Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Benefisiar mülkiyyətçilərə dair mərkəzləşdirilmiş məlumat bazası - reyestri yaradılacaq.
APA-nın xəbərinə görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında benefisiar mülkiyyətçilərə dair mərkəzləşdirilmiş məlumat bazasının yardaılmasıyla əlaqədar normativ hüquqi əsasların formalaşdırılması üçün “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Valyuta tənzimi haqqında", "Kommersiya sirri haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Banklar haqqında", "Sığorta fəaliyyəti haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "İnvestisiya fondları haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, benefisiar mülkiyyətçi son nəticədə hüquqi şəxsə və ya xarici hüquqi təsisata nəzarəti həyata keçirən və ya hüquqi şəxsin, yaxud xarici hüquqi təsisatın əsl sahibi olan və (və ya) xeyrinə əməliyyat aparılan və (və ya) əqdlər bağlanılan, habelə son nəticədə hüquqi şəxs və ya xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər), nəzarət və (və ya) mülkiyyət zənciri - hüquqi şəxs və (və ya) xarici hüquqi təsisatın birinin digərini təsis etməsi, idarə etməsi, birinin digərinə nəzarət etməsi, birinin digərinin paylarına (səhmlərinə) sahib olması və (və ya) xarici hüquqi təsisatın təsis əqdinin tərəfi (xarici hüquqi təsisat təsisçisi, idarəçisi, benefisiarı (benefisiarlar qrupu), təminatçısı) və ya hüquqi şəxs və xarici hüquqi təsisat üzərində son nəticədə effektiv nəzarəti həyata keçirən digər şəxs olmasıdır.
"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, hər bir hüquqi şəxs benefisiar mülkiyyətçisi, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialı xarici hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə dürüst, dəqiq və yenilənmiş məlumatları bilməli və təsdiqedici sənədlərə (o cümlədən elektron sənədlərə) malik olmalı, qanunla nəzərdə tutulmuş hallarda və qaydada təqdim etməlidir.
Hər bir hüquqi şəxs benefisiar mülkiyyətçisi, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialı xarici hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə məlumatları özündə əks etdirən sənədləri (o cümlədən elektron sənədləri) qanunla müəyyən edilmiş qaydada saxlamalıdır.
Aşağıdakı şəxslər hüquqi şəxsin benefisiar mülkiyyətçisi hesab olunacaq: - son nəticədə hüquqi şəxsin nizamnamə kapitalının, habelə səsvermə hüququnun 10 (on) və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla malik olan (hüquqi şəxsdə iştirak paylarının bölgüsü mühüm iştirak payının mövcudluğunu istisna etmirsə) fiziki şəxs (şəxslər); - - müəyyən edilmiş fiziki şəxs (şəxslər) mövcud olmadıqda və ya bu şəxsin (şəxslərin) hüquqi şəxsin benefisiar mülkiyyətçisi olmasına dair şübhələr olduqda, hüquqi şəxsə başqa formada mövcud nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər); - əgər hüquqi şəxs üzərində iştirak payı əsasında və ya başqa formada nəzarəti həyata keçirən fiziki şəxsi müəyyən etmək mümkün deyildirsə, hüquqi şəxsə rəhbərliyi həyata keçirən fiziki şəxs (şəxslər).
Aşağıdakı şəxslər xarici hüquqi təsisatın benefisiar mülkiyyətçisi hesab olunacaq: - trastın strukturunda təsisçi, trast idarəçisi, trast təminatçısı (olduğu halda), benefisiar və ya benefisiarlar qrupu, trast üzərində effektiv nəzarəti həyata keçirən hər hansı digər fiziki şəxs (nəzarət və (və ya) mülkiyyət zənciri də daxil olmaqla); - digər növ xarici hüquqi təsisatlarda müəyyən edilmiş şəxslərlə eyni və ya oxşar hüquq və vəzifə daşıyan şəxslər.