Belə dondurmalar zəhərlənmə yarada bilər Açıqlama

13.08.2026

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən gün marketlərdən birində dondurmaların əridiyi və lazımi temperatur şəraitində saxlanılmadığı müşahidə olunub. Belə hallar qida məhsullarının təhlükəsizliyi və saxlanma qaydalarına nəzarət məsələsini yenidən gündəmə gətirir. Xüsusilə ərimiş dondurmanın yenidən dondurularaq satışa çıxarılması məhsulun keyfiyyətinə və təhlükəsizliyinə mənfi təsir göstərə bilər.
Bəs dondurmaların əriməsi və daha sonra yenidən dondurulması istehlakçıların sağlamlığı üçün hansı risklər yaradır? Marketlər dondurmaların saxlanma temperaturuna və satış şəraitinə necə nəzarət etməlidir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən qida eksperti Ağa Salamov bildirib ki, dondurmalar soyuq qida zəncirinin tələblərinə uyğun şəkildə qorunaraq qida zəncirinin sonuna, yəni istehlakçıya təqdim olunmalıdır.
Onun sözlərinə görə, istehlakçı aldığı dondurmanı sağlam və çirklənməmiş şəkildə, bakterial və mikrobioloji çirklənməyə məruz qalmadan istehlak etməlidir:
“Dondurma riskli məhsul olduğundan, onun düzgün saxlanılmaması qida zəhərlənmələri ilə bağlı risklərin yaranmasına səbəb ola bilər.
Bunun üçün ilk növbədə istehsalçı məsuliyyətli olmalıdır. İstehsalçı dondurmaların qida zəncirinin bütün mərhələlərində, istehlakçıya təqdim olunana qədər müvafiq şəraitdə saxlanılmasına nəzarət etməlidir. İstehsalçılar marketlərdə öz məhsulları üçün nəzərdə tutulmuş dondurucuların istifadəsini təmin etməlidirlər.
Bəzən müxtəlif şirkətlərə aid məhsulların eyni dondurucularda saxlanıldığı müşahidə olunur. Bu halın özü hər zaman problem yaratmasa da, istehsalçı öz dondurmalarını marketə təqdim etdikdən sonra həmin məhsulların saxlanma şəraitinə nəzarətin gücləndirilməsi vacibdir. Məhsulların hansı şəraitdə saxlanıldığına diqqət yetirilməli, dondurmanın əridilərək yenidən istehlakçıya təqdim edilməsinin qarşısı alınmalıdır.
Məsələnin digər mühüm tərəfi isə dondurmaların ərimədən, sağlam vəziyyətdə və qablaşdırılması deformasiya olunmadan marketlərə çatdırılmasıdır.
Hər hansı dondurma istehsalçısı ərimiş məhsulları marketə göndərərsə, məhsulu qəbul edən anbar müdirinin də qida təhlükəsizliyi ilə bağlı zəruri biliklərə malik olması vacibdir. Çünki anbar müdiri yalnız qeyri-qida məhsullarını deyil, həmçinin qida və riskli qida məhsullarını da qəbul edir.
Məhsulun hansı temperaturda və şəraitdə gətirildiyi, eləcə də qəbul zamanı hansı vəziyyətdə olduğu yoxlanılmalıdır. Məhsulun ərimiş olub-olmaması və tələblərə uyğunluğu nəzərə alınmalı, tələblərə cavab verməyən məhsulların qəbuluna yol verilməməlidir.
Eyni zamanda, məhsulların market daxilində yerləşdirilməsinə cavabdeh olan şəxslərin də qida təhlükəsizliyi ilə bağlı zəruri biliklərə malik olması vacibdir. Onlar qida zəncirində məhsulların qorunması və saxlanması qaydalarına əməl olunmasına nəzarət etməlidirlər.
Qida zəncirinin hər mərhələsində məsuliyyətin təmin edilməsi vacibdir. İstehsalçıdan başlayaraq məhsulu qəbul edən anbar əməkdaşına, marketdə məhsulların yerləşdirilməsinə və satışına nəzarət edən şəxslərə qədər hər kəs öz üzərinə düşən məsuliyyəti düzgün yerinə yetirməlidir.
Qida zəhərlənmələri zamanı risk qrupuna hamilə qadınlar, uşaqlar, yaşlılar, immun sistemi zəif olan şəxslər və kimyaterapiya alan xəstələr daxildir. Bununla yanaşı, sağlam insanların da qida zəhərlənməsinə məruz qalma riski var. Bu baxımdan, dondurmaların saxlanma və təqdim olunma şəraitinə ciddi nəzarət edilməsi, soyuq zəncirin qorunması və ərimiş məhsulların yenidən dondurularaq satışa çıxarılmasının qarşısının alınması vacibdir.
Dondurmanın saxlanma və təqdim olunma şəraitinə ciddi nəzarət edilməməsi qida təhlükəsizliyi baxımından risklər yarada bilər. Belə hallarda ürəkbulanma, qusma, ishal və digər narahatlıqlar yarana bilər.
Bu baxımdan, dondurmaların istehsalçıdan istehlakçıya qədər bütün mərhələlərdə soyuq zəncir tələblərinə uyğun saxlanılması və təqdim edilməsi qida təhlükəsizliyinin təmin olunması baxımından vacibdir”, - deyə ekspert fikrini tamamlayıb.
Nuray Paşşanlı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью