Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rəqiblər, xüsusilə də Dortmund "Borussiya"sı bizdən xeyli güclüdür. Fərdi planda daha keyfiyyətli futbolçulara sahibdirlər. Bununla belə, komandamız müdafiə olunmaqla yanaşı, hücum etməyə, kombinasiyalar qurmağa və hesabı bərabərləşdirməyə çalışdı. Təəssüf ki, alınmadı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında "Sabah"ın idman direktoru İqor Ponomaryov komandanın UEFA Çempionlar Liqasındakı çıxışı barədə danışarkən deyib.
Azərbaycan çempionu liqa mərhələsinin IV turunda "Vikinq"in qonağı olacaq. Funksioner Norveç təmsilçisinin təhlükəli komanda olduğunu söyləyib: "Rəqib evdə qələbə qazanmağa çalışacaq və qarşılaşma gərgin mübarizə şəraitində keçəcək. Çempionlar Liqasında zəif komanda yoxdur. Hər kəs mübarizə aparır və qələbə qazanmaq istəyir. Biz də qarşıdakı oyuna ciddi hazırlaşırıq və ümid edirik ki, hər şey yaxşı olacaq".
Ponomaryov noyabrın 25-də Bakıda "Barselona"ya qarşı keçirəcəkləri qarşılaşma barədə də danışıb. O, hamının rəqibin gücünə yaxşı bələd olduğunu vurğulayıb: "Deyim ki, meydana çıxıb "Barselona"nı məğlub edəcəyik, bu, düzgün fikir olmaz. Amma bu futboldur, bəlkə də qalib gəldik. Bunu heç kim bilə bilməz. "Barselona"nın nə qədər güclü olduğunu başa düşürük. Amma biz son iki oyunda necə çıxış etdiyimizi göstərdik. "Barselona" ilə matça ciddi hazırlaşacağıq".
Klub rəsmisi "Sabah"ı dəstəkləmək üçün stadiona gələn azarkeşlərə təşəkkür edib. İdman direktoru güclü azarkeşin dəstəyinin sevindirici olduğunu bildirib.
Qeyd edək ki, üç turdan sonra aktivində 3 xal olan "Sabah" turnir cədvəlinin 25-ci pilləsində qərarlaşıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)