Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Bəzi hallarda marketlərdə dondurmaların paketinə baxdıqda onların əridikdən sonra yenidən dondurulduğunu müşahidə edirik. Bir çox şəxsi bu hal narahat etməsə də, bəzilərini düşündürür.
Bəs bu, təhlükəlidirmi?
Redaktor.az-a danışan "Refresh Group" MMC adlı Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin baş icraçı direktoru Seymur Qafarov qeyd etdi ki, yay aylarında əvəzolunmaz qida məhsullarından biri də dondurmadır.
"Baxmayaraq ki, dondurma il ərzində el şənliklərində, tədbirlərdə, korporativlərdə istifadə olunur, amma yay aylarında daha aktualdır. Bəzən bu məhsullar saxlanıldığı dondurucuda bir dəfə müəyyən texniki səbəbdən və ya daşınma zamanı defrost olunmuş olur. Yəni buzdan ayrılır, əriyir. Əridikdən sonra isə dondurucuya qoyularaq yenidən dondurulur. Bu zaman həm qablaşdırma materialının özündə müəyyən deformasiyalar ola bilir, həm məhsul öz tamlığını, bütövlüyünü itirir. Eyni zamanda defrost olub yenidən dondurulduğundan su aktivliyi artır, keyfiyyətini itirir və müəyyən qida təhlükəsizliyi ilə bağlı risklər yaranır. Ona görə də bu cür məhsulların alınmasından qətiyyən imtina olunmalıdır. Məhsulu ələ götürdükdə onun üzərindəki şəklə və xarici görünüşünə, qablaşdırmasına baxaraq belə bir halın olub-olmadığını müəyyən etmək olar. Şəffaf qablaşdırmalarda bunu vizual baxışla müşahidə etmək mümkündür".
Müsahibimiz vurğuladı ki, əgər məhsulu açdıqdan sonra belə bir hal aşkar olunarsa, dərhal məhsulu alındıqdan sonra əldə olunan qəbzlə birlikdə Qida Təhlükəsizliyi haqqında qanunvericiliyin və eyni zamanda İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında qanunun tələblərinə uyğun olaraq satın alındığı yerə geri qaytarmaq olar:
"Bu məhsulların təhlükəli olması ilə bağlı vacib məqamlardan biri də bəzən istəmədən də olsa, malların boşaldılması ərəfəsində bağlı qutuların günəş şüası altında qalmasıdır. Bu da dondurmanın əriməsinə səbəb olur. Ona görə də bu cür məhsulların alınmasından imtina olunmalıdır. Dondurmada hər hansı fiziki çirklənmə, yad cisim və ya qablaşdırma materialının hissəsi görünərsə, belə məhsulların alınmasından da dərhal imtina olunmalıdır".
Aytəkin TOFİQQIZI