Belə xanımın obrazını yaratmaq böyük şərəf idi

13.11.2026

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

1988-ci ildə Azərbaycanda başlayan hadisələr ölkəmizin tarixində, insanlarımızın həyatında dərin izlər buraxdı. Qarabağ münaqişəsi qısa müddətdə minlərlə insanın taleyini dəyişdi, onları doğma yurdlarından didərgin saldı. Doğma yurd-yuvasını tərk edən insanların əksəriyyəti tezliklə geri dönəcəklərinə inanırdılar. Buna görə də çoxu evlərinin işıqlarını söndürüb, qapılarını bağlayaraq yalnız açarlarını götürüb yola çıxmışdı. Onlar bu gedişin müvəqqəti olduğuna, tezliklə doğma evlərinə qayıdacaqlarına ümid edirdilər. Lakin zaman keçdikcə onların getdiyi yolları ot basdı, ev-eşikləri talan edildi, yurd yerləri xarabalığa çevrildi. Düşmən elə düşünürdü ki, bu vəziyyət beləcə davam edəcək, xalqımızın mədəniyyətini, tarixini, milli-mənəvi dəyərlərini məhv etməklə onu öz köklərindən qopara biləcək.

Amma bu illər ərzində Qarabağ kəlməsini yalnız dilimizdə deyil, dünyanın hər yerində səsləndirən, onun unudulmasına imkan verməyən bir xalqın iradəsi və mübarizə əzmi daha da gücləndi. Ölkə rəhbərliyindən tutmuş sıravi vətəndaşlara qədər hər kəs Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, torpaqlarımızın azadlığı naminə öz imkanları daxilində mübarizə apardı. Çadırlarda, vaqonlarda böyüyən, Vaqifin, Xan qızı Natəvanın şeirlərini əzbərləyən, Üzeyir bəyin əsərlərindən ruhlanan, qəlbində Qarabağ sevgisi və torpaq həsrəti ilə yaşayan bir nəsil yetişdi. Nəhayət, "90-cı illərin uşaqları" adlandırılan həmin nəsil torpaqlarımızın azadlığı uğrunda döyüşdü və qələbənin qazanılmasında mühüm rol oynadı. Bu mübarizədə qurbanlar verdik, şəhidlərimiz oldu, qazilərimiz yaralandı, sağlamlığını itirənlərimiz oldu. Lakin xalqımız öz doğma torpaqlarına sahib çıxdı.

Həmin şanlı Zəfərdən altı il ötür. Sular durulub öz məcrasına qayıtsa da, bu qələbəni həzm edə bilməyənlər hələ də çoxdur. Ötən həftə 44 günlük müharibədə qazandığımız qələbəni bir daha yaşadıq, qeyd etdik, o günlərə bir daha qayıtdıq və gördük ki, həqiqətən də, "El bir olsa, dağ oynayar yerindən".

Tariximizin yaddaşlarda yaşaması, yeni nəslin milli-mənəvi dəyərlər əsasında formalaşması naminə bütün sahələrdə atılan addımlar təqdirəlayiqdir. Bu baxımdan Azərbaycan Milli İncəsənət Muzeyində həyata keçirilən "Muzeydə kino" layihəsini belə uğurlardan hesab etmək olar. Həftəsonları şəhər sakinlərinə və qonaqlara təqdim olunan milli filmlərimiz layihənin tamaşaçı auditoriyasını genişləndirir.

Ötən həftə bu layihə çərçivəsində "Xan qızı Xurşidbanu Natəvan" sənədli filminin nümayişi oldu. Zəfər Günü ərəfəsində Xan qızını xatırlamaq Qarabağın tarixinə və mədəni irsinə olan sevginin və marağın bariz nümunəsidir. Filmdə ən diqqətçəkən məqam Xan qızının obrazının tanınmış rəssam-modelyer, dizayner, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova tərəfindən canlandırılmasıdır.

Filmin çəkilişi barədə əvvəlcədən eşitmişdik. Nümayişə bizi də Fəxriyyə xanım dəvət etmişdi. Kifayət qədər insanın qatıldığı tədbir Xurşidbanu Natəvanın portreti qarşısında başladı. Muzeydə təşkil olunan iki fərdi sərgi ilə tanış olan iştirakçılara sonda "Xan qızı Xurşidbanu Natəvan" filmi nümayiş etdirildi. Filmdə Xan qızının həyatına, yaradıcılığına, Qarabağın tarixi-mədəni irsinə, həmin dövrün milli və ənənəvi geyim mədəniyyətinə geniş yer verildiyindən tamaşaçı bu mövzular haqqında müəyyən təsəvvür əldə edə bilir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, filmin çəkilişləri 2022-ci ildə Şuşada, Ağdamda, Şahbulaq qalasında, şairənin dağıdılmış evində aparılıb. Düşmənin amansızcasına viran qoyduğu mənzərələrə baxanda inanmaq olmur ki, müasir dünyada belə qəddar vandalizmə əl atan insanlar var. Filmdə şairənin nəsil şəcərəsinin davamçıları eşidib-bildikləri məlumatlarla tamaşaçılarda Xurşidbanu Natəvan haqqında dolğun təsəvvür yaratmağa çalışırlar.

Filmlə bağlı bir neçə sualın cavabını Xan qızının obrazını yaradan Fəxriyyə xanım Xələfovadan eşitməyin daha maraqlı olacağını düşünərək ona müraciət etdik:

- Yadımdadır, 1980-ci illərin əvvəlində Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin pyesi əsasında "Xurşidbanu Natəvan" tamaşaya qoyulmuşdu. Ulu öndər Heydər Əliyevin iştirak etdiyi tamaşanın premyerasına anam Rəfiqə xanım Əliyeva ilə birlikdə getmişdim. Xan qızını Xalq artisti Amaliya Pənahova oynayırdı və gənc yaşlarımda həmin tamaşadan aldığım təəssürat hələ də yaddaşımdadır. 2022-ci ildə Xurşidbanu Natəvanın 190 illik yubileyi idi. Həmin ilin əvvəlində çox yaxşı tanıdığım folklorşünas alim, şairə-publisist Fəridə Hicran mənə illər öncə yazdığı "Xurşidbanu Natəvan" poemasını göstərdi. Söhbət əsnasında məsləhətləşdik ki, bu poema əsasında bir sənədli film yarada bilərikmi? Öz növbəmdə düşündüm ki, illərlə televiziya sahəsində qazandığım təcrübədən, həm teatrda, həm də filmlərdə geyim üzrə rəssam kimi əldə etdiyim biliklərdən tam istifadə etməklə bu işə başlamaq olar. Beləliklə, Fəridə Hicran Xan qızı Natəvanla qohumluq bağları olan, günümüzə qədər nəsildən-nəslə ötürülən xatirələri yaşadan insanları axtarıb tapdı. Filmdə onların danışdığı xatirələr sırf şairənin həyatı ilə bağlıdır. Danışanlar arasında mən də varam, çünki atam Rafiq Xələfov əslən Şuşadandır və Qarabağın tanınmış Xələfbəyovlar nəslinin Xurşidbanu Natəvanla qohumluq əlaqələri var.

HAŞİYƏ: "Kiçik yaşlarımda da, gənclik illərimdə də Şuşaya mütəmadi gedərdik. Orada çoxlu qohumlarımız vardı, onlara qonaq gedər, maraqlı vaxt keçirərdik. Atamgilə məxsus olan mülk bəy evləri siyahısında idi və sovet dönəmində müsadirə olunmuşdu. Müstəqillik illərində atam həmin mülkün qaytarılması üçün hərəkətə keçmişdi ki, məlum hadisələr baş verdi və uzun illər Şuşadan ayrı qaldıq. Sonuncu dəfə 1986-cı ildə olduğum Şuşaya müharibədən sonra, 2022-ci ilin may ayında Şuşa icmasının nümayəndələri ilə birlikdə getdim. Yarıdağılmış vəziyyətdə olsa da, o bəy evini gördüm, əlimi divarlarına sürtdüm. Təəssüf ki, onu bərpa etmək mümkün deyil" (Fəxriyyə Xələfovanın bu ilin martında "525-ci qəzet"ə verdiyi müsahibədən).

Xurşidbanu Natəvan xalq arasında sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızı, lirik şeirlərin müəllifi, rəssam, xeyriyyəçi, Şuşaya su çəkdirən, həmişə xalqının yanında olan, torpağına sevgisini hər şeydən üstün tutan bir xanım kimi yaddaşlarda qalıb.

