Belə görsənir ki, əsl mübarizə məlumat uğrunda gedəcək Rəy

21.09.2026

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Süni intellektin üstünlüyü aydındır. O, yorulmur. Sizi mühakimə etmir. Gecə saat üçdə də cavab verir. Çoxsaylı dini mətnləri saniyələr ərzində müqayisə edə bilir. Utandığınız bir sualı ona vermək psixoloji baxımdan bir insana verməkdən daha asandır”.

Bunu 525.az-a millət vəkili Tahir Mirkişili söyləyib. Millət vəkili vurğulayıb ki, Hindistanda artıq Bhagavad Gita əsasında məsləhətlər verən GitaGPT kimi sistemlər mövcuddur. Katolik dünyasında proses daha da irəli gedib. magisterium AI adlı sistem Katolik Kilsəsinin minlərlə rəsmi və teoloji sənədini süni intellekt üçün əlçatan hala gətirib. Platformanın məlumatına görə, sistem 190-dan çox ölkədə, 75-dən artıq dildə istifadə olunur və 26 mindən çox kilsə sənədinə istinad edə bilir. Daha iddialı layihələri isə katolik dəyərlərinə uyğun ayrıca dil modeli yaratmaqdır. Bu artıq sadəcə “dində Sİ-dən istifadə” deyil. Bu, dinin öz süni intellektini yaratmasıdır:

“İslam dünyasındakı yanaşma xüsusilə maraqlıdır. Misirin nüfuzlu Dar al-Ifta qurumu 2026-cı ilin yanvarında iki mühüm mövqe açıqlayıb. Birincisi, AI-nin elektron Quran nüsxələri və süni qiraətlərin hazırlanmasında köməkçi vasitə kimi istifadəsini, mütəxəssis yoxlaması şərtilə, mümkün hesab edib.  Amma eyni qurum başqa qərarında Quran təfsirinin bütövlükdə ChatGPT və oxşar süni intellekt sistemlərinə həvalə edilməsini qəbul etməyib və dini mətnlərin şərhində mütəxəssis alimlərin rolunu vurğulayıb. Bu yanaşma gələcəyin modelini çox yaxşı göstərir: Sİ dini biliyə çatma vasitəsi ola bilər, amma dini avtoritetin özü olmamalıdır. Bu fərq olduqca mühümdür. Belə görsənir ki, əsl mübarizə məlumat uğrunda gedəcək. Burada məsələnin ən maraqlı tərəfi ortaya çıxır. Gələcəkdə dini təşkilatlar yalnız insanların nəyə inanması ilə deyil, süni intellektin din haqqında nə öyrənməsi ilə də maraqlanmalı olacaqlar. Çünki milyardlarla insan dünyanı getdikcə Sİ vasitəsilə öyrənəcəksə, hansı məlumatların həmin modellərə daxil olması strateji əhəmiyyət daşıyacaq”.

Sevinc Qarayeva
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью