş direktoruyam. Bu qrup kiçik bir media holdinqidir. Onun tərkibində CVN TV gənclər, "Belə-belə işlər" maarifləndirici və Astar TV You Tube sosial media kanalları yer alıb.
- "Beynəlxalq münasibətlər" fakültəsinin tələbəsinin jurnalistikaya marağı...
- Etiraf edirəm ki, jurnalistika heç zaman uşaqlıq arzum və istəyim olmayıb. Ən böyük arzum diplomat olmaq idi. Yazdığım fakültələrin hamısı həm o istiqamətdə idi, həm də mümkün olan səkkiz fakültənin yeddisini qiyabi kimi qeyd etmişdim. Çünki o dövr üçün təhsil aldığım orta məktəbin təhsil keyfiyyəti aşağı idi və mənim ali məktəbə hazırlıq prosesim ağır və çətin olub. Çox oxuyurdum deyə, bir qədər həvəsdən də düşmüşdüm. Qərarımı belə vermişdim ki, qiyabi təhsil alaraq çalışacağam. Yəni mənim səs-küylü tələbəlik dövrüm, gündəlik universitet qayğıları kimi bir həyatım olmayıb.
- Jurnalistikaya arzu və istəyiniz olmayıb, amma on yeddi yaşında məhz jurnalistika kurslarına yazılmısınız...
- Böyük bacım Zənurə Talıbova jurnalist idi və ANS-də aparıcı kimi çalışırdı. Mən onun yolu ilə getmək istədim. Bacım qəti surətdə bunun əleyhinə idi və bacardığı qədər mane olurdu. Onun iş yoldaşlarından belə bir kursun olduğunu eşitmişdim və bacımdan xəbərsiz kursa müraciət etdim. Həm diksiyama, həm də müəyyən qədər dünyagörüşümə görə məni qəbul etdilər. Dəhlizdə bacımla rastlaşdıq. O, məndən böyük olduğu üçün bacımdan çəkinən bir yerim vardı. Üstümə qışqırıb dedi ki, sən burada nə gəzirsən, tez çıx get evə. İndiyə qədər yadımdadır ki, orada məni müdafiə edən də oldu və beləcə, gəldim jurnalistikaya. Amma bu gün jurnalistikanı çox sevirəm, bu peşəyə bərk həvəsim var. Baxmayaraq ki, çalışdığım yerdə rəhbər vəzifədəyəm, mütəmadi olaraq ezamiyyətlərə gedir, reportajlar hazırlayır, müsahibələr götürürəm, yəni bu yola davam etməkdəyəm.
- Anladığım qədər qarşınızda jurnalistika ilə bağlı bəlli və konkret bir məqsəd olmayıb...
- Xarakter etibarilə elə bir insanam ki, harada işləməyimdən asılı olmayaraq, orada maksimum dərəcədə çalışmalıyam, əlimdən gələni etməliyəm və ən azı çalışdığım peşədə ən yaxşılardan olmalıyam. Və mən radioya gələndə mühitin gənclər üçün fərqli olduğunu gördüm. Orada əyləncəli bir mühit vardı və radioda çalışan gənclər daha innovativ idilər. Bu, məni çox həvəsləndirirdi. O zaman ANS-də elə bir jurnalist mühiti var idi ki, orada çalışan nisbətən yaşlı və peşəkarlara baxanda jurnalistikanın çox maraqlı peşə olduğunu anladım, çünki onlardan çox şey görüb-götürmək olurdu. Belə deyim də, xəmirim orada yoğruldu, bir şəxsiyyət kimi formalaşmağımda həmin mühitin rolu böyük oldu.
- Yəni mühit sizi məqsədə yaxınlaşdırdı...
- Əlbəttə, yaxınlaşdırdı. Tədricən "Belə-belə işlər" layihəsinin inkişafımda böyük rolu oldu. On il çox böyük olmasa da, az da zaman kəsiyi deyil. Hazırda sosial şəbəkələr elə bir mühitdir ki, burada keyfiyyətli, maarifləndirici kontentlə insanların rəğbətini qazanmaq, sevilmək bir layihə üçün sevindirici haldır. Bu gün "Belə-belə işlər"in hazırladığı videoların məktəblərdə nümayişi olur. Yeni nəslin Azərbaycanın tarixini, dahi şəxsiyyətlərini tanımasında bizim də payımız varsa, bu, artıq böyük bir uğurdur. Bu, bizi daha maraqlı işlər görməyə sövq edir. Gördüyümüz uğurlu işlər nəticəsində dövlət strukturlarının bizə inamı yaranır ki, digər jurnalistlərin buraxılmadığı məkanlarda biz rahatlıqla və daha böyük həvəslə işlərimizi görə bilirik. Azərbaycan köklü tarixə, dövlətçilik ənənələrinə malik bir ölkədir. Bu haqda danışılmalı çox hekayələr, tanıtmalı çox yerlər var.
- Konkret sual - jurnalist kimdir...
- Həqiqəti deməyi bacaran, bunu söyləməyi özünə borc bilən peşə sahibidir jurnalist. Bir hərbçi mənə demişdi ki, hərə bir cür xidmət edir Vətəninə - biz silahımızla, siz qələminizlə. Vətən müharibəsində biz bunun şahidi olduq. Hazırladığımız videolar müxtəlif dillərdə, müxtəlif ölkələrin Azərbaycan səfirliklərində nümayiş etdirilirdi. Gəncə terroru, digər hadisələrlə bağlı ingilis dilində videolar yerləşdirirdik, insanlarımız onları sürətlə paylaşırdılar. Bax bu, Vətənə əsl xidmət idi.
- Bəlli bir yol qət etmisiniz və yəqin ki, doğru yol seçdiyinizi də düşünmüsünüz...
- Seçdiyim peşə və getdiyim yolla bağlı heç zaman tərəddüd hissim olmayıb, çünki işimi çox sevirəm. Amma sizə bir hadisə danışım, hansında ki, orada vur-tut 20-30 saniyəlik tərəddüdüm olub. Müharibədən az bir müddət sonra Zəngilana getmişdik. Zəngilan Tarix-Diyarşünaslıq Muzeyinə daxil olmalı idik. Ərazi hələ minalardan təmizlənməmişdi, lakin biz oradakı Qoç başlar heykəllərini çəkməli idik, çünki nə əcəbsə onları məhv etməmişdilər. Bizə ANAMA-nın əməkdaşını təhkim etmişdilər. O, bizdən irəlidə gedirdi və onda bizə belə bir söz dedi ki, addımımı hara atıramsa, siz də addımınızı mənim izimin üzərinə qoyun. Həmin anda hansı yolla getdiyimi dərk etdim və düşündüm ki, qarşıdakı insan bizə görə həyatını təhlükəyə atıb. Ani olaraq düşündüm ki, axı iki övladım var, mən burada nə edirəm? Bu, təbii analıq hissi idi və cəmi iyirmi saniyə mən bu hissi yaşadım. Bundan fərqli bir hadisə də danışım.
- Danışın...
- Ukraynada ezamiyyətdə olanda Maydan hadisələri zamanı oğlum iki aylıq idi və təbii ki, onu kiminsə yanında qoymağa yer yox idi. Hadisələrin ən qabarıq, çox gərgin bir vaxtında canlı yayıma çıxmalı idim. Noyabr ayının sonudur, hava çox soyuq, oğlum uşaq arabasında yatır və mən gəldim Maydana. Bir tərəfdə Molotov kokteyli düzəldirlər, arxa tərəfdə müxalifət Radaya daxil olub görüş keçirir. Mən bir əlimlə uşaq arabasını tutmuşam ki, əgər körpə oyanıb ağlayarsa, onu yırğalaya bilim. Təsəvvür edin ki, heç o anda məndə bir ana kimi tərəddüd hissi yaranmamışdı. Ailə üzvlərimdən zəng gəlməsin deyə, mən telefonlarımı da söndürürdüm. Yəni elə bir od-alovun içində düşündüyüm bir tək sənətim idi. İllər sonra öz torpağımda yaşadığım o ani tərəddüdün səbəbi bəzən özümə də qəribə gəlir. Ondan savayı sənətim sarıdan heç zaman peşmançılıq yaşamamışam, inanıram ki, belə də davam edəcək.
- Səbinə Məlikova - jurnalist, yoxsa bir media layihəsinin arxasında dayanan yaradıcı insan...
- Desəm ki, özümü jurnalist kimi görmürəm, bu, mənim üçün çox ağrılı olar. Çünki hələ də yazıram, reportajlar hazırlayıram və hələ də yaratmağa çalışıram. Onsuz bir həyatı təsəvvür edə bilmirəm. Lakin bir media layihəsinin arxasında dayanmaq, bir komandaya motivasiya vermək, onları idarə etmək, öyrətmək də qazandığım bir təcrübədir və onu da sevirəm.
- Gəlib çatdıq bayaqdan adını bir neçə dəfə çəkdiyiniz "Belə-belə işlər"ə... Adın özü maraqlı tapıntıdır...
- Əslində ad artıq biz gələndə var idi. Bir media brendi olaraq düşünülmüş ad idi və loqotipi də hazırlanmışdı. Qarşımızda bir məqsəd vardı - layinənin içini nələr dolduracaq. O zaman mən, Mina Quliyeva və Pərviz Sadıqov dəvət almışdıq bu layihəyə. "Belə-belə işlər" yaradılanda sosial şəbəkələr natəmiz idi - tanışlıq əlaqələri, saytlarda qeyri-peşəkar manşetlər, qalmaqallar, şou-biznes dedi-qoduları hər tərəfi zəbt etmişdi. Əsas məqsədimiz o idi ki, gəncləri bir səhifə arxasına toplaya bilək. Biz ciddi jurnalistikadan gəldiyimiz üçün anlayırdıq ki, keyfiyyətli kontent hazırlamalıyıq. Müxtəlif mövzular ətrafında təkliflər etdik, müzakirələr apardıq. Və nəhayət ilk mövzumuzu "Səadət sarayı" ilə bağlı seçdik.
- Maraqlı tapıntıdır...
- Tapıntı səbəbsiz deyildi. Bir dəfə sosial şəbəkədə dostlarımızdan birinin nigah şəkillərini gördüm. Özlüyümdə düşündüm ki, əslində bu sarayın faciəvi bir tarixçəsi var. Taleyin qəribə paradoksuna bax ki, hazırda əksəriyyət orada nigaha daxil olur. Mənə maraqlı o idi ki, görəsən, bu binada nigaha daxil olanlar sarayın acı tarixindən xəbərdardılarmı? O zaman layihənin rəhbəri Kamal Bağırlı idi və mən mövzunu təklif etdim. Dedi ki, gəlin sınayaq. Bu, bizim həm ilk, həm də tarixi videomuz oldu. Videonu paylaşandan sonra sürətli baxış sayının şahidi olduq və anladıq ki, bizim izləyicilərimiz düşündüyümüz qədər bəsit deyil. Biz bu video ilə qalmaqallı başlıqlar, lazımsız dedi-qodular stereotipini bir növ qırmış olduq və sosial şəbəkə izləyicilərinin maraqlı məlumatlara ehtiyacı olduğunu gördük. Beləliklə, mövzu dairəmiz genişlənməyə başladı. Milli qəhrəmanlar, şəhərin tarixi binaları, görkəmli şəxsiyyətlərimiz haqqında araşdırmalara başladıq və bir də gördük ki, heç demə "Belə-belə işlər"in yolunu insanlar çoxdan gözləyirmiş.
- Yəni düşünmədiyiniz halda layihə tanınmağa və sevilməyə başladı...
- Düzü, bu layihə ilə paralel başqa bir sayta redaktor kimi dəvət almışdım. Mənim üçün yeni bir sahə olduğu üçün ikisi arasında tərəddüd içində qalmışdım. Həm sahə, həm komanda yeni olmaqla bərabər, sosial şəbəkə o zaman mənə yad idi. Bununla belə, içimdəki bir hiss özümü sınamağa səsləyirdi məni. Necə deyərlər, hissimin səsinə qulaq asdım və başlanğıcda mənə yad olan bu sahədə özümüzü təsdiq edə bildik. Qısa bir zamanda geniş izləyici sayı qazanacağımız təbii ki, əvvəlcədən ağlımıza belə, gəlməmişdi. Bu gün artıq sənədli filmlər hazırlayırıq. Yarandığı vaxtdan iki il sonra sosial şəbəkədən televiziyaya çıxdıq. Bu, Azərbaycanda ilk sosial media layihəsidir ki, dövlət televiziyasına qədər böyüdü. Bir məqamı xüsusi olaraq vurğulamaq mütləqdir. Biz Azərbaycanda sosial şəbəkə izləyicisinin çox keyfiyyətli kontentə baxmaq istəyini "Belə-belə işlər"lə kəşf etdik. Düzü, bu, bizim özümüz üçün də tapıntı idi. Bu gün bizim bir milyondan artıq izləyicimiz var. Onları bilirsiniz necə qazanmışıq? Yarandığımız gündən indiyədək biz gələn rəylərin hamısını oxuyuruq və izləyici bizə istiqamət verir. Bir çox videolarımız var ki, onun ideyasını izləyicilərimizdən almışıq və onlardan gələn təkliflərə həmişə diqqətlə yanaşmışıq. Bizim üçün izləyicinin fikri, rəyi çox önəmlidir. Əsas uğurumuzun səbəbi də elə budur.
- Mövzuların seçimi...
- Hamını maraqlandıran bu sualla tez-tez qarşılaşırıq. Əksəriyyət düşünür ki, bizə kimsə mövzunu təqdim edir. Elə bir şey yoxdur. Hazırda on nəfərlik bir komanda ilə çalışırıq. Onların bir qismi "Böyledir bu işler" layihəsi üzərində çalışır ki, bunu sırf Türkiyə izləyicisi seyr edir və orada çalışanlar türk əməkdaşlarıdır. Mövzuları özümüz oxuyub tapırıq. "Belə-belə işlər" artıq bizim həyat tərzimizə çevrilib. Məsələn, mən nə romantik bir kitab oxuya və ya filmə baxa bilirəm. Mütləq ya tarixə, ya da real hadisələrə əsaslanan kitablar, filmlər olmalıdır ki, bunları mütəliə edərək mövzuları seçirik. İş o yerə çatıb ki, asudə vaxtımızı da mövzu axtarmağa sərf edirik. Yəni mövzular bir komanda daxilində təklif olunur, müzakirə edilir və Azərbaycan tamaşaçısı üçün maraqlı olduğunu dəqiqləşdirdikdən sonra ərsəyə gətiririk. Əsas istiqamətimiz isə gündəmi tutmaqdır.
- Tamaşaçıların mütləq şəkildə bilməli olduğunu hesab etdiyiniz mövzular...
- Əlbəttə var və olacaq da... Bu, bizim tariximizlə bağlı mövzulardır, xüsusilə də Qarabağla bağlı mövzulara çox həssaslıqla yanaşırıq. Bu mövzuları təkcə Azərbaycan dilində deyil, başqa dillərdə də hazırlamağa çalışırıq. Bu, sırf özümüzlə bağlı mövzulardır. Amma düşünürəm ki, bu günə qədər hazırladığımız 2500-dən artıq müxtəlif səpkili mövzuların hamısını izləyicilərimizin bilməyi daha yaxşıdır.
- Sizi izlədikcə adama elə gəlir ki, "Belə-belə işlər" artıq bir yaddaş layihəsinə çevrilib...
- Bunu öz aramızda da danışırıq. Olub ki, bölgələrimizdə faəliyyət göstərən müəllimlərdən biri Hüseyn Cavidlə bağlı videonu dərs vəsaiti kimi göstərmək üçün bizə müraciət edib. "Belə-belə işlər"in "Leyli və Məcnun" operası haqqında hazırladığı video Təhsil Nazirliyi tərəfindən yeddinci sinif dərsliklərinə salınıb. Layihəmizin videoları alban dilinə tərcümə edilərək Albaniyanın dövlət televiziyasında yayımlanıb. Qarabağ məsələsindən savayı, digər videolarımız da var ki, müxtəlif səfirliklərimiz tərəfindən nümayiş etdirilir. Bütün bunlar deməyə əsas verir ki, "Belə-belə işlər" artıq Azərbaycanın onlayn ensiklopediyasına çevrilib və sabah biz olmasaq belə, bu videolar qalacaq. Buna həm sevinirik, həm də məsuliyyətimizin artdığını hiss edirik. Seçdiyimiz mövzularda, araşdırmalarımızda daha dəqiq və diqqətli olmağa çalışırıq.
- Yaradıcılığınızda belə bir keçid prosesi var - sənədli filmlər. Yəqin ki, bu keçid labüd idi...
- Bəli, əslində labüd idi. Azərbaycan televiziya kanallarında tarixi mövzularla bağlı çox gözəl sənədli filmlər hazırlayanlar var və onları maraqla izləyirik də. Lakin gördük ki, bu sahədə sosial şəbəkələrdə bir boşluq var. Biz riskə gedərək bu işə başlamaq qərarına gəldik və yanılmadığımızı gördük. Yəqin bilirsiniz ki, TRT kanalından sonra Nargin adasına jurnalistlərdən heç kəs getməmişdi. Biz getdik, "Cəhənnəm adası Nargin" sənədli filmini çəkdik.
- O adaya getməyin özü böyük cəsarət tələb edir...
- O adaya daxil olanda insan cəsarətli olduğunu unudur. Ada boyu səpələnən sümüklər, insan kəllərini görmək, çəkmək - bunları görəndən sonra uzun müddət özümüzə gələ bilmədik. İyirmi dəqiqəlik filmi sosial şəbəkəyə yerləşdirdiyimiz gün dörd yüz min baxış sayı topladıq və anladıq ki, insanların sənədli filmlərə marağı var.
- "Əsirlikdə 8 gün", "Xocalı: əsir uşaqlıq"... Çox ağır mövzulara üz tutmusunuz...
- Ağır da olsa, bütün hisslərimizi, duyğusallığımızı bir kənara qoyaraq, tariximizi yaşatmaq, olanları gələcək nəsillərə çatdırmaq üçün soyuqqanlı görünməyə, hadisələrə peşəmizə uyğun şəkildə yanaşmağa məcburuq. Əslində sənədli filmlərə qədər "Belə-belə işlər"də bir çox Xocalı şahidlərilə müsahibələr hazırlamışdıq. Lakin filmdə bu şahidin iştirakı ilə o yerlərə getmək, onun saxlanıldığı hücrəyə daxil olmaq çox çətin idi. Dürdanə Ağayeva xəstəliyini yeni öyrəndiyi zaman özü zəng vurub dedi ki, heç vaxt heç kimə danışmadığımı sizə danışmaq istəyirəm, bir növ ürəyini boşaltmaq istəyirdi. Təbii ki, razılaşdıq. Mənim üçün qadın olaraq bir qadından eşitdiklərim olduqca ağır idi. Müsahibəni hazırlayandan sonra anladıq ki, bu qadının hekayəsi eşidilməlidir. Sonra CVN komandası olaraq bu hekayəni canlandırmaq qərarına gəldik. Film böyük maraqla qarşılandı. İstər baş rolun ifaçısı Lalə Süleymanovanın, istər filmin rejissoru Vüsal Əhmədzadənin sayəsində yaxşı bir film ərsəyə gəldi. Filmin çəkilişlərində özüm də iştirak edirdim. Bir məqamı qeyd etmək istəyirəm. Lalə Süleymanova Dürdanə Ağayevanın müsahibələrinə baxırdı və onun dediklərini növbəti çəkiliş səhnələrinə həmin anları əlavə edirdi. Bütün bunlar bir insan olaraq bütün çəkiliş qrupuna təsir etməyə bilməzdi.
- Bununla belə "Xocalı: əsir uşaqlıq" sənədli filmini də çəkdiniz...
- Bəli, çəkdik... Təsəvvür edin ki, müsahibədən bir gün əvvəl həmin adam hara gedəcəyimizi, nə çəkəcəyimizi bilirdi və mən də ona uyğun planımı qurmuşdum, lakin yaşanan hadisə hər şeyin məcrasını dəyişdi. Əsirlikdə olduğu hücrəyə daxil olanda o, on dörd yaşlı bir uşağa çevrildi, yerə oturaraq illər öncə yaşadığı qorxunu yenidən yaşamağa başladı, gözlərinin işığı söndü. Danışdıqca ağlamağa başladı. O ağladıqca mən də, operator da göz yaşlarımızı saxlaya bilmirdik. Bütün bu yaşananlarla bərabər, onu da dərk edirdik ki, bu işlər görülməlidir, yaşadılmalıdır və unudulmamalıdır.
- Ekran arxasındakı, layihələrdəki Səbinə Məlikova və onlardan kənardakı Səbinə...
- Bu iki Səbinə bir-birindən o qədər də fərqli deyil. Birincisi işinin xarakterinə uyğun ciddi olsa da, tamaşaçının görə bilmədiyi Səbinə daha şən, zarafatcıl, daha enerjilidir. Bunu məni tanıyanlar yaxşı bilirlər.
- İki həmkar söhbət edirsə, bu sual mütləq səslənməlidir. Azərbaycan mətbuatının bu günü...
- Sırf peşəkarlıq baxımından mətbuatımızın bu günü məni qane etmir. Jurnalistikaya gəldiyim dövrlə bu günü müqayisə etsəm, görürəm ki, artıq o deyil. Jurnalistləri danışdırsaq, müxtəlif səbəblər gətirə bilərlər. Mənim nəzərimdə istənilən halda peşəkarlıq ən vacib nöqtədir. Təəssüf ki, bu gün jurnalistikada qeyri-peşəkarlar daha çoxdur. Bu da məni üzür...
SÖZARDI: Bəlkə də zəmanənin ən böyük paradokslarında biri də budur ki, informasiya çoxaldıqca, sözün məsuliyyəti azalır. Jurnalistika yalnız xəbər çatdırmaq deyil, jurnalistika həm də sözə sahib çıxmaqdır, çünki hər yazılan söz bir iz qoyur. Bu iz doğrumudur, ya yanlış? Sualın cavabı jurnalistin vicdanından və peşəkarlığından asılıdır. Düşünək...
Tamilla M-ZADƏ