Xan qızı haqqında arxiv materialları azdır. Biz onları topladıq və istədik ki, tamaşaçıda bu xanım haqqında dolğun təsəvvür yaransın. Düşündük ki, Xan qızının Qarabağ həyatı filmi seyr edənlərə daha maraqlı olacaq. Çəkilişlərə hazırlıq zamanı gördük ki, bu günə qədər onun haqqında çəkilmiş iki televiziya filmi var. Oradan işğala qədərki Şuşanın, Xurşidbanu Natəvanın evinin görüntülərini, portretini, muzeylərin kadrlarını əldə edə bildik. Yaradıcı heyət belə qərara gəldi ki, Xan qızı haqqında film çəkiriksə, orada onun obrazı mütləq şəkildə öz əksini tapmalıdır. Gözləmədiyim halda həm rejissor, həm redaktor, həm də poemanın müəllifi Fəridə Hicran tərəfindən filmdə Xurşidbanu Natəvan obrazını canlandırmaq mənə təklif olundu. Dedilər ki, milli geyimləri yaradırsınızsa, onları gözəl daşıya biləcəksiniz. Düzü, daxilən çox sevindim, çünki həyatımda iki dəfə filmə çəkilmək üçün təklif alsam da, vaxt baxımından onlardan imtina etməyə məcbur olmuşdum. İndi isə belə xanımın obrazını yaratmaq fürsətdən daha çox böyük bir şərəf idi.

2022-ci ilin dekabr ayında çəkilişlər bitdi. İstəyimiz o idi ki, film ölkə rəhbəri İlham Əliyevin doğum günündə təqdim olunsun. Çünki bu sənədli filmdə Qarabağ xanlığının tarixi, Xan qızının həyat yolu, erməni vəhşilərinin vandalizmi və Ali Baş Komandanın siyasəti, bacarığı sayəsində qazanılan Zəfər öz əksini tapmışdı.

Biz çəkilişlərə başlayanda nə Ağdamda, nə də Şuşada indiki qədər genişmiqyaslı bərpa işləri hələ aparılmamışdı. Çox çətin şəraitdə çəkilişləri aparırdıq. Digər tərəfdən, dağıdılan məzarlıqlara, İmarət kompleksinə, yerlə-yeksan olan Ağdama, Şuşaya göz yaşları tökmədən baxmaq mümkün deyildi. Düşünürdüm ki, bu vəhşiliyi törədənlər heç zaman insani şüura sahib ola bilməzlər. Mənim üçün ən unudulmaz məqam Şuşada Xan qızının dağıdılmış evinin içində apardığımız çəkilişlər oldu. O kadrları ilk çəkən biz olduq.

Bu illər ərzində film müxtəlif təşkilatların layihələri çərçivəsində, kinoteatrlarda nümayiş etdirilib. Amma Milli İncəsənət Muzeyinin təşəbbüsü ilə "Muzeydə kino" layihəsində filmin nümayişi mənim üçün fərqli oldu. Əvvəla, film Zəfər Günü ərəfəsində nümayiş olundu, digər tərəfdən, Xan qızı Xurşidbanu Natəvanın portreti məhz bu muzeydə saxlanılır. Uzun illər Xan qızının dağıdılmış büstü bu muzeyin həyətində öz torpağına qayıdacağı günü gözlədi. Bütün bunların mənim üçün xüsusi əhəmiyyəti var.

Diqqətlə Xan qızının həyatına nəzər salsaq, görərik ki, 65 il ömür sürən bu xanımın taleyinə yazılan ən böyük qismət onun Qarabağ xanlığının sonuncu xanı Mehdiqulu xanın övladı və varisi olmasıdır. Üstəlik, onun digər bacarıq və istedadı bir Azərbaycan xanımının nələrə qadir olduğunu göstərir. Düşünürəm ki, Xan qızına maraq həmişə olub və olacaq da. Bizim də dörd il əvvəl ərsəyə gətirdiyimiz film əgər bu gün də tamaşaçı tərəfindən maraqla qarşılanır və izlənirsə, deməli, biz də öz töhfəmizi verə bilmişik.

Qarabağ və müharibə mövzusu bu xalqın tarixində müəyyən bir dövrü əhatə edən hadisələrin məcmusu deyil. Bu mövzu illərlə xalqın taleyinə, yaddaşına, düşüncəsinə hopan, ağrı-acı ilə dolu bir həqiqətdir, tarixin unudulmayan səhifələridir. Uzun illər keçdi, amma nə yurd həsrəti azaldı, nə də Qarabağ nisgili yaddaşlardan silindi. Bu həsrət və nisgilə Zəfər son qoysa da, bundan sonra yazılacaq kitablar da, çəkiləcək filmlər də bu mövzunu tamamlamayacaq. Çünki heç nə unudulmur...

Tamilla M-ZADƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью