Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Əhməd Nəqibzadə: «İslam Respublikasının süqutundan narahatam; Qalibaf bütün variantlardan daha yaxşıdır...»
Tehran Universitetinin siyasi elmlər üzrə müəllimi Əhməd Nəqibzadə hesab edir ki, qarşıda daha bir genişmiqyaslı müharibə gözlənilir və İslam Respublikası öz qərarvermə mexanizmini və strukturunu dəyişməzsə, «mütləq» süqut edəcək.
Moderator.az İran və digər xarici KİV-ə istinadla xəbər verir ki, Əhməd Nəqibzadə bu fikri “Euronews”a 19 avqust 2026-cı il tarixli müsahibəsində ifadə edib. Onun fikrincə, hakimiyyətin mövcud yanaşması artıq XXI əsrin şərtləri ilə uyğunlaşmır və bunun davam etdirilməsi ölkəni böhrandan çıxara bilməz.
İranın qərarvermə strukturu hazırda bir növ qeyri-müəyyənlik və hakimiyyətdəki pərakəndəliklə üz-üzədir və son qərarı kimin verdiyi məlum deyil.
Müctəba Xameneyinin son təyinatları da xarici siyasətin dəyişməsi əlamətindən daha çox, daxili repressiyaları gücləndirmək və müharibəyə hazır olduğunu nümayiş etdirmək məqsədi daşıyır.
Nəqibzadə Qalibafı hakimiyyəti idarə etmək üçün ən uyğun variant hesab edir: «Əgər əsas qərarverici o olarsa, problemi həll edə bilər. Hamıdan yaxşısı elə bu Qalibafdır».
Professorun əvvəlki açıqlamalarında da İranın daxili sosial-siyasi vəziyyəti ilə bağlı ciddi xəbərdarlıqlar səslənib. Məsələn, 2020-ci ildə onun sözlərini dərc edən İran mənbələrində ölkədə orta təbəqənin zəifləməsi və daha ciddi etirazların mümkünlüyü vurğulanırdı.
Nəqibzadə son aylarda da İranın ABŞ-la qarşıdurmasının davam etməsində İsrailin və Baş nazir Benyamin Netanyahunun roluna diqqət çəkib. O, İran-ABŞ münasibətlərində yaxın perspektivdə razılaşma üçün aydın mənzərənin olmadığını bildirib.
Onun başqa bir açıqlamasında isə ölkənin təhlükəsizlik və hərbi siyasətdə özünü beynəlxalq sistem üçün «təhlükəli aktor» kimi təqdim etməsinin nəticələrinin ağır ola biləcəyi barədə xəbərdarlıq etdiyi görünür.
Beləliklə, professorun mövqeyinə görə, İranın qarşısında əsas məsələ yalnız xarici təzyiqlər və mümkün müharibə deyil, həm də ölkə daxilində qərarvermə mexanizminin, idarəçilik modelinin və siyasi yanaşmaların dəyişdirilməsidir.
Qeyd edək ki, Nəqibzadənin Qalibafla bağlı fikirləri onun şəxsi siyasi qiymətləndirməsidir və bu mövqenin İran hakimiyyətinin rəsmi mövqeyini ifadə etdiyi anlamına gəlmir...
S.Laçın