Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Ölkədə əsas investisiya qoyulmalı olan sahələrdən biri də kənd təsərrüfatıdır.
Son illər kənd təsərrüfatı məhsullarının istehsalında azalma müşahidə olunur. Belə ki, əvvəlki illərlə müqayisədə bu il geriləmə tendensiyası daha sürətlə davam edir. Ərzaq məhsullarının ixrac həcminin də ildən-ilə azalması müşahidə edilir.
Əhalinin əsas gündəlik zəruri ərzaq ehtiyacı olan kartof və soğanın da istehsalında azalma müşahidə olunur. Kənd təsərrüfatına diqqətin artırılması parlamenin bugünkü iclasında da səsləndirilib.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov “Cebheinfo.az”-a bildirib ki, hökumətin hələ də aqrar sahə ilə bağlı strategiyası yoxdur:
“Xüsusən 2007-ci ildən bəri aqrar sahəyə böyük məbləğdə subsidiya ayrılıb, amma araşdırmalar göstərir ki, subsidiya ayrıldıqdan sonra da bu sahədə inkişaf yoxdur. Ölkə başçısı da qeyd edib ki, bu subsidiyaların çoxu məmurların cibinə gedib. Sahəni bilən kəndlilər kənarda qalıb.
Onlar istehsal vasitələri çatışmazlığı səbəbindən istehsalla məşğul ola bilmirlər. Ölkədə uzun illərdir su problemi var. İllərdir təkliflər verilir, amma irəliləyiş yoxdur.
Azərbaycanda, ümumiyyətlə, seleksiya və toxum istehsalı ilə məşğul olunmur. Adi kartof yumrularından toxum materialı kimi istifadə edirlər. 2005–2025-ci illəri müqayisə etdikdə kartof istehsalında təxminən yüz min tona qədər azalma var. Baxmayaraq ki, bu illər ərzində ölkə əhalisinin sayı iki milyona yaxın artıb və tələbat da artmalı idi”.
Ekspert istehsalın azalmasında əsas səbəblərdən danışıb:
“Mütəxəssis olmadan, aqrar sahəni inkişaf etdirmək mümkün deyil. Təxminən iki yüz min tona qədər kartofu xaricdən gətiririk. Bu, bəzi illər azalır, bəzi illər isə artır. Ölkədə tələbatı ödəyəcək qədər kartof istehsal olunmur. Ölkə özü məhsulu lazımi həcmdə istehsal edə bilmirsə, idxal da bir o qədər artır”.
Ekspert qeyd edir ki, 2025-ci ildə yeyinti məhsullarının idxalı 2,6 dəfə artıb:
“Hər il əvvəlki ilə nisbətən bu idxalın həcmi daha da artır. Kənd Təsərrüfatı Nazirliyinin əsas vəzifəsi ölkə əhalisinin yeyinti məhsullarına olan tələbatını təmin etməkdən ibarət olmalıdır.
Digər ölkələrdən fərqli olaraq Azərbaycanın üstünlüyü ondan ibarətdir ki, burada ildə iki dəfə məhsul götürmək olar. Hətta bəzi məhsulları ildə üç dəfə də götürmək mümkündür.
Suya olan tələbatı dövlət təmin edə bilmirsə, kəndli nə etsin?
Ölkə əhalisinin ərzaqla təminatı çox önəmli məsələdir. Hazırda ölkədə iqtisadi vəziyyət ağırdır. Çünki neft gəlirləri azalır, kənd təsərrüfatına lazımi investisiyalar edilməyib və bu vəsaitlərin bir hissəsi məmurlar tərəfindən mənimsənilib.
Ölkədə su problemi getdikcə dərinləşir, toxum istehsalı və seleksiya işi təşkil olunmayıb, heyvandarlıq sahəsində də vəziyyət çox ağırdır”.
Aişə Abdulova
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin